AZ

“Azərbaycanı tərk et!” –QHT-lər amerikalı konqresmenə qarşı aksiya keçirir

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri ABŞ-ın ermənipərəst konqresmeni Frank Peloniyə qarşı etiraz aksiyası keçirirlər.

Aksiya iştirakçıları azərbaycanlıları təhqir etmiş konqresmen Frank Peloninin xalqdan üzr istəməsini, dünənki dinc aksiya zamanı zorakılığa yol vermiş mühafizəçiləri ilə birlikdə cinayət məsuliyyətinə cəlb olunmasını və Azərbaycana qarşı böhtan kampaniyalarına görə cavab verməsini tələb edirlər.

Xatırladaq ki, dünən bir qrup vətəndaş cəmiyyəti təmsilçisi Frank Peloninin qaldığı hotelin qarşısında dinc etiraz aksiyası keçirərək Azərbaycan xalqından üzr istəməsini və ölkəni tərk etməsini tələb etmiş, onun müharibə cinayətkarlarına himayəçilik edən şəxs olduğunu, belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsinin COP tarixinə utancverici hadisə kimi düşəcəyini bildirmişdilər. Hadisə zamanı aksiya iştirakçıları Frank Peloninin mühafizəçiləri tərəfindən hücuma məruz qalıb, müxtəlif bədən xəsarətləri alıblar.

Xatırladaq ki, ötən gün gecə Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib: “Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib. Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirirək Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarlarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib”.

Bu gün davam edən dinc aksiya zamanı QHT fəalları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Frank Peloninin mühafizəçilərinə qarşı cinayət işi açılması üçün müraciət imzalayıblar.

QHT nümayəndələri Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini də tələb ediblər.

Seçilən
40
17
azpost.info

10Mənbələr