AZ

"COP29, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üçün vacib bir dönüş nöqtəsi ola bilər" - Aydın Xəlilov ilə MÜSAHİBƏ

COP29, iqlim dəyişikliyi ilə bağlı müzakirələrin aparıldığı qlobal səviyyədə ən mühüm platformalardan biridir. Bu tədbir yalnız ekoloji məsələləri deyil, həm də sosial ədalət və insan hüquqları ilə bağlı məsələləri müzakirə etmək üçün geniş imkanlar yaradır. Əlilliyi olan şəxslərin hüquqlarını müdafiə etmək baxımından COP29 xüsusi əhəmiyyət kəsb edir, çünki iqlim dəyişikliyinin təsirləri bu həssas qrupun həyatına birbaşa təsir göstərir.

Bu mövzuda QHT.az olaraq suallarımızı Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzinin rəhbəri Aydın Xəlilova ünvanladıq. QHT sədri COP29-un əlilliyi olan şəxslər üçün hansı imkanlar yarada biləcəyini, ölkəmiz üçün faydalı ola biləcək beynəlxalq təcrübələri və həyata keçirilməli olan sosial tədbirləri izah etdi.

 

QHT.az: COP29-un əlilliyi olan şəxslər üçün əhəmiyyəti nədir və bu konfransın onların həyat şəraitinə necə təsir edə biləcəyini düşünürsünüz?

Aydın Xəlilov: "COP29, iqlim dəyişikliyinə qarşı mübarizə üçün qlobal səviyyədə tədbirlərin müzakirə olunduğu mühüm bir tədbirdir. İqlim dəyişikliyi nəticəsində təbii fəlakətlər, sosial-iqtisadi dəyişikliklər və digər mənfi təsirlər xüsusilə əlilliyi olan şəxslərin həyatını çətinləşdirir. Bu konfransda iqlim tədbirlərinin planlanması və icrasında əlilliyi olan şəxslərin hüquqlarının qorunması və onların ehtiyaclarının nəzərə alınması təmin olunarsa, onların həyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşa bilər. Misal üçün, fövqəladə hallar zamanı evakuasiya prosesində əlilliyi olan şəxslər üçün xüsusi strategiyalar tətbiq edilməlidir. Bu, həm təhlükəsizlik, həm də insan hüquqları baxımından vacibdir.

 

QHT.az: Sizin təşkilatınız COP29-da iştirak etmək və ya bu tədbirə hansı töhfələri vermək niyyətindədir?

Aydın Xəlilov: "Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzi olaraq, COP29-a qatılmaq bizim üçün böyük əhəmiyyət kəsb edir. Əsas məqsədimiz iqlim dəyişikliyi ilə bağlı müzakirələrdə əlilliyi olan şəxslərin ehtiyaclarını gündəmə gətirmək və bu sahədə beynəlxalq təcrübələri öyrənməkdir. Tədbirə qatılmaq imkanımız olarsa, xüsusi təqdimatlar vasitəsilə ölkəmizdəki mövcud vəziyyəti paylaşmağı, eyni zamanda digər ölkələrin uğurlu təcrübələrindən yararlanmağı planlaşdırırıq. Bu tədbir həm də iqlimlə bağlı layihələrdə əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması kimi məsələləri müzakirə etmək üçün əlverişli platformadır".

 

QHT.az: COP29-a qatılan ölkələrdən hansı təcrübələr Azərbaycan üçün faydalı ola bilər?

Aydın Xəlilov: Bir çox ölkədə əlilliyi olan şəxslərin həyatını yaxşılaşdırmaq üçün müxtəlif təcrübələr mövcuddur. Məsələn:

  • Fövqəladə hallara hazırlıq: Təbii fəlakətlər zamanı xüsusi evakuasiya planları hazırlanır.
  • Yaşıl məşğulluq proqramları: Əlilliyi olan şəxslərin işlə təmin olunduğu iqlim layihələri həyata keçirilir.
  • Müyəssər infrastruktur: İqlimə davamlı şəhər layihələri çərçivəsində əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış dizaynların hazırlanması.

Bu təcrübələr Azərbaycanda tətbiq olunarsa, əlilliyi olan şəxslərin sosial inteqrasiyası və həyat şəraiti yaxşılaşa bilər".

 

QHT.az: İqlim dəyişikliyi nəticəsində əlilliyi olan şəxslərin yaşadığı çətinlikləri azaltmaq üçün hansı sosial tədbirlər görülməlidir?

Aydın Xəlilov: "İlk növbədə, ictimai məkanlarda müyəssərliyin artırılması mühüm əhəmiyyət kəsb edir. Fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin xüsusi müdafiə və dəstək sistemlərinə ehtiyacı var. Bununla yanaşı, iqlimlə bağlı maarifləndirici kampaniyalarda əlilliyi olan şəxslərin də iştirakı təmin edilməlidir. Bu tədbirlər iqlim dəyişikliyinin təsirlərini azaltmaqla yanaşı, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını da dəstəkləyər".

 

QHT.az: Son olaraq, COP29 ilə bağlı şəxsi fikirlərinizi bölüşərdiniz.

Aydın Xəlilov: "COP29 kimi qlobal tədbirlər yalnız iqlim dəyişikliyi ilə mübarizə üçün deyil, həm də sosial ədalət prinsiplərinin təbliği baxımından önəmlidir. Bu platformada əlilliyi olan şəxslərin hüquqlarını müdafiə etmək və onların ehtiyaclarını diqqətə çatdırmaq bizim əsas hədəfimizdir. Bu kontekstdə qeyd etmək istərdim ki, 14 noyabr 2024-cü il tarixində Ombudsman tərəfindən təşkil olunan "İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: milli insan hüquqları institutlarının rolu" mövzusunda tədbirdə bu məsələləri xüsusi vurğulamışam. İnanıram ki, bu müzakirələr konkret nəticələrlə yekunlaşacaq".

 

QHT.az təşəkkür edir və uğurlar arzulayır!

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
64
qht.az

1Mənbələr