AZ

Qarayaxmaya görə məsuliyyəti kim daşıyacaq?

COP kimi nüfuzlu və bəşəriyyət üçün taleyüklü mövzuların müzakirə edildiyi bir tədbirə Azərbaycanın ev sahibliyindən narahat olanlar, beynəlxalq mediada müxtəlif yalan və böhtan xarakterli məlumatlar yayanlar yoxsa, fərqli səbəb və bəhanələr gətirərək tədbirə qatılmayanlar?

COP (Conference of the Parties) kimi nüfuzlu və bəşəriyyət üçün taleyüklü mövzuları müzakirə edən qlobal tədbirin Azərbaycanda keçirilməsi region və bütün postsovet məkanı üçün əlamətdar hadisədir. Belə bir möhtəşəm tədbirin postsovet məkanında ilk dəfə olaraq məhz respublikamızda reallaşması həm də Bakının dünyanı narahat edən bəşəri problemlərin müzakirəsi üçün əlverişli məkan olduğunu göstərir. Lakin görünən odur ki, heç də bütün tərəflər bu tədbirin Azərbaycanda keçirilməsindən məmnun qalmayıblar. Azərbaycanın ev sahibliyindən narahat olanlar qarayaxma kampaniyalarına, beynəlxalq mediada müxtəlif yalan və böhtan xarakterli məlumatlar dərc etdirməyə, ölkəmiz əleyhinə bəyanatlar verməyə davam edirlər. Fərqli səbəb və bəhanələr gətirərək tədbirə qatılmayan dövlətlər də oldu. Məsələn, Fransa, Kanada, Hindistan, Çin, Avstraliya, Almaniya, Norveç rəsmiləri COP29 tədbirində iştirakdan imtina ediblər.

Bu gün dünya planeti ən çox çirkləndirən Avropa İttifaqından (Aİ) yeni iqlim maliyyəsi gözlədiyi halda, məsuliyyətdən yayınmaq üçün bu qurumun rəhbərliyinin COP-a gəlməməsinin də heç bir məntiqi izahı yoxdur. Yeri gəlmişkən, bir müddət əvvəl İsveçrənin havanın keyfiyyətinin monitorinqi texnologiyaları üzrə ixtisaslaşmış IQAir şirkətinin açıqladığı hesabatda da Avropa ölkələri hava çirkliliyi səviyyəsinə görə öndə gedirlər. Avropa İttifaqı, xüsusilə Almaniya, Fransa, İtaliya kimi ölkələr ilə birlikdə atmosferi ən çox çirkləndirən bölgələrdən biridir. 2023-cü ilin məlumatlarına görə, Avropa İttifaqı üzv ölkələri təxminən 3 milyard ton karbon dioksid (CO2) emissiyası həyata keçirib ki, bu da dünya səviyyəsində ümumi emissiyanın təxminən 9 faizini təşkil edir. Hesabatlara əsasən, 2019-cu ildə Aİ-də hər nəfərə düşən orta illik karbon emissiyası 8,4 ton olub ki, bu da qlobal orta göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Bütün bunlar bir da Aİ-nin faktiki olaraq məsuliyyətdən qaçdığını göstərir. Bu azmış kimi, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel isə “X” sosial şəbəkəsində Avropa İttifaqını bağ, dünyanın qalan hissəsini cəngəllik kimi təsvir edir. Cozep Borrel qeyd edib ki, Avropadan kənar ölkələr cəngəlikdir və bu əraziləri vəhşi qanunlarla idarə etmək lazımdır. Əslində o, bu fikri ilə Qərbin əsas məqsədini ortaya qoymuş olur. Cozep Borrel bu fikri ilə bir da Fransanın və bəzi qərb dövlətlərin xaosdan qidalandığını sübut etmiş oldu. Onlar üçün heç bir ekoloji problem önəmli deyil. Makaron və Borell kimilərini sadəcə öz maraqları önəmlidir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cozef Borrellin “X” sosial şəbəkəsindəki hesabındakı “Avropa İttifaqı bağ, dünyanın qalan hissəsi isə cəngəllikdir” paylaşımına cavab olaraq bildirib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də Aİ üzv ölkələrinin dənizaşırı regionları iqlim dəyişikliyindən çox əziyyət çəkirlər. O vurğulayıb ki, özünüidarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onlara məhəl qoyulmur. Prezidentin köməkçisi vurğulayıb ki, COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir: “Aİ-yə üzvlük neomüstəmləkə idarəçiliyini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir və nəzərə almaq lazımdır ki, Aİ-nin bəzi üzv-ölkələrinin acınacaqlı müstəmləkə idarəçiliyi və utancverici qul ticarəti təcrübəsi var”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırıb: “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”.

Dövlət başçısı bununla həm də Fransa kimi neokolonialist dövləti daha humanist addım atmağa çağırıb. Fransa hakimiyyətinin Aİ-yə üzv dövlətlərə COP29-da iştirak etməməklə bağlı təlimat göndərməsi daha acınacaqlıdır. Bu, rəsmi Parisin özünü qurumda hegemon göstərmək cəhdidir. Təbii ki, Azərbaycanla Aİ-yə üzv olan əksər ölkələr arasında ikitərəfli çox yüksək səviyyədə münasibət var və bu əlaqələr inkişaf etməkdədir. Quruma üzv ölkələrin dövlət və hökumət başçılarının, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin COP29-a qatılmaları bunu təsdiqləyir. Deməli, Makron və ona bu işdə yardımçı olanların COP29-u boykot taktikası iflasa uğrayıb. Daha dəqiq desək, onların ideyası boykot olunub.

Azərbaycan bütün qlobal səviyyəli tədbirlərin təşkilində olduğu kimi, COP29-un da ən yüksək səviyyədə keçirilməsi, bütün tərəflərin səsinin eşidilməsi, nəticələrin əldə edilməsi üçün səylə çalışır. Dövlət və hökumət rəhbərləri, tədbir iştirakçıları da COP29-un çox yüksək səviyyədə təşkil olunduğunu və nəticələrin əldə ediləcəyinə əmindirlər. Bunun COP tarixində ən yaddaqalan və əhəmiyyətli bir konfrans olacağına şübhə yoxdur. Konfrans çərçivəsində həm də müxtəlif mövzularda panel iclaslar keçirilir ki, bu iclaslar da ayrı-ayrı problemlərin daha əhatəli müzakirəsi, təkliflərin irəli sürülməsi və çıxış yollarının tapılmasında əhəmiyyətli rol oynayır.

Rusiyalı politoloq Aleksandr Razuvayev mövzu ilə bağlı yerli mətbuata açıqlamasında bildirib ki, COP29 Azərbaycanın qlobal aləmdə statusunu mütləq şəkildə yüksəldəcək: "Artıq deyə bilərik ki, Bakı dünya paytaxtlarından biri statusunu alır. Qərb qüvvələrinin COP29 ərəfəsində ənənəvi anti-Azərbaycan təbliğat kampaniyası aparmaq cəhdlərinə baxmayaraq, BMT-nin Bakıda keçirilən iqlim konfransında 196 ölkədən 70 mindən çox nümayəndə iştirak edir. Eyni zamanda, Bakı konfransında əksər Qərb dövlətləri iştirak edirlər. Azərbaycana getməkdən imtina edənlər isə sadəcə olaraq ikiüzlüdürlər. Bu cür yanaşma hətta onların milli maraqlarının əleyhinədir". Politoloq əlavə edib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi iqlim gündəmində irəliləyişlərlə yanaşı, qarşısına iddialı vəzifə qoyub - münaqişə tərəfləri - qlobal Şimal və qlobal Cənub arasında körpülər qurmaq: "Eyni zamanda iqlim konfransı günlərində dünyanın bütün münaqişə tərəflərinə atəşkəs elan etməyi təklif edib. Təbii ki, Azərbaycan sədrliyinin belə nəcib yanaşması təqdir edilməyə bilməz. Yaxşı olardı ki, bütün münaqişələr və bu münaqişələrin gələcəyi ilə bağlı danışıqlar Bakıda aparılsın".

Sevinc Azadi, “İki sahil”

Seçilən
50
ikisahil.az

1Mənbələr