AZ

Qoymayın dünyamız məhvə tuş olsun!

Sadhquru Caqqi Vasudev Hindistanın Koimbatore şəhərində yerləşən İşa Xeyriyyə Fondunun təsisçisidir. Qeyri-kommersiya mənəvi təşkilat olan fond öz fəaliyyətində insanın səlahiyyətləndirilməsi və sosial canlandırılmasına diqqət yetirir. 1992-ci ildə qurulan vəqf aşram (mənəvi-ruhani kamilliyə can atanların dini icması) və yoqa ilə məşğul olur.

Məşhur yoqa təlimçisi Sadhquru noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. Sadhquru hesab edir ki, dünyanın ən böyük problemi onun məhvolma astanasında olmasıdır. O, bu böhrandan xilas olmaq üçün qida ehtiyatlarının artırılmasını, təbii materiallardan daha çox istifadə edilməsini, təbiətə daha çox diqqət yetirilməsini zəruri hesab edir.

Jurnalistlərə açıqlamasında bu barədə danışan Caqqi Vasudev deyib:

– İldən-ilə nə qədər dəyişikliklərin, yeniliklərin şahidi və iştirakçısı oluruq. Bütün diqqətimizi hər şeyi inkişaf etdirməyə verdiyimiz və buna çalışdığımız dönəmdə planetimizin qeydinə qalmağı unutduq. Bizim yeniliklərə ehtiyacımız var, amma ana təbiətin gözəlliklərini də qoruyub saxlamalıyıq. İqlim dəyişikliyinə ayrılan diqqət və qayğı problemin həlli istiqamətində ən böyük addımlardan biridir.

Ən modern texnologiyan olsa da, onu istifadə edə biləcək yararlı planetin yoxdursa, sən artıq məğlub olmuş sayılırsan. Son 25–30 ildə milli dəyərlərimiz dəyişib və bununla mübarizə aparmaq məcburiyyətində qalmışıq. Bu gedişlə 50–60 il sonraya baxsaq, gələcək nəsillər üçün təbiətdən heç nə qalmayacaq. Dəhşətli səslənir. Dünyanın yaşıllıqları və mühafizəsi neftdən və onu əldə etmək üçün sərf edilən səylərdən daha önəmlidir. İnanıram ki, konfransın bu məsələlərin həyata keçirilməsində böyük rolu olacaq.

Z.HÜSEYNOVA
XQ

Seçilən
72
xalqqazeti.az

1Mənbələr