AZ

Avropa “val”ı dəyişir...

Rusiya - Ukrayna müharibəsinə münasibətdə yenilik

Şolts Putinə Qərbin “nömrəsi” ilə zəng edir

Son günlərdə qlobal münasibətlər sisteminin axarında yeniliklər hiss edilməyə başlayıb. Bu isə özlüyündə qarşıdakı yaxın müddət üçün yeni perspektivlər vəd edir. Xüsusilə, dünyanın əsas diqqət mərkəzində olan bir sıra məsələlərə yanaşmada yeni strategiyaların işə düşməsi gözlənilir.

Bu mənada, Ukrayna-Rusiya münaqişəsinə baxış da yeni dövrün əsas prioritetlərindən sayılır. Yeri gəlmişkən, Almaniya kansleri Olaf Şolts ilə Rusiya prezidenti Vladimir Putin arasında baş tutmuş son telefon zənginin detalları da ortaya bir sıra yeni məqamların çıxdığını təsdiqləyir. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı Berlinin təşəbbüsü ilə baş tutub. Telefon danışığının  təfərrüatlarına gəldikdə isə Rusiya tərəfinin yaydığı məlumata görə, Putin Rusiyanın danışıqlardan heç bir zaman imtina etmədiyini və danışıqlara açıq olduğunu bildirib. “Ukrayna ilə bağlı mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik maraqlarını nəzərə almalı, ərazi reallıqlarına əsaslanmalı və münaqişənin köklü səbəblərini aradan qaldırmalıdır”, - deyə Kremlin telefon zəngi ilə bağlı açıqlamasında bildirilib.

Telefon danışığı zamanı ikitərəfli əlaqələrə də toxunulub - Putin qeyd edib ki, Rusiya enerji sektorunda öz öhdəliklərini həmişə aydın şəkildə yerinə yetirib və Almaniya maraq göstərəcəyi təqdirdə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır. İki dövlət lideri Yaxın Şərqdə gərginliyi azaltmaq səyləri barədə də danışıb.

Qərb “nəbz” yoxlayır - Rusiya Almaniya ilə razılaşsa...

Almaniya mətbuatı isə 2 il yarımdan sonra edilən bu zəngi Qərbin Rusiyanın “reaksiyasını yoxlamaq” cəhdi adlandırıb. Bu telefon zənginin əvvəlcədən planlaşdırıldığı bildirilsə də, bəzi siyasi analitiklər bunu inandırıcı saymayıb - “Der Spiegel” zəngin G7 tərəfdaşları ilə razılaşdırıldığını bildirir. Bu mənada, zəngin ABŞ-da keçirilən prezident seçkilərindən sonra razılaşdırılması daha inandırıcı görünüb. Təbii ki, digər avropalı həmkarları da Şolts ilə “eyni fikirdə” olsalar da Almaniya hökumətinin başçısının irəli verilməsinin səbəbləri var. XX əsrdə baş vermiş iki dünya müharibəsinin əsas tərəfləri sayılan Almaniya ilə Rusiya arasındakı razılaşma “göy” və “qırmızı” qanad arasında yeni münasibətlərə təkan verə bilər. Bu mənada, Avropanın hazırki lideri sayılan Almaniya yenidən “məsələyə qarışır”.

Qeyd edək ki, bir neçə gün öncə Vladimir Putinin ABŞ-ın 47-ci prezidenti seçilmiş Donald Trampla telefonla danışdığı iddia edilsə də, Kreml bu iddiaları yalanlayıb - “The Washington Post”un yaydığı bu məlumatı təkzib edən Kremlin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov belə bir telefon danışığının olmadığını deyib.

Avrosentrist qrup niyə narahatdır?

Hər bir halda ABŞ-da keçirilən prezident seçkilərinin 2025-ci ildə qlobal siyasətə fərqli təsirləri istisna edilə bilməz. Hələ seçki kampaniyası dövründə Ukrayna müharibəsini bitirəcəyini bəyan edən Donald Trampın iqtisadi strategiyası son 4 ildə yürüdülən siyasətdən fərqlənir - bunu hiss edən Avropa isə artıq narahatlıq keçirməyə başlayıb. Vaşinqton ilə Moskva arasında münasibətlərin yeni dinamika qazanması “köhnə qitə”ni “fakt” qarşısında qoya bilər - səbəb isə Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların daha çox Avropa üzərindən həyata keçirilməsi ilə bağlıdır. Başqa sözlə, Rusiyaya qarşı embarqolar yalnız Avropanın şərq ilə iqtisadi münasibətlərini tam sıradan çıxarıb və ABŞ-ın oyunu tərk edəcəyi halda, Avropa ortada tək qalacaq.

Buna paralel olaraq Kiyevin silah-sursatla təmin olunması ilə bağlı “öhdəliklər” məsələsi də var - ABŞ-ın təminatdan imtina edəcəyi halda avtomatik olaraq Kiyevin əsas “dayağı” məhz Mərkəzi Avropa sayılacaq. Mərkəzi Avropanın aparıcı dövlətləri sayılan “avrosentrist” qrup isə indiki halda bu təminatı həyata keçirmək iqtidarında deyil.

Miqrant qorxusu, soyuq qış xofu...

Digər bir əsas məqam isə Ukraynadan Avropaya köç etmiş miqrantların gələcəyi məsələsidir. Avropanın bu və ya digər şəkildə  “kollektiv Qərb”in “portmanatından” maliyyələşdirdiyi miqrantları öz gücü ilə saxlaya bilməyəcəyi faktdır - beləliklə, ABŞ-ın Moskva ilə radikal münasibətləri ilıqlaşdırması Qərbin bəzi iqtisadi “reallıqlarla” qarşı-qarşıya qalmasına da yol açacaq.

İkinci bir tərəfdən, artıq bir sıra Qərb mətbuatı ABŞ-ın yeni dövrdə Avropa ilə ticarət münasibətlərində yeni tarif siyasəti yürüdəcəyini yazır - bu halda, “köhnə qitə”nin onsuz da çətin vəziyyətdə olan enerji təminatı məsələsi yenidən gündəmə gələ bilər. Avropanı narahat edən ən əsas məsələlərdən biri məhz budur - qarşıdan gələn qış mövsümü Ukrayna sülhü ilə yanaşı, Avropa üçün dondurucu perspektiv də vəd edir...

Zelenskinin cəhdi alınmadı...

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsun Vladimir Putinlə telefon danışığını tənqid edib. Onun sözlərinə görə, Şoltsun açdığı “cığır” digər liderlərin də Moskva ilə danışıqlara başlaya bilmə ehtimalını formalaşdırır. Bu isə çox güman ki, “təcrid vəziyyətini yüngülləşdirəcək”. “Reuters”in məlumatına görə, Ukrayna prezidenti bir müddət öncə Şoltsu Moskvaya telefon zəngi etməkdən çəkindirməyə çalışıb, amma bu alınmayıb.

Kremlin şərtləri dəyişməyib...

Vurğulandığı kimi, Almaniya kansleri Moskvanı ədalətli və davamlı sülhün bərqərar olması üçün Ukrayna ilə danışıqlar aparmağa dəvət edib. “Reuters”in məlumatına görə, bu çağırış Ukraynanın silah və şəxsi heyət çatışmazlığı səbəbindən getdikcə daha çətin vəziyyətə düşdüyü zamana təsadüf edir.

Rusiya mətbuatı yazır ki, Putin hazırkı vəziyyətin səbəblərini izah edərkən NATO-nun “genişlənmə” planına da işarə edib. Ukrayna ərazisindən anti-Rusiya körpüsü yaratmağa, ölkəsinin təhlükəsizliyini təhdid altına düşməsinə imkan verməyəcəyini bildirən Rusiya lideri bununla belə danışıqlardan da imtina edilmədiyini deyir - hansı ki, bu ilin iyununda Putin Moskvanın atəşkəs və danışıqların başlaması üçün şərtlərini açıqlamışdı:

- Ukrayna qoşunları Donbass, Zaporojye və Xerson vilayətləri ərazisindən çıxarılmalı;

- Bu bölgələrin və Krımın Rusiyanın bir hissəsi kimi tanınması;

- Ukrayna NATO-ya üzv olmaqdan imtina etməli və onun nüvəsiz ölkə statusu yenidən təsdiqlənməli;

-  İqtisadi sanksiyaların ləğvi.

Zelenski isə öz növbəsində bu şərtləri “ultimatum” adlandırmışdı və 1991-ci il sərhədlərinə qayıtmaqda israr etmişdi.

P.İSMAYILOV

Seçilən
246
50
yeniazerbaycan.com

10Mənbələr