AZ

Bakıda futbol klublarının alyansı yaradılıb

“Qarabağ”ın təşəbbüsü ilə futbol klublarının alyansı yaradıldı.

"Cebheinfo.az" xəbər verir ki, “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb.

Yeni qurum COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunub.

Bununla bağlı Bakıda təşkil olunan "İqlim naminə Futbol" adlı tədbir “Sky sports”un məşhur idman şərhçisi David Qarridonun moderatorluğu ilə baş tutub. Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Avropa və İslam Həmrəylik Oyunları, “Formula 1” kimi böyük turnirlərə və 2019-cu ildə Avropa Liqasının "Çelsi" və "Arsenal" arasında keçirilən final matçına ev sahibliyi etdiyini, Bakının idman tədbirlərinin mərkəzinə çevrildiyini vurqulayıb. Nazir 4 milyarddan çox izləyiciyə sahib futbolun mühüm iqlim konfransının bir parçası olmasının əhəmiyyətini qeyd edib. COP29-un rəsmisi Yalçın Rəfiyev misilsiz təşəbbüsə rəhbərlik etdiyinə görə "Qarabağ"a, bu təşəbbüsün əhəmiyyətini dərk etdiyinə və dəstək verdiyinə görə Avropa Klublar Assosiasiyasına (ECA) təşəkkür edib.

Klubun prezidenti Tahir Gözel isə dünyanın ən nüfuzlu klublarının bu təşəbbüs ətrafında toplaşmasının qürurverici hal olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu təşəbbüs futbolun iqlim dəyişmələrinə qarşı mübarizəsində populyarlığından istifadə etmək məqsədi daşıyır.

Tədbir iştirakçıları iqlim dəyişikliyi ilə mübarizədə idmanın təsiri haqqında geniş müzakirələr apardıqdan sonra qonaqlar çıxış ediblər. Dünya futbolunda dayanıqlılıq lideri olan “Liverpul” və bu sahədə ön sıralarda yer alan “Udineze”nin nümayəndələri zəngin təcrübələrini digər klublarla bölüşüblər. Tədbirə qatılan klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat ediblər.

Ardınca futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. Yeni qurumda “Qarabağ”la yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub yer alıb. Bunlar “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) klublarıdır. Alyansın yaradıcıları hesab olunan bu klubların nümayəndələri yeni qurumun təsis edilməsi barədə sənədə imza atıblar.

Beləliklə, dünyanın 11 tanınmış klubu öz öhdəliklərinin bəyannaməsini imzalamaqla və insanları iqlim dəyişmələri üçün hərəkətə keçməyə çağırmaqla həmrəylik nümayiş etdiriblər. Futbol klubları bu məqsədlə dayanıqlı təcrübələr tətbiq etmək, məlumatlılığı artırmaq, futbolun populyarlığından istifadə etməklə iqlim dəyişmələrinə qarşı mübarizəni təşviq etməyə, təkcə bir-biri ilə deyil, "İqlim Fəaliyyəti üçün UNFCCC İdman" da daxil olmaqla, digər müvafiq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

"Cebheinfo.az"

Seçilən
29
21
cebheinfo.az

10Mənbələr