AZ

Amerikada yeni nazirliyə DOGE adı verildi, suallar doğdu

Ötən həftə keçirilən seçkilərdə ikinci dəfə ABŞ prezidenti seçilən Donald Tramp, texnologiya milyarderi İlon Mask və keçmiş Respublikaçı Partiya prezidentliyə namizədi Vivek Ramasvaminin yeni yaradılacaq "Hökumət Effektivliyi Nazirliyi"nə (Department of Government Efficiency - DOGE) rəhbərlik edəcəyini bəyan edib.  

Valyuta.az "Euronews"a istinadən xəbər verir ki, "DOGE" qısaltması, İlon Maskın ən çox bəyəndiyi kriptovalyuta olan "Dogecoin"ə bir işarə kimi təqdim edilib. Bu ad qısa müddət əvvəl Mask tərəfindən tapılıb və onun sahibi olduğu "X" adlı sosial media platformasında elan edilib.  

Maskın bu təyinatı "Dogecoin" başda olmaqla kripto sərmayədarlarını sevindirsə də, onun bu vəzifəyə gətirilməsinin maraqların toqquşmasına səbəb olub-olmayacağı, həmçinin yeni qurumun ABŞ iqtisadiyyatına, texnologiya və kriptovalyuta sektoruna necə təsir edəcəyi suallar yaradır.  

Yeni yaradılan nazirliyin əsas vəzifələri

Donald Tramp, özünün "Truth Social" platformasında etdiyi açıqlamada bildirib ki, bu nazirlik hökumət bürokratiyasını aradan qaldırmaq, həddən artıq tənzimləmələri azaltmaq, israfçı xərcləri dayandırmaq və federal qurumların yenidən strukturlaşdırılmasını təmin etmək məqsədilə yaradılıb.  

"DOGE" adı ilə tanınan yeni qurumun detallarına dair hələlik tam məlumat yoxdur. Lakin Tramp bildirib ki, bu qurum "nazirlik" adlandırılsa da, federal bir qurum kimi fəaliyyət göstərməyəcək. Əvəzində, Ağ Ev və Büdcə İdarəetməsi ilə əməkdaşlıq edərək hökumətə "xaricdən" rəhbərlik edəcək.  

Qurumun konkret hansı sahələrdə qənaət təklif edəcəyi hələ dəqiqləşməyib. Vivek Ramasvami seçki kampaniyası zamanı Federal Təhqiqatlar Bürosu (FBI), Təhsil Nazirliyi və Nüvə Tənzimləmə Komissiyasının büdcəsini azaltmağı vəd etmişdi. Tramp isə Təhsil Nazirliyinin bağlanması ideyasını irəli sürmüşdü.  

Respublikaçılara yaxınlığı ilə tanınan "New York Post" qəzetində dərc edilmiş xəbərdə ABŞ hökumətinin 2023-cü ildə müəyyən sahələrdə israfçılığa yol verdiyi vurğulanıb. Bu xəbəri İlon Maskın təstiqləməsi "DOGE" qurumunun fəaliyyətini bu sahələrdən başlama ehtimalını artırıb.  

Məlumatlara görə ABŞ hökuməti 2023-cü ildə səhiyyə və sosial yardım proqramları çərçivəsində həyatda olmayan şəxslərə 1,3 milyard dollar məbləğində ödəniş edib. Bundan əlavə, Rusiya və Çin kimi digər ölkələrə göndərilən vəsaitlər də daxil olmaqla, elmi kriteriyalara cavab verməyən, pişik və meymunların istifadə olunduğu bir sıra təcrübələr üçün minlərlə dollar xərcləndiyi bildirilib.  

Həmçinin Co Bayden və oğlu Hanter Baydenin ötən il İrlandiyaya səfəri üçün 4 milyon dollar məbləğində xərc çəkildiyi vurğulanıb. Digər tərəfdən, əksəriyyəti istifadə olunmayan dövlət binalarına görə illik 2 milyard dollar vəsait ayrıldığı qeyd olunub.  

Rəhim

Seçilən
49
valyuta.az

1Mənbələr