AZ

Fermerlərə aqrar sığorta ödənişləri verildi - FOTO

Aqrar Sığorta Fondu fermer təsərrüfatlarına dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir. 

Redaktor.az xəbər verir ki, dekabrın 27-də Cəlilabad, Biləsuvar, Yardımlı və Lerikdə sığortalanmış fermerlər və təsərrüfatların bir hissəsinə sığorta ödənişləri təqdim edilib. 

Tədbirdə iştirak edən fermerlərə ümumilikdə 40 min manatdan artıq ödəniş edilib. Nəticədə qeyri-sabit hava şəraiti - dolu, sel, subasma, leysan, fırtına, şaxtavurma nəticəsində təsərrüfatları ziyan görən təsərrüfat sahibləri itirdikləri vəsaitləri dövlət dəstəkli sığorta sayəsində ödəniş şəklində əldə ediblər. 

Zərər ödənişləri Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarındakı buğda-arpa sahələri, Lerikdə isə ərik bağı üzrə verilib. Biləsuvar rayonunda təşkil edilən tədbirdə bildirilib ki, ölkədə aqrar sığortanın əhatə dairəsi və ödənişləri sürətlə genişlənir. 2023-cü ilin 11 ayının nəticələrinə görə, Fond tərəfindən zərər görən təsərrüfatlara ümumilikdə 4 milyon manata yaxın ödənişlər edilib və bu məbləğ günü gündən artmaqdadır.

Qeyd olunub ki, sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahələrini çoxsaylı risklərdən qoruya bilirlər. 

Tədbirdə iştirak edən Cəlilabadlı fermer Gülməmməd Ağaşov bildirib ki, 30 hektarlıq arpa və buğda sahəsini sığorta etmək üçün cəmi 221 manat, yəni hər hektar əkinə görə cəmi 7 manat sığorta haqqı ödəyib. Sahədə baş verən zərərə görə isə Aqrar Sığorta Fondu ona 13 min manatdan artıq ödəniş edib. 

Sığorta ödənişi ilə bağlı növbəti tədbir Lerik rayonunun Lələhiran kəndində keçirilib. Burada təsərrüfat sahibi Məhərrəməli Zeynalova məxsus olan 0,6 hektar ərik bağına şaxtavurma nəticəsində dəyən zərər üzrə fermerə 3847 manat ödəniş edilib.

Təsərrüfat sahibi bildirib ki, bağını hər il sığorta edir, sonuncu dəfə 126 manat sığorta haqqı ödəyib, hadisədən dəyən zərərə görə isə 3900 manata yaxın ödəniş alıb. 

Tədbirdə Lerik rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Cahani Nüsrətzadə dövlətin aqrar sahəyə daim dəstək verdiyini, aqrar sığortanın da mühüm dəstək növlərindən biri olduğunu bildirib. DAİM rəhbəri aqrar sığortanın fermerlər üçün olduqca sərfəli şərtlərlə təqdim edildiyini vurğulayaraq təsərrüfatları bu imkandan istifadə etməyə çağırıb.

Aqrar sığortadan faydalanan təsərrüfat sahibləri digər fermerləri də sığortadan istifadə etməyə çağırıblar. 

Aqrar Sığorta Fondu bu il ərzində əkin sahələri, bitkiçilik və heyvandarlıq üzrə indiyədək təxminən 4 milyon manata yaxın sığorta ödənişi həyata keçirib. 

Fermerlər təsərrüfatlarını sığortalamaq üçün 1651 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər. Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlərlə bağlı ətraflı məlumatı fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) öyrənmək olar. Fermerlər «Sığorta kalkulyatoru» (//asf.gov.az/bitkicilik-sigortasi-kalkulyatoru) vasitəsilə öz təsərrüfatlarının sığorta haqqını və sığorta təminatını asanlıqla hesablaya bilərlər. 

Seçilən
47
2
redaktor.az

3Mənbələr