Venesuela yığmasına qarşı keçirilmiş oyun Braziliya millisinin sağ cinah hücumçusu Rafinya üçün əlamətdar olub.
Arena.az xatırladır ki, Braziliya millisi 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin 11-ci turu çərçivəsində səfərdə, Venesuela yığması ilə gözlənilməz heç-heçə oynayıb – 1:1.
Rafinya oyunun 43-cü dəqiqəsində cərimə zərbəsindən birşaba zərbə ilə “selesao”nun qoluna imza atıb. Bununla da o, son 19 ildə Braziliya yığmasının heyətində dünya çempionatının seçmə mərhələsində birbaşa cərimə zərbəsindən qol vurmuş ilk oyunçu ünvanına sahib olub. Sonuncu dəfə müvafiq qolu 2005-ci ilin oktyabrında, Braziliya futbolunu əfsanəvi sol cinah müdafiəçisi Roberto Karlos, elə Venesuela yığmasına qarşı oyunda (3:0) vurmuşdu.
Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində heyətinə qatıb. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün 17 oyun keçirib, 12 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 104 oyun, 32 qol və 35 məhsuldar ötürmədən ibarətdir.
Rafinya Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 30 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı sağ cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.