AZ

COP29-un növbəti böyük faydası- Xəzərdə ilk külək stansiyasına qərar verildi...

Image

COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar» və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

SOCAR-ın yaydığı məlumata görə, layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq: “Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 meqavat olan bərpaolunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir”.

Azərbaycan Energetika Nazirliyindən bildirilib ki, 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerjinin (günəş, külək, dalğa, su) payının 30 faizə çatdırılması hədəf kimi götürülüb: “Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 milyard 687.8 milyon kilovat-saatdır. Bu da ümumi gücün 20.3 faizini təşkil edir”. Beləliklə, poses göstərir ki, Azərbaycanın “yaşıl enerji”yə keçid prosesi sürətli xarakter almağa başlayıb. Bu, həm də COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın iqlim dəyişikliyinə mübarizədə verdiyi böyük töhfələrdən biridir. Ümumiyyətlə, Azərbaycanın enerji strategiyasında bərpaolunan və “yaşıl enerji” əsasında istehsal edilən elektrik ixracı ölkənin əsas prioritetlərindəndir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, Günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Burada nəzərə alınması daha bir vacib məqam budur ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur da “yaşıl enerji” zonası elan edilib. Onu da xatırladaq ki, Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsası dövlət tərəfindən artıq müəyyənləşdirilib. Təsadüfi deyil ki, prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədində 5 milli prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” əsas hədəflərdəndir. Bu gün Azərbaycanın reallaşdırmaqda olduğu layihələr onu deməyə əsas verir ki, yaxın zamanlarda ölkəmiz təkcə neft-qaz ixracatçısı kimi deyil, həm də Avropaya yaşıl enerji ixrac edən bir dövlət kimi öz missiyasını yerinə yetirəcək. Bu istiqamətlərdə işlərə start verilib və artıq Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ixracı layihəsini icra etməkdədir. COP29-un Azərbaycanda keçirilməsi də bu prosesin davamıdır və ölkəmizin yaşıl enerjiyə keçidində, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasında böyük rol oynayacaq.

O da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda “yaşıl enerji”yə keçiddə lider mövqedədir. Bu da o deməkdir ki, regionda ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Dünya ölkələri qarşısında duran çağırışlar və dünya energetika balansında gözlənilən struktur dəyişiklikləri region üçün dayanıqlı və xalis energetika gücünün artırılması, “yeni enerji” marşrutlarının müəyyənləşdirilməsi kimi vəzifələr irəli sürüb. Buna əsaslanaraq, Azərbaycan qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemlərinə sıx inteqrasiya edir. Bu da ölkəyə əlavə üstünlüklər qazandırır. Hazırda günəş və külək enerjisindən səmərəli istifadə Azərbaycanın “yaşıl enerji” konsepsiyasının əsas elementlərindəndir. Xüsusilə, nəzərə alsaq ki, ölkəmizin günəş və külək potensialı böyükdür, istehsal olunan yaşıl enerjinin ixracı üçün zəruri infrastrukturun olması əsas şərtlərdəndir. Bu sahədə Azərbaycan üçün böyük bir şans var. Bununla yanaşı, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üçün “Masdar”, “ACWA Power”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy Management”, BP kimi şirkətlərlə əməkdaşlıq edilir. Bu “yaşıl enerji” layihələrinin həyata keçirilməsinin ölkəmiz üçün siyasi, iqtisadi, sosial və ekoloji faydaları var. Onu da qeyd edək ki, hazırda dünya dövlətləri Paris Sazişinin tələblərini yerinə yetirərək qlobal istiləşməni 1.5 dərəcəyədək məhdudlaşdırmaq üçün bütün mövcud səyləri səfərbər edirlər. Bu razılaşmanın öhdəliyini yerinə yetirməyin əsas yolu enerji istehsalında alternativ və bərpa olunan enerji resurslarından istifadə edərək, qazıntı yanacağı yandırmağı azaltmaq və “yaşıl enerji”yə keçməkdir. Bu xüsusa Azərbaycan artıq dünya miqyasında uğurlu nümunə yaradan ölkələrdən biri qismində qəbul olunur. Xatırladaq ki, Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji həcminin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub. Ölkənin əlverişli coğrafi mövqeyi və iqlim şəraiti yaşıl enerji istehsalı üçün geniş imkanlar yaradır. Bu fonda külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. 

Ramil QULİYEV





Seçilən
44
baki-xeber.com

1Mənbələr