AZ

"İqlim dəyişikliyi mövzusunda təbliğat məktəblərdən başlamalıdır" – İradə Həsənova / MÜSAHİBƏ

İqlim dəyişikliyi hazırda dünyanın ən böyük problemlərindən biridir və bu mövzuda maarifləndirmə işlərinin əhəmiyyəti günü-gündən artır. Bu kontekstdə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) da əhəmiyyətli rol oynayır. Xüsusilə, gənclər və uşaqlar arasında ekoloji maarifləndirmə və iqlim dəyişikliyi mövzusunda təbliğatın gücləndirilməsi bu təşkilatların əsas hədəflərindən biridir.

QHT.az bu mövzuda "Səma və Eko" Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənovaya müraciət edib. O, iqlim dəyişikliyi ilə bağlı görülən işlərdən, COP29 çərçivəsindəki fəaliyyətlərdən və gələcək planlardan danışıb.

 

QHT.az: Sizin təşkilat COP29-dan sonra iqlim dəyişikliyi mövzusunda gənclərin maarifləndirilməsi üçün hansı tədbirlər planlaşdırır?

İradə Həsənova: "Bildiyimiz kimi, bu il yaşıl dünya naminə həmrəylik ili idi. COP29 başlamazdan əvvəl, ilin əvvəlindən bu mövzuda bir çox məktəblərdə və liseylərdə iqlim dəyişikliyi və Yaşıl Dünya naminə həmrəylik ili çərçivəsində müxtəlif tədbirlər və təlimlər keçirmişdik. Bizim təşkilat olaraq bu sahədə hələ çox işlərimiz var və gələcəkdə də bir çox təhsil müəssisələrində iqlim dəyişikliyi mövzusu ilə bağlı geniş müzakirələr aparmağı planlaşdırırıq. İqlim dəyişikliyi artıq dünya miqyasında özünü ciddi şəkildə göstərir. Məsələn, İspaniyada baş verən sel fəlakətləri və Azərbaycanın müxtəlif bölgələrində əkin sahələrini yuyub aparan yağışlar bu prosesin nəticələridir. Bu problemlərin qarşısını almaq üçün geniş təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Xüsusilə məktəblərdə və gənclər arasında bu mövzuda tədbirlər həyata keçirmək vacibdir, çünki uşaqlar bizim gələcəyimizdir.

Məsələn, bizim təşkilat olaraq Ucarda və Hacıqabulda şagirdlər üçün təlimlər keçirmişik. Uşaqlara su çatışmazlığı, şirin suların azalması, meşə yanğınları və digər problemləri izah etdikdə onların məsələnin ciddiliyini başa düşdüklərini gördük. Hacıqabulda bir şagird gölün quruması və faunanın məhv olması ilə bağlı vəziyyəti izah etdi. Bu da göstərir ki, maarifləndirmə işləri çox önəmlidir. Gələcəkdə yeni layihələr və aksiyalar keçirməyi, uşaqlarla daha sıx işləməyi və onları məlumatlandırmağı planlaşdırırıq. Məsələn, ADA Universitetində keçirilən iqlim dəyişikliyi təlimlərinə gəncləri cəlb etmişdik ki, onlar bu mövzuda məlumatlı olsunlar və gələcək tədbirlərimizdə fəal iştirak etsinlər."

 

QHT.az: Ekoloji təhsilin genişləndirilməsi və məktəblərdə iqlim mövzularının tədrisi üçün hansı tövsiyələriniz var?

İradə Həsənova: "Məncə, məktəblərdə bu mövzunun daha çox tədrisi təşkil edilməlidir. Təhsilin əsas mövzularından biri olaraq iqlim dəyişikliyi geniş şəkildə müzakirə olunmalıdır. Bununla yanaşı, təhsil müəssisələrində aksiyalar və praktiki tədbirlər keçirilməlidir ki, şagirdlər məsələnin əhəmiyyətini daha yaxşı başa düşsünlər. Bu mövzuda təbliğat işlərini artırmaq vacibdir. Xüsusilə uşaqlara iqlim dəyişikliyinin təsirlərini başa salmaq, onların iştirakını təmin etmək lazımdır. Məktəblərdə ekoloji dərnəklərin yaradılması, müəllimlərin xüsusi təlimlərdən keçirilməsi də əhəmiyyətlidir."

 

QHT.az: QHT-lərin iqlim dəyişikliyi ilə bağlı qərar qəbuletmə prosesində iştirakı nə dərəcədə önəmlidir və bu istiqamətdə hansı addımlar atılmalıdır?

İradə Həsənova: "QHT-lər vətəndaş cəmiyyətinin ən fəal üzvləridir və bu proseslərdə onların iştirakı çox önəmlidir. Qərar qəbul etmə proseslərində QHT-lərin iştirakı təmin edilməlidir, çünki maarifləndirmə və təbliğat işlərinin əsasını QHT-lər təşkil edir. Biz bu sahədə daha çox iştirak etməli, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməliyik. Bunun üçün QHT-lərə daha çox dəstək göstərilməli, onların fəaliyyətləri daha geniş çərçivədə həyata keçirilməlidir. COP29-un Azərbaycanda keçirilməsi çox vacib idi. Bu tədbir bizə iqlim dəyişikliyi ilə bağlı mövzuları daha dərindən müzakirə etmək və yeni addımlar atmaq imkanı verdi. Bu mövzu 2030-cu ilə qədər aktual olaraq qalacaq və bu istiqamətdə QHT-lərin rolu artmalıdır."

 

QHT.az: Təşəkkür edirik, İradə xanım.

İradə Həsənova: Mən də təşəkkür edirəm və ümid edirəm ki, bu mövzuda birgə səylərimiz davam edəcək.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
49
qht.az

1Mənbələr