Gərgin iş həftəsinin sonunda tələbəlik illərindən tanıdığım və hörmət etdiyim Nüşabə Sadıxlının milli kitabxanaya təşrif buyurması bütün yorğunluğumu canımdan çıxardı. Nə gizlədim, bir vaxtlar müəllimim olmuş bu gözəl xanımın söhbət əsnasında mənə dəfələrlə "canım", "ürəyim" deməsi elə xoşuma gəldi ki!
İstədim deyəm ki, o, özü bir vaxtlar biz tələbələrin canı və ürəyi olub. Həmişə onun dərs saatlarını intizarla gözləmişik, mühazirələrini sevə- sevə dinləmişik, bir sözlə, onunla görüşə can atmışıq.
Yay tətilində bizə nə az, nə çox, düz yüz əlli addan ibarət dünya ədəbiyyatına aid əsər oxumağı tapşırmışdı. Onların arasında mənə ən darıxdırıcı gələn Ceyms Oldriçin az qala səkkız yüz səhifədən ibarət olan qalın cildli, yaşıl üzlü "Diplomat" əsəri idi. Etiraf edim ki, bu əsəri lap canımı dişimə tutaraq oxumuşdum. Amma Heminqueyin "Qoca və dəniz" əsərini sevərək mütaliə etmişdim. Bu siyahıda Cek Londonun "Martin İden"ini, Abbat Prevonun "Manon Lesko"sunu, Drayzerin "Amerika faciəsi"ni, "Cenni Herhardt"ını, Hötenin "Gənc Verterin iztirabları"nı, Markesin "Gözlənilən bir qətlin tarixçəsi"ni də çox bəyənmişdim.
Sentyabr ayında hamı doğma universitetə qayıtdı. Yeni tədris ilində tapşırığa əməl etməyib tətili boş- boşuna keçirən tələbələr məhşər ayağına çəkiləcəklərini zənn edib həyəcan keçirirdilər. Mənim isə heç nə vecimə deyildi. Özümə arxayın idim.Çünki kifayət qədər kitab oxumuşdum. Amma növbə mənə çatanda istər- istəməz mən də təlaş hissi keçirdim. Nüşabə xanım mənə qəfil sual verdi:
- "Qoca və dəniz" əsərində qocanın adı nə idi?
Tutulub qaldım. Beynim sanki tormozlanmışdı. Qoca balıqçının adını heç cür xatırlaya bilmirdim.
Sevimli müəllimimiz üzümə elə baxdı ki, xəcalətdən gizlənməyə yer axtardım. Elə bildim indicə məni danlayacaq, "Bəs əsəri necə oxumusan?" -deyə, qəzəblə soruşacaq. Amma gözlədiyimin tam əksi oldu. Nüşabə xanım mənə inandığını bildirib "əla" qiymət yazdı.
Çünki sevimli müəllimimiz insan psixologiyasına bələd idi. Nə qədər tələbkar olsa da, tələbələrini yaxşı tanıdığı üçün mənə qarşı belə bir jest etdi.
Onun bu jesti ən böyük yaxşılıq idi. O, bu davranışı ilə həm də böyük ürəyə və insanlara qarşı inam hissinə sahib olduğunu ifadə etdi.
Biz Nüşabə xanımdan təkcə dünya ədəbiyyatı dərsini öyrənmədik, biz ondan zəhmətsevərlik, inam, cəsarət, özgüvənlik, daxili intizam, məsuliyyət hissi kimi keyfiyyətlər də mənimsədik.
Müəllimimlə dünənki görüşüm mənə dünyaları bağışladı. Sözarası "O vaxt mən həqiqətən o əsəri oxumuşdum, sadəcə Santyaqo adını unutmuşdum"- deyib, ötənləri yada saldım. Etiraf etdim ki, Santyaqo adını sonradan ekranlarımıza ayaq açan əcnəbi seriallarında dəfələrlə eşitdim. Hər dəfə eşidəndə xəcalət hissi yaşadım. Hətta günlərin birində "Xəbərlər" proqramında Heminqueyin Santyaqo obrazının prototipinin ölməsi xəbərini eşidəndə də məyus oldum.
İllər sonra düşünürəm ki, Nüşabə Sadıxlı kimi ziyalılardan dərs almaq bizim üçün əsl xoşbəxtlik olub.
Zamanla yaşa doluruq, hafizəmiz korşalır, vaxtilə oxuduqlarımızı, hətta əzbər bildiklərimizi də unuduruq. Amma sevimli müəllimlərimizi heç vaxt unutmuruq.
Bir də özünün dediyi kimi, başqa qocalara bənzəməyən balıqçı Santyaqonu yəqin ki, ömrümün sonuna kimi unutmayacağam.