AZ

Həmin dünya liderləri ona görə Bakıya gəlmədilər ki...

İnkişaf etmiş ölkələrin liderlərinin COP29-da iştirak etməməsi öz aləmlərində rəsmi Bakıya yox, yaratdıqları BMT-yə hörmətsizlikdir. Bakı beynəlxalq qurumun üzvlərinin səs çoxluğu ilə qəbul etdiyi keçirilmə məkanıdır. Bakı sadəcə yüksək təşkilatçılıqla bu işi öhdəsinə götürən məkandır, Xəzərin sahilində yerləşən bir ölkədir, yəni dünyanın bir parçası.

Bir də inkişaf etmiş ölkələrin liderləri hansı üzlə bu tədbirə gəlməlidir ki. Birincisi, dünyanın ekoloji cəhətdən daha çox fəlakətlə üz-üzə qoyan inkişaf etmiş ölkələrdir, əsasən Bakıya gəlməyənlər. Öz ölkələrində ekoloji tarazlığı qorumaq üçün zavodları Afrika, Asiyanın kiçik ölkələrində tikirlər ki, nə olursa, onlara olsun. Anlamırlar ki, istixana qazları kiçik ölkə-zad, hava məkanı tanımır, buxar, tüstü ümumi dünyanı əhatə edir, buludlar da, günəş də ayrı deyil, birdir, təkdir, yeganədir. Qara yağış yağanda da ümumi bütün ölkələrin başına yağacaq, qlobal istiləşmə də onları qış vaxtı haqlayacaq.

Həmin dünya liderləri ona görə Bakıya gəlmədilər ki, yalançıdılar, verdikləri sözə əməl etmirlər. COP29-un gündəminin ən mühüm bəndi iqlim proqramlarını maliyyələşdirmək üçün inkişaf etməkdə olan ölkələrə ildə bir trilyon dollara qədər vəsaitin ayrılması barədə razılığa gəlməkdir. Hazırda belə maliyyələşdirmənin həcmi 100 milyard dollardır və onun müddəti bu il başa çatır. 2020-ci ildən bəri zəngin və ya inkişaf etmiş ölkələr bu öhdəlikləri yerinə yetirmirlər.

Bu prosesə etinasızlıqla yanaşdılar, istixana buxarının normasını artırdılar. Danışanda da minnət qoyurlar ki, biz xeyriyyəçiliklə məşğuluq. Halbuki bu xeyriyyəçilik deyil, etdiklərinin yuyulmasıdır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Steel də dedi ki, iqlim maliyyəsi xeyriyyəçilik deyil. Onun sözlərinə görə, belə addımlar hər bir ölkənin, o cümlədən ən böyük və ən zəngin ölkələrin maraqlarına tam cavab verir:

“Əgər dünya ölkələrinin ən azı üçdə ikisi tullantıları (atmosferə karbon qazı) kəskin şəkildə azaltmağa gücü çatmasa, hər bir ölkə bunun bədəlini ödəyəcək”.

Dünya liderlərinin hər COP tədbirində yalan və etinasızlıq dolu bəyanatlar verməsi, həmin bədəlin ödənməsinin zamanını yaxınlaşdırır. Ötən il Dubayda keçirilən analoji sammitdə ölkələr mədən yanacaqlarından mərhələli şəkildə imtina etmək barədə razılığa gəlmişdilər, lakin o vaxtdan bəri onların istifadəsi və satışı artmaqda davam edib. İnkişaf etməkdə olan kiçik ölkələrin rəhbərləri bərli-bəzəkli bəyanatların reallığa çevrilməsi ümidilə Bakıya gəlmişdilər ki, cəhənnəmə çevrilən iqlim dəyişikliyi üçün onlara maliyyə ayrılsın. Lakin inkişaf etmiş ölkələr guya Bakını bəhanə edib təşrif buyurmadıar. Halbuki Bakı bəhanə idi. Bu işə könülsüz yanaşırlar və xəsislik əsas səbəbdir.

O ki qaldı Bakıya kiçik ölkə rəhbərlərinin gəlişinə ağız büzən, Azərbaycanın həmin ölkələrlə əlaqələrinə dodaq qaçıranlara, unutmayaq ki, onlar BMT-nin üzvüdür, həm də bir səs deməkdir. Sabah Azərbaycanı haqsız yerə diz çökdürməyə çalışsalar, o bir səs ölkəmizi xilas edər.

Azər Qismət

Seçilən
45
3
qafqazinfo.az

4Mənbələr