AZ

Tunberq ekofəaldır, yoxsa...

Bakıda öz işini uğurla davam etdirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qarşı çıxanlardan biri də isveçli ekologiya fəalı Qreta Tunberqdir. O, noyabrın ilk günlərində Tbilisiyə səfər edərək, burada müxalifətin parlament seçkilərinin nəticələri ilə bağlı keçirdiyi yürüş-mitinqlərə qatılıb. Həmin vaxt Tunberq ölkəmiz əleyhinə ilk açıqlamasını verərkən COP29-da iştirak etməyəcəyini bildirib. O, ölkəmizin Gürcüstandakı səfirliyi önündə aksiya da keçirib.

Onun ölkəmizin yaşıl gündəliyini əsassız tənqid etməsi az imiş kimi, siyasi məsələləri də bura qatması, guya, Azərbaycanın 2023-cü ilin sentyabrında erməniləri “etnik təmizləmə”yə məruz qoyması, hansısa “hərbi cinayətlər”dən dəm vurması Tunberqin əsas məqsədlərini üzə çıxarıb. Bu yaxınlarda isə o, Böyük Britaniyanın “The Guardian” qəzetində Azərbaycana qarşı ittihamların yer aldığı məqalə dərc etdirib.

Ekofəal daha sonra – noyabrın 12-də İrəvana gedib. Onu qarşılayan Ermənistanda Cəmiyyətin səfərbərliyi və dəstəyi mərkəzinin rəhbəri Oleq Dulqaryanın “Facebook” profilində yazdığı fikirlər də çox mətləblərdən xəbər verir: “Böyük məsuliyyət və məmnunluq hissi ilə Bakıda keçirilən COP29-u boykot etmək üçün Ermənistana gələn isveçli ekoloji fəal Qreta Tunberqi Ermənistan–Gürcüstan sərhədində qarşıladım. Qarşıdakı proseslər haqqında yaxın vaxtlarda ətraflı məlumat veriləcək”.

Noyabrın 14-də, səhər saatlarında Q.Tunberq Ermənistan–Amerika Universitetinin Manukyan zalında “Azərbaycanın təcavüzünün (?) insan hüquqlarına və ətraf mühitin mühafizəsinə təsiri” adlı panel müzakirəsində iştirak edib. Ertəsi gün BMT-nin Ermənistan ofisi yaxınlığında keçirilən “Yaşıl soyqırımı dayandırın!” adlı etiraz aksiyasına qatılıb. Hər iki tədbirin təşkilatçısı Ermənistan iqlim ədalət təşəbbüsüdür.

Aksiyadakı çıxışı zamanı Q.Tunberq Azərbaycanı “neft dövləti” adlandırıb və COP29-un Bakıda keçrilməsinin doğru qərar olmadığını iddia edib. Erməni xalqının “çəkdiyi iztirablardan” danışıb, “məcburi köçkünlüyün və davamlı fiziki və psixoloji zorakılığın qəbuledilməz” olduğunu bildirib.

Əsasən, siyasi açıqlamalar verən Tunberq daha sonra keçmiş separatçı rejimin başçıları barədə danışıb. O, beynəlxalq medianı və imkanı olanları “qlavar”lara baş çəkməyə və onların azad olunmasını tələb etməyə çağırıb.

Qeyd edək ki, Q.Tunberq 2003-cü ildə Stokholmda anadan olub. O, iqlim dəyişikliyi nəticəsində bəşəriyyəti qaçılmaz ekzistensial (mövcudluq, var olma–S.H.) böhranın gözlədiyi fikrini təbliğ etdiyinə görə dünya miqyasında şöhrət qazanıb. Tunberq sadə ünsiyyət tərzi və siyasi xadimləri ekoloji problemlərin həlli üçün yetərincə hərəkət edə bilmədiklərinə görə kəskin tənqid etməsi ilə tanınır. 2018-ci ilin avqustunda 15 yaşlı Tunberq ekoloji problemlərlə mübarizə üçün təcili tədbirlər görməyə çağıran “İqlim üçün məktəb tətili” plakatı ilə İsveç parlamenti qarşısında etiraz etməyə başlayıb. Onun hərəkətləri bütün dünyada rezonans doğurub və “Gələcək üçün cümə günləri” kimi tanınan kütləvi hadisələrə səbəb olub. Elə həmin il Tunberq Polşada keçirilən COP24-də çıxış edib. 2019-cu ildə müxtəlif şəhərlərdə bir milyondan çox insanın iştirakı ilə etiraz aksiyaları keçirilib. Onun BMT-nin 2019-cu ildə keçirilən iqlim dəyişmələri konfransında səsləndirdiyi “Necə cəsarət edirsən!” sözləri mətbuatda və internetdə geniş işıqlandırılıb.

İsveçli fəalın sürətlə şöhrət qazanması və dünya arenasında nüfuzunun artması “The Guardian” tərəfindən “Qreta effekti” kimi təsvir edilib. Tunberq işinə görə bir çox mükafat və fəxri fərmanlar alıb, 2019-cu ildə “Time” jurnalına görə dünyanın 100 ən nüfuzlu insanı siyahısına daxil edilib. Həmin nəşr tərəfindən “İlin adamı” elan edilib. “Forbes” jurnalı onu dünyanın ən güclü 100 qadını siyahısına daxil edib. Tunberq iki dəfə – 2019 və 2020-ci illərdə “Nobel” sülh mükafatına namizəd olub.

Bütün bunlara baxmayaraq, Tunberqin fəaliyyətinə dünyada münasibət birmənalı deyil. O, ekoloji problemlərə qarşı mübarizə apardığını bəyan etsə də, bir dəfə jurnalistlər onun plastik qablardan istifadəsini ictimailəşdirmişdilər. Plastik tullantılar isə məlum olduğu kimi, dünyada ətraf mühitin korlanmasında mühüm rola malikdir. Bir çoxları, o cümlədən Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey Tunberqin dərslərdən yayınmasını və bütün dünyada milyonlarla yeniyetməni ondan nümunə götürməyə təşviq etməsi faktını bəyənmir. Almaniyanın sabiq Kansleri Angela Merkel ekoloji tətilləri “bir növ kənar müdaxilə” kimi qiymətləndirmişdir.

Almaniya Bundestaqının Xristian–demokrat və Xristian-sosial birlik fraksiyasından olan deputatı Aleksandr Trom isə isveçli ekofəalın Almaniyaya girişinə qadağa qoyulmasını təklif edib. Bu təklifə səbəb onun 2024-cü il oktyabrın 7-də Berlində İsrail əleyhinə keçirilən nümayişdə iştirakı olub: “Almaniyada Qreta Tunberq kimi yəhudi düşmənlərinə yer yoxdur. İsrailə qarşı təbliğat aparmaq və bizim polislərimizi ləkələmək üçün bura gələn heç kəsə Almaniyada yer yoxdur. Düşünürəm ki, Almaniya Daxili işlər nazirinin gələcəkdə bu antisemitin ölkəyə girişini qadağan etməsi nəinki məqsədəuyğundur, hətta zəruridir”.

İsrail Təhsil Nazirliyi məktəb materiallarından Q.Tunberqə istinadları silmək qərarına gəlib. “Ynet” portalı xəbər verir ki, isveçli Fələstin və Qəzza zolağına dəstək verdiyi üçün hakimiyyət bu tədbirə əl atıb. “Belə bir mövqe Tunberqi mənəvi və tərbiyəvi dəyərlər baxımından nümunə olmaq hüququndan məhrum edir. Onun artıq israilli tələbələr üçün nümunə və örnək olmaq hüququ yoxdur” – deyə nazirlik bildirib.

İndi isə ekofəal olduğu halda onun siyasi məsələlərdən danışması, Azərbaycanı olmazın məsələlərdə ittiham etməsi heç bir qəlibə sığmır. Yaxşı olardı ki, Q.Tunberq bəsirət gözünü açsın və Ermənistandakı rejimlərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarından agah olsun. Onun qeyd etdiyi “qaçqınlıq və məcburi” köçkünlüyün nə demək olduğunu azərbaycanlılar bu gün Qretanın dəstəklədiyi ermənilərin sayəsində yaxşı bilirlər. İsveçli ekofəal məsələlərə birtərəfli yanaşmamalı, əsl həqiqətləri dilə gətirməlidir. Bundan əlavə, o bilməlidir ki, əsl ekoloji soyqırımı da ermənilər 30 ilə yaxın davam edən işğal dövründə törədiblər. Ermənistanın işğal dövründə törətdiyi ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir. Onlar tutduqları Azərbaycan ərazilərində regionun təbii sərvətlərini də talan edib, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədib, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İşçi Qrupunun fəaliyyətinin nəticəsi olaraq hazırlanan hesabat ermənilərin işğal etdiyi ərazilərimizdə ölkəmizə dəyən maddi-mənəvi ziyanın dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara çatdırılması üçün sübutdur. Hesabatda ətraf mühit, təbii sərvətlər, onların qiymətləndirilməsi üsulları, beynəlxalq hüquqda vurulmuş zərərlərin ödənilməsinin hüquqi şərtləri, zərər və itkilərin qiymətləndirilməsinin metodoloji əsasları haqqında aparılan araşdırmalar dəyən zərərin obyektiv, elmi əsaslarla qiymətləndirilməsinə dəlalət edir. Altı əsas sahə – faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxardılması, istifadədən məhrum olunması, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji zərərlər, o cümlədən əhaliyə dəymiş mənəvi-ekoloji zərərlər müəyyənləşdirilib, 27 illik işğal dövrünü əhatə etməklə, ümumilikdə, Azərbaycana dəyən ziyan 285 milyard dollar çərçivəsində qiymətləndirilib.

Onu da bildirək ki, Q.Tunberq bu ilin aprelində Haaqada keçirilən aksiya zamanı polislər tərəfindən saxlanılarkən Azərbaycan Xarici İşlər Nazirliyi Niderland hakimiyyətinə çağırış etmişdi. Nazirlik bununla “X” platformasındakı paylaşımında aşağıdakıları qeyd etmişdi: “Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq”.

Bakıda keçirilən COP29-da iştirak edən Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov bildirib ki, Q.Tunberq ehtiyaclar və imkanlar arasındakı real tarazlığı düzgün qiymətləndirmir. Onun sözlərinə görə, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın seçilməsi tamamilə haqlıdır, çünki iqlim məsələləri neft hasil edən ölkələrdə müzakirə edilməlidir: “Qreta iqtisadiyyatdan uzaqdır, ona görə də o, ehtiyaclar və imkanlar arasındakı real tarazlığı düzgün qiymətləndirmir”.

O qeyd edib ki, Rusiya qaz, nüvə və su istehsalını birləşdirən dünyanın ən yaşıl enerji sektorlarından birinə malikdir: “Buna görə də ənənəvi texnologiyalardan dərhal və genişmiqyaslı imtina bizim üçün təkcə iqtisadi cəhətdən mümkün deyil. Bu, əslində, özünü doğrultmur. Biz artıq istiləşməyə qarşı qlobal mübarizəyə öz töhfəmizi vermişik və bundan sonra da verəcəyik”.

Hüquq müdafiəçisi, ekoloq Sahib Məmmədov isə Q.Tunberqin fəaliyyətini müxtəlif güc mərkəzlərinin layihəsi hesab edir. Onun sözlərinə görə, alternativ enerji mafiyası məktəbdə dərslərini pis oxuyan bir qızı tapıb ekofəal edib və ona müxfəlif mükafatlar verib. O cümlədən onların əli ilə Tunberq iki dəfə “Nobel” sülh mükafatına namizəd olub: “Qreta Tunberq təbiətşünaslıq sahəsində savadsızlığını dəfələrlə nümayiş etdirib. Alternativ enerji mafiyası üçün belə bir məktəbli tapmaq çətin iş deyildi. Bu qızın bəxti gətirib. İndi o dərsini pis oxuyan qızdan soruşsan ki, “albedo” (səthin işıqqaytarma qabiliyyətini səciyyələndirən kəmiyyət–S.H.) nə deməkdir, bilməyəcək. Yaxud, Yer planetinin istilik balansının neçə faizini ekzogen, neçə faizini endogen enerji formalaşdırır? Buna da cavab verə bilməyəcək. “İstixana effekti nədir?” sualının da cavabını bilmir”.

S.Məmmədov bildirdi ki, Q.Tunberqin atmosferdə olan qazların tərkibi və faiz göstəriciləri barədə də məlumatı yoxdur. Hətta elə bilir ki, atmosferdə karbon qazı olmasa yaxşıdır. Amma bilmir ki, atmosferdə karbon qazı olmasa Yer kürəsində həyat olmazdı: “Amma ondan ekofəal düzəldiblər, guya, dərslərini oxumayan, məktəbi tərk edən bu qız bəşəriyyəti xilas edəcək. Bütün bunları qoyaq bir kənara. Problem ondadır ki, bu qız indi də siyasi məsələlərə girişib. Onun siyasi məsələlərdə naşı olduğu isə göz önündədir. Qreta Tunberq Qərbin siyasi alətidir”.

Səxavət HƏMİD
XQ

Seçilən
76
xalqqazeti.az

1Mənbələr