AZ

Qərbin ayırıcılıq siyasəti Ermənistanın sonunu yaxınlaşdırır

Azərbaycanın 200-ə yaxın dövlətin yekdil qərarı ilə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizin dünya ictimaiyyətinə növbəti təqdimatı, yüksək etimadın və dəstəyin bariz nümunəsidir. Şimal ilə Cənubut, Qərb ilə Şərqin qovuşduğu məkanda yerləşən, dövlətlər arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüsü rolunu ləyaqətlə doğruldan Azərbaycanın təşəbbüsü ilə reallaşan meqalayihələr çoxtərəfli əməkdaşlıq formatının coğrafiyasını da genişləndirib. Türk Dövlətləri Təşkilatının (TDT), türk və İslam dünyasının aparıcı simalarından olan, beynəlxalq sistemdəki rolunu layiqincə doğruldan, Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi yeniliklərlə təsisata böyük nüfuz qazandıran Azərbaycan 44 günlük Vətən müharibəsindəki Qələbəsi ilə siyasi, iqtisadi imkanlarının tükənməzliyini, hərbi qüdrətinin sarsılmazlığını təsdiqlədi. Ədaləti təkbaşına bərpa etdi. Qərbin, imperialist qüvvələrin ölkəmizə qarşı təxribatlarının qarşısını siyasi iradəsi ilə alan Prezident İlham Əliyev bərabərlik və ədalətlilik çağırışları ilə illərdən bəri ölkəmizə qarşı tətbiq olunan ikili standartları ifşa etdi.

İstismara, zülmə məruz qalan xalqların pozulan hüquqlarının müdafiəçisi, ədalət carçısı kimi çıxış edən Prezident İlham Əliyevin neokolonializmə qarşı mübarizəsindən təşvişə düşən Qərbin son zamanlar «canlanması» səbəbsiz deyil. Dünya birliyində güc mərkəzi kimi sözünə imzası qədər dəyər verən Azərbaycanın diplomatik səylərinin növbəti uğuru 200-ə yaxın ölkənin təmsil olunduğu COP29-a ev sahibliyi etməsidir.

COP29 ərəfəsində, tədbirin davam etdiyi bu günlərdə belə təxribatlarını qulbeçələrinin vasitəsi ilə həyata keçirən Qərb Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmaması üçün hazırladığı şoularını siyasi, ideoloji, informasiya istiqamətində davam etdirirlər. Bəllidir ki, Qərbin, erməni havadarlarının Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl atmaları, əsassız bəhanələrlə ölkəmizi ittiham etmələri qısqanclıqdan başqa bir şey deyil. «Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, hələ də neokolonializm ruhu ilə yaşayan Yelisey Sarayının başçısı Emmanuel Makronun siyasətinə beynəlxalq səviyyədə artan ictimai nifrətin səbəbi rəsmi Parisin Ermənistana dəstəyidir. İkinci Qarabağ müharibəsindən sonra da Ermənistanı yeni müharibəyə təhrik edən, silahlandıran, ölkəmizə qarşı təxribatlarını davam etdirən rəsmi Parisin XXI əsrdə kolonial siyasətini Cənubi Qaqazda davam etdirmək niyyəti ən azından tarixin ironiyasıdır. Çünki kolonializm tarixində törədilən ən dəhşətli qırğınların müəllifi Fransadan fərqli olaraq Azərbaycanın multikultural dəyərlərə sadiqliyi, beynəlxalq səviyyədə həyata keçirdiyi humanist siyasət, beynəlxalq hüquqa hörməti bütün dünya dövlətləri tərəfindən dəstəklənir. Yəni, Fransa od olsa yalnız özünü yandıra bilər. Prezident İlham Əliyevin «Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar!» sözləri Xankəndidən Parisə ünvanlanan mesaj idi. Dövlət başçımız dəfələrlə bildirib ki, Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir. Gürcüstana rəsmi səfəri zamanı söylədiyi «Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi» çağırışı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına region dövlətlərindən başqa xarici müdaxilələri yolverilməz hesab edən Prezident İlham Əliyevin bu sözləri də bölgədə baş verən hadisələrdən nəticə çıxarmaqdan məhrum olan Ermənistanın baş naziri Nikol Paşinyanı yuxudan oyatmadı.
 Ermənistanın baş naziri kimi Nikol Paşinyanı COP29 konfransında iştiraka dəvət etməklə xeyirxah niyyətini göstərən, bölgədə sabitliyin tənzimlənməsini şərtləndirən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına «qapı açan, nəfəs verən» Azərbaycanın təklifini avropalı ağalarının «tövsiyəsinə uyğun» dəyərləndirən rəsmi İrəvanın Cənubi Qafqazda baş verən hadisələrdən nəticə çıxarmaması bu ölkənin baş naziri Paşinyanın qul siyasətinə sadiqliyini bir daha təsdiqlədi. Cənubi Qafqazda yerləşmək üçün pyotrsayaq «Parçala, hökm et!» ayırıcılıq siyasətini Gürcüstanda tətbiq etmək niyyətini bu ölkədə keçirilən parlament seçkilərində min hoqqadan çıxmaqla davam etdirən Avropa İttifaqı (Aİ), digər Qərb təsisatları istəklərinə nail ola bilmədikləri üçün bölgədə dayaq nöqtəsi hesab etdiyi Ermənistanı da itirməkdən qorxur. Seçimləri ilə sonunu yaxınlaşdıran Ermənistan deyəsən boyunduruqda qalmaqda israrlıdır.
Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik işləri üzrə ali tümayəndəsi Cozep Borrelin Azərbaycanla bağlı qərəzli açıqlamalarından şirnikləşən Paşinyan hələ də xaos içərisindədir. COP29 kimi qlobal əhəmiyyətli tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə iqlim dəyişiklikləri ilə mübarizədə fəallığı beynəlxalq səviyyədə dəstəklənən ölkəmizin diplomatik uğurlarından nəticə çıxarmayan rəsmi İrəvan unutmamalıdır ki, Bakı platformasının qazandığı uğurlarla müqayisədə borrellərin qərəzli açıqlamaları boş xəyaldan başqa bir şey deyil.

Avropa İttifaqı Xarici İşlər Şurasının noyabrın 13-ü Brüsseldə baş tutan iclasında Azərbaycan və Ermənistanla bağlı məsələlərin müzakirəsi zamanı Aİ-nin Ermənistandakı Mülki Müşahidə Missiyasını gücləndirmək, iki ölkə arasındakı şərti sərhəd xəttinin həssas bölgələrində müşahidəçi və patrul sayını artırmaq qərarının açıqlaması siyasi əxlaqsızlıqdır. Guya Ermənistanda sabitliyi «daxildən və xaricdən pozmağa yönəlmiş istənilən cəhdə qarşı ayıq-sayıq olmağı» məsləhət görən Borrel özünü rəsmi İrəvanın sözçüsü kimi aparır. Aİ-nin hərdəmxəyal baş diplomatının «Bizim Azərbaycana mesajımız aydındır. Ermənistanın ərazi bütövlüyünü istənilən şəkildə pozmaq qəbuledilməz sayılacaq, münasibətlərimizin keyfiyyətinə ciddi təsirləri olacaq» sayıqlaması da xəstə təfəkkürün sağalmaz mərəzidir. Ermənistana Avropa Sülh Fondu (European Peace Facility - EPF) çərçivəsində mümkün dəstəyi və viza liberallaşdırılmasını nəzərdən keçirəcəklərini qeyd etməsi Aİ-nin «sülhə dəstək» siyasətinin hansı prinsiplərə əsaslandığını göstərir. Xatırladaq ki, məramı guya sülh olsa da, əslində Ermənistanın silahlanmasına vəsait ayıran Fondun adı da Borrelin niyyəti kimi qaranlıqdır. Həmin iclasda Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına ehtiyac duyulduğu qeyd edilib. Yəni , Aİ-nin Ermənistanı silahlandırmaq əməli ilə «bölgədə sülh və sabitliyə» nail olmaq siyasəti riyakarlığın daha bir nümunəsidir. Amma Sülh Fondunun Ermənistanı silahlandırması ilə tərəflər arasında razılaşmaya istiqamətlənən bütün yollarda «sülh göyərçinlər»i deyil, hərbçilər görünür. Növbəti dəfə bəlli olur ki, özünü demokratiya dəstəkçisi hesab edən Qərbin ikiüzlü siyasətinin əsasında müstəmləkəçilik, neokolonializm siyasət dayanır. Ermənistana verilən yardımlar isə Fransanın müstəmləkə altında saxladığı xalqlara məxsus sərvətlərin istismarı nəticəsində əldə olunan vəsaitdir.
Xarici siyasəti qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında təkmilləşən Azərbaycanın uğur diplomatiyası ilə müqayisədə məğlub olacağını rəsmi İrəvanda hamı başa düşsə də, hələ ki başqalarının tula payı, ianələr hesabına dolanmağa üstünlük verən haylar üçün artıq bəhanələr, sözündən qaçma dövrü sona çatır.

Dünən COP29 çərçivəsində keçirilən Parlament Görüşündə- Beynəlxalq Tolerantlıq Günündə Azərbaycanla Qlobal Tolerantlıq və Sülh Şurası arasında Anlaşma Memorandumunun imzalanması, Bakıda Tolerantlıq Evinin açılıması da ölkəmizin humanitar siyasətinin daha bir ifadəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
35
ikisahil.az

1Mənbələr