AZ

COP29-da Mərkəzi Asiya ölkələri qadınlarının təmsilçisi kimi iştirak etmək qürurvericidir -Nurzat Abdirasulova

“Tədbirdə mərkəzi Asiya ölkələri qadınlarının təmsilçisi kimi iştirak etmək və çıxış etmək qürurvericidir. Energetika sektorunda əmək fəaliyyətimə Qırğızıstanda başlamışam. Bu sahə kişilər tərəfindən dominant olmuşdu. Təbii ki, o zamanlar energetika sahəsinda qadın kimi işləmək həyat baxımından çox çətin idi. Mən orada öz şəbəkəmi qurmağa başladım.”

Bu fikirləri “Unison Group”un təsisçisi və prezidenti Nurzat Abdirasulova COP29 çərçivəsində Yaşıl Zonada “Dəyişiklikləri yönləndirən qadınlar: Dayanıqlı gələcəyin çempionları” mövzusunda keçirilən panel müzakirəsi zamanı bildirib.

Nurzat Abdirasulova qeyd edib ki, Qırğızıstanda energetika səmərəliliyi barədə işlər görürük: “Təşkilatın missiyası ətraf mühitin mühafizəsi, yaşıl iqtisadiyyatın qurulması, insan kapitalının artırılması, habelə dövlət, cəmiyyət və biznes arasında konstruktiv dialoqun gücləndirilməsi sahəsində bilik və innovasiyaların ötürülməsi yolu ilə Qırğızıstanın davamlı inkişafına kömək etməkdir. “Unison Group” ətraf mühitin mühafizəsi və davamlı ekoloji inkişaf sahəsində fəaliyyət göstərən müxtəlif dövlət və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir. Dünya liderlərinə, maliyyə institutlarına, donorlara və vətəndaş cəmiyyəti təşkilatlarına Mərkəzi Asiyada dayanıqlığın yaradılması üçün ən vacib məsələlər və perspektivli sahələr üzrə məsləhət xidmətləri göstəririk.”

“Unison Group”un prezidenti vurğulayıb ki, ilk öncə energetika siyasətinin gücləndirilməsi işlərini həyata keçirdik: “Biz ilkin olaraq Qırğızıstanda energetikanın idarə olunmasını qurduq. Təbii ki, bu istiqamətdə görüləsi işlər çox idi. Təbiətin mühafizəsi, yaşıl iqtisadiyyatın qurulması, insan kapitalının artırılması, eləcə də dövlət, cəmiyyət və biznes arasında konstruktiv dialoqun gücləndirilməsi sahəsində bilik və innovasiyaların ötürülməsi kimi işlər həyata keçirdik.”

Qeyd edək ki, COP29 çərçivəsində keçrilən tədbirdə qadın liderlər öz ilhamverici işləri və innovativ həllərini, eyni zamanda gender bərabərliyinin iqlim dayanıqlılığı ilə necə əlaqəli olduğu barədə öz fikirlərini bölüşüblər. Panel sessiyasında iqlim sahəsində qadınların qarşılaşdığı özünəməxsus çətinliklər və imkanlar müzakirə olunub, həmçinin onların dayanıqlı gələcəyin qurulmasında oynadıqları həyati rol vurğulanıb.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
34
ikisahil.az

1Mənbələr