AZ

Müəllimlərin xeyrinə daha bir böyük addım üçün hazırlıq gedir...

Image

Rizvan Fikrətoğlu: “Müəllimlərə edilən hər bir güzəşt təhsilin inkişafına köməkdir”
Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq. Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib. 

O qeyd edib ki, bu kartların verilməsinə gələn ildən başlanılacaq: “Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq”. 

Qeyd edək ki, müəllimlər sosial ev layihəsindən yararlana bilir, güzəştli kartların verilməsi nəzərdə tutulur, indi də vergi güzəştləri ilə bağlı təklif gündəmdədir. Son günlər   müəllimlərin ödədikləri vergilərin çoxluğu zaman-zaman müzakirələrə səbəb olur. Sosial şəbəkədəki qruplarda müəllimlər aldıqları əmək haqlarının xeyli hissəsinin vergiyə çıxılmasından şikayətlənirlər. Ehtimal edilir ki, yaxın zamanlarda müəllimlər vergi yükündən də azad ediləcək. Maraqlıdır, bütün bunlar məktəblərdə təhsilin keyfiyyətinə təsir edirmi və ya edəcəkmi?

“Təhsil işçilərinin maddi imkanı artırılmalıdır, özünü gümrah hiss edən müəllimin keçdiyi dərs daha keyfiyyətli olur”

Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, təhsil üçün edilən hər bir güzəşt bu önəmli sektorun inkişafına yol açır: “Son günlər müəllimlərə vergi güzəştinin tətbiq olunması və ya onların tam olaraq vergidən azad edilməsi müzakirə olunur. Bu mübahisəli məsələdir. Çünki digər peşə sahibləri də buna bənzər iddia ilə çıxış edə bilər. Nəzərə alsaq ki, vergilərin də öz təyinatı var, bu halda başqa güzəştləri nəzərdən keçirmək daha doğru olardı. Müəllimlər üçün güzəştlərin çoxalmasının tərəfdarıyam. Hazırda müəllimlər müəyyən güzəştlərdən yararlanır. Onlar sosial ev layihəsindən yararlana bilirlər, tələbələrlə yanaşı, müəllimlərə də güzəştli kart veriləcək. Bu kartın üstünlüyü odur ki, müəllimlər dükan, market, müəyyən kafe-restoranlarda, yaxud gələcəkdə nəqliyyatda, eləcə də muzeylərdə həmin kartlarla müəyyən güzəştlər əldə edəcəklər”.

Həmsöhbətimiz bildirdi ki, müəllimlərə edilən hər bir güzəşt təhsilin inkişafına köməkdir: “Müəllim ac yox, tox olmalıdır ki, keyfiyyətli dərs ortaya qoya bilsin. Ac, sıxıntılı müəllimin tədris etdiyi dərs elə də effektiv olmayacaq. Bu baxımdan təhsil işçilərinin maddi imkanı artırılmalıdır. Özünü gümrah hiss edən müəllimin keçdiyi dərs daha keyfiyyətli olur”.

Günel CƏLİLOVA





Seçilən
54
baki-xeber.com

1Mənbələr