“Qarabağ”ın futbolçusu Marko Yankoviç və “Neftçi”nin oyunçusu Edvin Kuç Monteneqro yığmasında növbəti oyunlarını keçiriblər.
Arena.az xəbər verir ki, Azərbaycanda çıxış edən bu iki oyunçunun formasını geydiyi Monteneqro millisi ötən gecə UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda İslandiya yığması ilə qarşılaşıb.
Qarşılaşma İslandiya milli komandasının qələbəsi ilə başa çatıb – 2:0.
Yankoviç start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, matçın 58-ci dəqiqəsində sarı vərəqə alıb. Kuç isə 46-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, 5 turdan sonra Monteneqro millisinin xalı yoxdur. İslandiya isə 7 xalla ikincidir. Qrupa 11 xalla Türkiyə yığması liderlik edir.
Edvin Kuç “Neftçi”yə bu ilin yayında azad agent kimi keçib. 30 yaşlı mərkəz yarımmüdafiəçisinin paytaxt klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, “ağ-qaralar”ın heyətində 9 oyuna çıxsa da, fərqlənə bilməyib. Kuç 2023-cü ilin oktyabrında debüt etdiyi Monteneqro yığmasında 10 oyun keçirib, 3 qol vurub.
Marko Yankoviç isə 2022-ci ilin iyul ayından “Qarabağ”da çıxış edir. 29 yaşlı yarımmüdafiəçinin Ağdam klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var. O, “Qarabağ”ın heyətində 103 oyuna çıxıb, 7 qol vurub, 13 assist edib. Marko 2016-cı ilin mayında debüt etdiyi Monteneqro yığmasında 51 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Turan Tovuz”un müdafiəçisi Denis Marandiç və “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın formasını geyindiyi Moldova millisi də UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb. Səfərdə Andorra ilə üz-üzə gələn moldovalılar çətin qələbə qazanıblar. Onlar yeganə qolu yalnız oyuna əlavə olunan 2-ci dəqiqədə vura biliblər.
Avramla Marandiç bu oyunda şans qazanmayıblar. Onlar sona qədər ehtiyatda qalıblar.
Moldova yığması D Liqasında 2-ci qrupda 9 xalla birinci sırada qərarlaşıb.