AZ

Ruslan Hüseynov: “2-ci liqanın yaranması xəstəlikdən başqa bir şey deyil”

AFFA İntizam Komitəsi bayramqabağı keçirilən son iclasında 2-ci liqada çıxış edən “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynova 5 oyunluq cəza verib.

Buna səbəb kimi onun 9-cu turda “Füzuli” ilə oyunun 43-cü dəqiqəsində baş hakimi təhqir etməsi göstərilib. Üstəlik kluba da 400 manat cərimə kəsilib. Onsuz da maliyyə böhranı yaşayan bölgə təmsilçisi üçün bu lap bəd xəbər olub.

Baş məşqçi həqiqətən təhqirə yol verib, yoxsa verilən cəza ilə razılaşmır? Bunu “Ağdaş”ın çalışdırıcısı Ruslan Hüseynovdan soruşduq.

Onun qəzetimizə açıqlaması:

“Apellyasiya şikayəti etməyəcəyik. Çünki bəlli məbləğ ödəməliyik. Bu da bizə lap çətindi. Çəkilişə düşən də deyil ki, nəyisə sübut edə bilək. Orda “kor” sözü işlətmişəm. Ötən il də oxşar məqam olmuşdu, onda kameraya düşmüşdü. Apellyasiya şikayəti verməyin qiyməti 500 manatdı. Amma bu heç də ədalətli cəza deyil. 5 oyun azmış kimi, bu vəziyyətdə olan klub üçün 400 manat cərimə çox böyük cəzadı. Rəqibin oyunçuları da hakimi rusca təhqir etdilər, hətta onun üzünə söydülər. Epizodda penalti vardı, mən də etiraz etdim. Amma söyüş söyməyi heç tərbiyəmə yaraşdırmaram. Komandanın idarəçisi də, çalışdırıcısı da mənəm deyə, hər yük boynuma düşür. Ona görə də durum açınacaqlıdı”.


Ruslan bəy “Ağdaş”ın maliyyə problemlərinin də olduğu kimi qaldığını dedi:

“Heç bir yenilik yoxdu. 2-ci liqanın yaranması xəstəlikdən başqa bir şey deyil. Tək-tük ölkələrdən biriyik ki, AFFA 2-ci liqaya büdcə ayırır. Amma 14 komanda əvəzinə sayı yarıya endirib büdcəni artırmaq daha yaxşı olardı. Yarımpeşəkar olmaqdansa, bəzi komandaların sürünnməsindənsə, kaş 8 peşəkarını seçəydilər, həmin pulu da onlar arasında böləydilər. İndiki durum isə ancaq sürünməkdi. “Lerik” də bizim kimidi. Biz yenə də  “Füzuli”nin vəziyyətinə düşməmək üçün çalışırıq. “Hypers Quba” kimi bizim də sponsorumuz olsaydı, indi belə acınacaqlı duruma düşməzdik. Futbolçularım da keyfiyyətli, bacarığı olan uşaqlardı. Baxıram elə komandalar var ki, onlarda olan şərait, imkan bizə yaradılsaydı, indi haralarda olmazdıq ki... Bilirsiz ki, mərhum klub rəhbəri Rəhman Əliyevin ruhu şad olsun deyə, borc-xərc tapıb birtəhər idarə edirik. Əvvəldən futbolçularla danışığımız, sözümüz belə olub ki, nə olsa da, klubu buraxmayacağıq. 9 il bir yerdə çalışdığım dostum bir günün içində faciəvi şəkildə həyatdan köçdü, onun ruhu şad olsun deyə, klubu yaşatmağa çalışırıq. Yoxsa mənim üçün aşağı liqaya düşüb-düşməmək önəmli deyildi”.


RÖYANƏ OĞUZ
Seçilən
57
football-plus.az

1Mənbələr