AZ

NBA-da oynamış basketbolçu: "Ailəm özünü Bakıda çox rahat və təhlükəsiz hiss edir" - MÜSAHİBƏ

"Sabah"ın amerikalı basketbolçusu Hassani Qravettin İdman.biz-ə müsahibəsi

- Avropa kubokunda "Nörçöppinq"ə qarşı matçda ən çox xalı siz topladız. Lakin son görüşdə qələbə qazansaz da, yarışla vidalaşdız. Görüşü necə dəyərləndirərdiz?

- FIBA Avropa kubokun son oyunumuzda qələbə qazandığımız üçün çox şadam. İstənilən halda, bu, vacib idi. Əsas odur ki, bunu bacardıq. Mövsümü "dabl-dabl"la, demək olar ki, "tripl-dabl"la başa vurmaq heyrətamizdir.

- Bəs evdə uduzduğunuz rəqibə səfərdə nəyin hesabına qalib gəldiz?

- Avrokubok mövsümünün startı bizim üçün yaxşı alınmadı. Komanda potensialını göstərə bilmədi. Zədələrə və heyətdəki çətinliklərə baxmayaraq, komandada oyunçular arasında anlaşmanı düzəltməyə çalışırdıq. Ev və ya səfər matçlarından asılı olmayaraq, hər birinə uğurlu nəticə üçün çıxırdıq və əksər görüşlərdə də buna yaxın olurduq.

- Avropa kubokunda “Sabah”ın ümumi çıxışını necə qiymətləndirirsiniz?

- Hər imkandan yararlanmağa çalışdıq. 6-7 oyunçu ilə bunu bacarmaq çox çətin idi.

- NBA-nın "Orlando Magic" klubunda oynayarkən Azərbaycana gəlib "Sabah" formasını geyəcəyinizi heç təsəvvür edə bilərdiz? Buraya gəlməzdən əvvəl ölkəmiz barədə nəsə bilirdiniz?

- Düzünü desəm, "Sabah"a gələnə qədər Azərbaycan haqda məlumatsız idim. Əlbəttə ki, hər kəs kimi mənim də arzum həmişə NBA-da çıxış etmək idi.

- İndi yalnız Azərbaycan çempionatında oynayacaqsınız. Köklənmək çətin olmayacaq?

- Artıq buna özümü tam kökləmişəm.

- Ölkəmizə adaptasiya ola bilmisiz? Azərbaycanda ən çox bəyəndiyiniz nədir?

- Ailəmlə birgə Bakıya hər gün daha çox uyğunlaşıram. Gözəl şəhərdir. Ailəm özünü burda çox rahat və təhlükəsiz hiss edir. Yeməklər də çox dadlıdır.

Emin Ağa
İdman.biz

Seçilən
24
1
idman.biz

2Mənbələr