AZ

COP29-un qadınlarla bağlı panel sessiyasında zərif cinsin nümayəndələrinin ambisiyalı olmalarına çağırış edilib

Noyabrın 17-də COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları” mövzusunda panel sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, panel sessiyasında Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos, “onepoint5”in təsisçi tərəfdaşı və baş direktoru, eyni zamanda, UNFCCC-nin sabiq icraçı katibi (2016-2022) Patrisia Espinoza, həmçinin “Unison Group”un təsisçisi və prezidenti Nurzat Abdirasulova iştirak ediblər.

Panel sessiyada qadınların iqlim dəyişikliyi ilə mübarizə proseslərində iştirakı qənaətbəxş hesab edilsə də, onların liderlər səviyyəsində iştirak göstəricisinin aşağı olduğu bildirilib. Qeyd olunub ki, 30 il ərzində keçirilən COP tədbirlərində cəmi 5 konfrans qadınlara həsr edilib, bu da qadınların potensialın üzə çıxarılması baxımından o qədər də müsbət hal deyil.

Çıxış edənlər qadınların COP-da iştirak məsələsinə toxunub, Qərbi Avropa və Latın Amerikası ilə müqayisədə Afrika və Asiyadan daha az qadının belə tədbirlərə qatıldığına diqqət çəkib, bərabər iştirakçılığın təmin olunmasına çalışmağın zəruriliyini diqqətə çatdırıblar.

Onlar yaşıl enerjiyə keçidin qadınlar olmadan mümkünsüzlüyünü, planet əhalisinin 50 faizini təşkil edən qadınların böyük energetika şirkətlərinin idarə heyətlərində təmsil olunmalarının vacibliyini vurğulayıblar.

Qadınların uğur hekayəsinin 30 faiz zəhmətdən, 70 faiz isə bəxt amilindən asılı olduğu bildirilib.

Sessiya iştirakçıları qadınları ambisiyalı olmağa və öz məqsədləri naminə inamlı addımlar atmağa səsləyiblər. Qadınların bir-birinə motivasiya vermələrinin, uğura gedən yolda ilham mənbəyi olmalarının əhəmiyyəti qeyd edilib.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.

Seçilən
39
2
xalqqazeti.az

3Mənbələr