AZ

Ermənistanın müharibə cinayətləri beynəlxalq müstəvidə ifşa olunur

Azərbaycanın təşəbbüsü ilə BMT-də “İtkin düşmüş şəxslər” adlı qətnamə qəbul edilib

Ermənistanın işğalçı siyasəti dövründə azərbaycanlıların qətlə yetirilməsi və kütləvi şəkildə basdırılmasını sübut edən faktların sayı artmaqdadır. 30 illik işğalçılıq zamanı xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədilib. Bu cinayətlər sırasında Birinci Qarabağ müharibəsi dövründə 4 minə yaxın azərbaycanlının itkin düşməsi və onlara qarşı qeyri-insani rəftar xüsusi yer tutur. Ermənistan hələ də onların taleyi haqqında heç bir məlumat vermir. Bu isə beynəlxalq cinayətdir. Ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunduqdan sonra erməni vəhşiliyi faktlarla ortaya çıxır. İşğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar edilməsi də bunu təsdiqləyir.

Ərazilərimiz azad edildikdən sonra kütləvi məzarlıqlar aşkarlanıb

Xatırladaq ki, ilk olaraq Fərrux yüksəkliyində, Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqlar aşkar edildi. Daha sonra, Kəlbəcərin Başlıbel kəndində, Şuşa türməsinin ərazisində, Ağdam rayonunda, Kəlbəcərdə də belə məzarlıqlar üzə çıxarıldı. Eləcə də Xocalı soyqırımının qurbanlarının bir hissəsinin kütləvi basdırıldığı ərazilər aşkarlandı. Bütün bunlar erməni vandalizminin göstəriciləridir. Kütləvi məzarlıqda aşkar olunan cəsədlərdə zorakılıqlar aşkar olunub, inanlar əli qandallı basdırılıblar. Bütün bunlar ermənilərin insanlığa qarşı cinayətləridir. Müvafiq qurumlar tərəfindən DNT analizi vasitəsilə həmin cəsədlərin kimə məxsus olduğunu müəyyən edilir. Artıq onların bəziləri müəyyən edilərək doğmalarına təhvil verilərək dəfn olunublar.

Azərbaycan dövləti Ermənistanın bütün cinayətlərini, o cümlədən itkin düşmüş vətəndaşlarımızla bağlı məlumatları dünya ictimaiyyətinə çatdırır. Yeri gəlmişkən, noyabrın 15-də BMT Baş Assambleyasının 3-cü  Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb.

56 ölkə həmmüəllif qismində qoşulub

Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari çıxışında “İtkin düşmüş şəxslər” adlı qətnamənin ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyini və qətnamənin hər iki ildən bir irəli sürüldüyünü xatırladıb. N.Ahəngari qətnamənin əsas məqsədinin silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qabaqlanması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsi olduğunu vurğulayıb.

Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, bu ilki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O qeyd edib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb. Qətnamədə, eyni zamanda, BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunub.

İtkin düşmüş şəxslərlə bağlı Ermənistana beynəlxalq təzyiq göstərilməlidir

Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində 3890 vətəndaşımız Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb  və aşkar olunmuş kütləvi məzarlıqlarda onların bəzilərinin qalıqları eyniləşdirilib. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır.

İnsanlığa qarşı törədilən bu cinayətlər cəzasız qalmamalıdır və qalmır. 44 günlük Vətən müharibəsində xalqımıza qarşı cinayətlər törətmiş ermənilərin bir qismi öz cəzalarını aldılar. Eləcə də 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilmiş antiterror tədbirləri zamanı separatçılar diz çökdürüldü, onların başçıları həbs olunaraq Bakıya gətirildilər. Bu canilər törətdikləri cinayətlərə görə cavab verəcəklər. Lakin minlərlə azərbaycanlının taleyi haqqında hələ də məlumat yoxdur. Ermənistan tərəfi bu məlumatları verməlidir. Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq səviyyədə təzyiq göstərilməlidir. Çünki itkin düşmüş azərbaycanlıların taleyi haqqında məlumat vermək rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklər sırasındadır. Bununla belə, itkin düşmüş həmvətənlərimizin taleyi ilə bağlı dövlətimiz bütün imkanlardan istifadə edir. Bu baxımdan, BMT-də Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamənin qəbul olunması böyük əhəmiyyət kəsb edir.

Nardar BAYRAMLI

Seçilən
28
yeniazerbaycan.com

1Mənbələr