AZ

"Qarabağ"la millinin fərqli nəticələr göstərməsi bizə xoş deyil" - Elvin Cəfərquliyev

Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev Millətlər Liqasında Estoniya ilə bərabərə bitən (0:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- Elvin, milli yenə qələbə qazana bilmədi. Nələr deyə bilərsən?

- Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, doğma meydanda qələbə qazana bilmədik. Qələbəyə layiq oyun keçirdik, amma qazana bilmədik.

- Buna nə mane oldu?

- Qol epizodlarını düzgün dəyərləndirə bilmədik. Bu da sonda hesabını belə olmasına gətirib çıxardı.

- Qol fürsətlərini sağa-sola xərcləməyə sizin ustalığınız yol açdı, yoxsa başqa məqamlar var?

- Rəqib çox yaxşı müdafiə olunurdu. Real imkanlar yaradırdıq, amma son nöqtəni qoya bilmirdik. Niyəsi barədə nəsə deyə bilmirəm.

- Renat Dadaşov və Mahir Emreli hücum xəttində yer alsaydı, bu gün nəticə fərqli ola bilərdi?

- Hər ikisi komandaya güc qatacaq səviyyədə futbolçulardı. Amma deyə bilmərəm ki, onlar olsaydı dəqiq qələbə qazanacaqdıq. Bəlkə də olsaydılar yenə eyni hesab olardı. Gələcək oyunlarda yanımızda olacaqlar. Ümid edirəm ki, müsbət nəticələr qazanarıq.

- Oyundan sonra Fernandu Santuş yaxşı oyununuzdan danışdı, yoxsa bərbad nəticəyə görə tənqid elədi?

- Hər birimizlə görüşdü. Amma komanda olaraq oyun barəsində söhbətimiz olmadı.

- Qarşıdan daha güclü İsveçlə oyun gəlir. Və sən də meydanda olmayacaqsan. İndiki psixoloji durumla milli nəyə ümid edəcək?

- Əlbəttə, çox çətin səfər oyunu var. Milli üçün ağır oyun olacaq. Üzülürəm ki, komanda yoldaşlarımın yanında olmayacam. Həm də inanıram ki, komandamız bu yükü qaldıra biləcək.

- İllərdi "Qarabağ"la Avropada parlaq qələbələr qazanırsız, amma millidə tam əksi olur. Bu məqam sizə necə təsir edir?

- Təbii ki, xoş deyil. Üzülürük. İstəyərdik ki, klubda qazandığımız nəticələri millidə də qazanaq. Yəqin ki, səbəblər var. Bunun üzərində işləməliyik ki, müsbət nəticələri əldə edək. Düşünürəm ki, biz komanda olaraq hər şeyi düşünməliyik. Fərdi olaraq çox keyfiyyətli oyunçularımız var. Komanda olaraq daha da artırmalıyıq.

XANOĞLAN İMANOV

Seçilən
35
sportinfo.az

1Mənbələr