AZ

Sülhlə COP-un məramı uyğundur

Bakı “yaşıl dünya”ya sülhpərvər çağırışlar tribunasına çevrilib

Sülhün rəmzi ağ göyərçin, rəngi isə səma rəngində, yəni mavidir. Təbiətdə bu iki rəngin bir-birinə uyarlığı indi həm də ictimai məna kəsb edir. XXI əsrin parodokslarından biri də odur ki, silahların işə düşdüyü məkanda təbiət də insanlar kimi əzablara düçar olur. Bu gün dünyanın qlobal iqlim kataklizmlərindən əziyyət çəkən və sülhü, əmin-amanlığı arzulayan qitəsi Afrikadır. BMT-nin Baş katibi Antonio Quterreş Bakı Sammitindəki çıxışında bunu birmənalı olaraq vurğuladı. O, “qara qitə”nin, kiçik ada dövlətlərin sakinlərinin böyük ədalətsizliklərlə üzləşdiklərini, iqlim dəyişmələrinin, artan qiymətlərin, pandemiyanın bu ölkələrə ciddi ziyan vurduğunu qeyd etdi.

Əslində, iqlim dəyişikliyi qida təhlükəsizliyi ilə birbaşa bağlı problemdir. İqlim dəyişikliyinin yaratdığı fəlakətlər qeyri-sabitliyin dərinləşməsinə səbəb olan münaqişələr üçün, bir növ, katalizator rolunu oynayır. Yəni, ekoloji böhran bir yandan münaqişələrin yaranması, digər tərəfdən isə onun nəticələrinin infrastruktura, torpağın deqradasiyasına, biomüxtəlifliyə və bütövlükdə, cəmiyyətə dağıdıcı təsir göstərir. Hazırda dünyada beş yüz milyondan çox insan münaqişə və ya münaqişəyə meyilli ərazilərdə yaşayır. Bu, Bakı Sammitində səslənən statistikadır. Planetin iqlim dəyişmələrinə ən həssas nöqtələri – Afrika və Okeaniyadan artan həyəcan səsləri isə bu gün Bakıdan yayımlanır. Azərbaycan Cənubi Qafqazda və dünyada sülhün bərqərar olması üçün çağırışlarını COP29-a qədər də edirdi.

“Yurdda sülh, cahanda sülh!”. Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk bu şüarı az qala yüz il bundan əvvəl Anadolu turunda ictimaiyyətlə görüşlərinin birində söyləyib. Ulu öndərin bu kəlamının aktuallıq dərəcəsi indi daha da artıb. Dünyanın istənilən nöqtəsində baş verən qarşıdurmaların, iğtişaşların sonucda hamıya zərər verə biləcəyini və bu səbəbdən başqa ölkələrin və xalqların problemlərinə biganə qalmağın riskini ehtiva edən bu postulat kamalizmin inteqrativ prinsiplərindən sayılır. “Yurdda sülh, cahanda sülh!”, eyni zamanda, kollektiv təhlükəsizliyi, beynəlxalq sülhün qorunmasını və onun davamlılığını nəzərdə tutur. Məgər COP29-un Bakı tribunasından səslənən ideya və təşəbbüslərin leytmotivi bu məntiqə söykənmirmi? Həmin ismarıclar, eyni zamanda, 30 il torpaqları ermən işğalı altında inləyən Azərbaycan həqiqətini görməyə gözləri kor, haqq səsini eşitməyə qulaqları kar olmuş bədxahlarımızın da diqqətinə çatdırılır.

Bakıda İqlim Sammitinin davam etdiyi günlərdə Hayastandan həm ev sahibliyi etdiyimiz beynəlxalq konfrans, həm də sülh danışıqlarının perspektivi ilə bağlı maraqlı bəyanatlar eşidirik. Misal üçün, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi ilə bağlı təkliflər paketinə cavab verib və regional kommunikasiyaların qarşılıqlı şəkildə açılması üçün Azərbaycana yazılı təklif göndərib. “Bizim kommunikasiyaların açılması məsələsində tamamilə qarşılıqlı məqbul həll yolu tapa biləcəyimiz ehtimalı yüksəkdir”, – deyən Paşinyan bir neçə gün əvvəl İrəvan Bakının sülh müqaviləsi ilə bağlı son təkliflər paketinə cavab verdiyini bəyan edib.

“Mən hesab edirəm ki, Ermənistan və Azərbaycana uzunmüddətli sülh şəraitində yaşamaq üçün sadəcə sülh müqaviləsi və ya digər sazişlər deyil, strateji saziş (?) lazımdır”, – deyə Paşinyan bildirib.

Bu tezis hayların baş nazirinin diplomatik leksikonuna yeni daxil olub. Yeni ideyasının mahiyyətini izah etməyə çalışan baş nazir bildirib ki, “biz yaxın 100 ildə bir-birinə qonşu olan müstəqil dövlətlər kimi hansı düsturlar çərçivəsində yaşamağı planlaşdırdığımızı” dəqiq müəyyən etməliyik. Bu zaman Paşinyan, həmçinin tarixi deyil, “real Ermənistan”a əsaslanan gələcək münasibətlərin yeni konsepsiyasına işarə edib.

Rəsmi İrəvanın gündəmə gətirməyə çalışdığı yeni mövzu barədə təsəvvürümüz hələlik qeyri-müəyyən olsa da, baş nazirin bəyanatları onun sülhə və qonşuluğa diplomatik yanaşmaların köklü şəkildə yenidən qurulması istəyindən xəbər verir. Buna inanmaq istərdik. Bəlkə bu yanaşma özündə Azərbaycanla gələcək münasibətlərə daha praqmatik baxışı ehtiva edir.

Hər halda yeni və pozitiv təşəbbüslərə açıq olan Bakı üçün İrəvanın bu jesti maraq kəsb edə bilər. Amma bu yeni yanaşmaya keçmiş hərbi əməliyyatların və gərginliyin mürəkkəb tarixini nəzərə alsaq, onun sülh münasibətləri üçün davamlı zəmin yaratmaq məqsədi daşıya biləcəyinə inanmaq istərdik. Bununla yanaşı, ideya müəllifi təbii olaraq ortaya çıxan suallara cavab verməlidir: bu strateji sövdələşmənin məzmunu nədən ibarət olacaq? Bu layihə Bakı və İrəvan arasında qarşıdakı onilliklər ərzində dinc yanaşı yaşamanın əsasını qoymaq üçün tarixi inamsızlığı aradan qaldıra biləcəkmi? Və nəhayət, İrəvan Bakının Azərbaycana qarşı ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılması və ATƏT-in Minsk qrupunun “de-yure” ləğvi ilə bağlı ədalətli tələblərini yerinə yetirəcəkmi?

İrəvanın ortaya atdığı yeni ideya ilə bağlı XQ-yə açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın Qərbin yaratdığı “siyasi labirintlərdə” vurnuxmasının heç bir məntiqi izahı yoxdur: “Düşünmürəm ki, Bakı Ermənistanın baş naziri ilə onun haqqında danışdığı hər hansı sövdələşməyə getsin. Hətta onun dediyi kimi, anlaşma strateji olsa belə. Bəli, Ermənistanla sülh razılaşması bizim üçün vacibdir və Paşinyan həmin mətndə nələri əks etdirməli olduğunu yaxşı bilir. Növbəti yüz ildə nə olacaq? Paşinyan nə deyir, heç kim bilmir. Amma sülh müqaviləsinin bağlanması ən azı qısamüddətli dinc gələcəyə, müəyyən mənada, zəmanət verir və Cənubi Qafqaz regionunun sabitliyinə və təhlükəsizliyinə zəmin yaradır”.

Politoloqun sözlərinə görə, əgər Ermənistan baş naziri, həqiqətən də, diplomatik yanaşmalara köklü şəkildə yenidən baxmağa çalışırsa, bu, sülhə gətirib çıxararsa, dinc yanaşı yaşamaq üçün qarşılıqlı məqbul zəmin yaradırsa, bununla razılaşmaq olar: “Amma bunun üçün Paşinyan təklifini izah etməli, onu ictimailəşdirməlidir. O, ağlında tutduğu niyyətini ezop dilində ifadə etməməlidir. Mənim fikrimcə, Paşinyanın ideyası ünvanlandığı subyektlər – ilk növbədə, Ermənistan ictimaiyyəti üçün də anlaşılan olmalıdır. Təbii ki, biz irəliləyiş əldə etmişik və sülh sazişi layihəsində bir sıra məqamlar qarşılıqlı məqbul forma almışdır. Amma bir neçə məqam var ki, Azərbaycan tərəfi heç vaxt onlara İrəvanın yanaşması ilə razılaşa bilməyəcək və Paşinyan bunu yaxşı bilir. Söhbət Ermənistan konstitusiyasında əksini tapmış Azərbaycana qarşı ərazi iddialarından gedir. Bəlkə elə buna görə Paşinyan reallıqdan qaçmağa və sülh müqaviləsinin imzalanmasına yanaşmada hələ də həllini gözləyən məsələləri ört-basdır etməyə çalışır”.

“COP29-dan sonra, 2024-cü ilin sonunadək iki ölkə arasında sülh sazişi imzalana bilər”. Bunu Paşinyan komandasının, demək olar ki, bütün üzvləri deyirlər. Rəsmi Bakı da bu nikbin yaxın perspektivə ümid etdiyini açıqlayıb. Son müddət kimi dekabrın ortaları bildirilir. Bir ay o qədər də uzaq müddət deyil...

İmran BƏDİRXANLI
XQ

Seçilən
67
xalqqazeti.az

1Mənbələr