AZ

Futbolumuzun ağır həftəsi: nəticələr yenə məyusedicidir

Azərbaycan milli komandaları üçün daha bir uğursuz həftə başa çatdı. İstər aşağı yaş qrupları, istərsə də əsas yığma məyusedici nəticələrlə yenidən futbolumuzun real mənzərəsini göstərdi.

Əvvəlcə 17 və 19 yaşadək futbolçulardan ibarət komandalarımız Avropa çempionatının seçmə mərhələlərində mübarizəyə qoşulub.

U-17

İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv ilkin mərhələdə Yunanıstan, Macarıstan və Rumıniya ilə birlikdə 6-cı qrupda yer alır. İlk oyunu Macarıstana qarşı keçirən U-17-lər böyükhesablı məğlubiyyət yaşayıb. Rəqibindən 4 qol buraxan komanda fərqlənməyi bacarmayıb.

İkinci görüşündə isə Yunanıstandan olan həmyaşıdları ilə bacarmayıb. Yadullayevin yetirmələri bu dəfə 0:3 hesablı məğlubiyyətə üzülüb. Qrupda 2 oyundan sonra xalı və qolu olmayan, 7 qol buraxan komandamız 4-cü sıradadır. Növbəti sınaq isə rumınlara qarşı olacaq. Bu kollektiv də millimiz kimi xalsız və qolsuzdur, sadəcə buraxılan qol sayında (3) yığmamızı üstələyən kollektiv 3-cü pillədədir.

U-19

Elxan Abdullayevin rəhbərlik etdiyi komanda ilkin mərhələnin 7-ci qrupunda İslandiya, İrlandiya və Moldova ilə mübarizə aparır. Birinci oyunda İslandiyadan olan həmyaşıdlarına 0:2 hesabıyla uduzan komandamız ikinci duelində irlandlara böyükhesabla uduzub – 0:4. U-19 da U-17 kimi qrupda xalsız və qolsuzdur. 2 oyuna 6 qol buraxan komanda 4-cü pilləni tutub.

Qrupdakı sonuncu görüş Moldovanın U-19 kollektivinə qarşı olacaq. Moldovalılar isə millimizdən fərqli olaraq İrlandiya ilə heç-heçə edib (0:0) və bir xalla 3-cüdür. Qrupda ilk iki yeri tutanlar növbəti mərhələyə yüksələcək. Üçüncü sıradakı komanda isə digər üçüncülər arasında ən yaxşı göstəriciyə sahib olarsa, ikinci raunda yüksələcək. Milli növbəti mərhələ şansını saxlamaq üçün mütləq qələbə qazanmalıdır.

Əsas yığma

Millinin problemlərinin qabarıq biruzə verdiyi yer əsas milli komandadır. Fernandu Santuşun rəhbərlik etdiyi milli Millətlər Liqasında 5-ci oyununda da qələbə qazana bilməyib. Daha əvvəl İsveçə, Slovakiyaya (2 dəfə) və Estoniyaya uduzan yığmamız Qəbələdə estonlarla qolsuz heç-heçəyə razılaşıb. Matçda bir çox qol şansı yaratmağımıza baxmayaraq, fərqlənmək alınmadı və nəticə yenə məyusedici oldu.

Qrupda artıq son sınaq var və bir xalı olan millimizin C Liqasında qalma şansları möcüzəyə bərabərdir. İsveç məğlub edilməli, estonlar uduzmalı və C Liqasının digər qruplarındakı üçüncülərdən Lüksemburq xal itirməlidir.

İstər aşağı yaş komandalarının, istərsə də əsas yığmamızın baş məşqçisi oyunsonrası fikirlərində ümidlə dolu danışır.

Azərbaycan futbolunun əsas problemi uşaq futbolundan başlayır. İllərdir yazılan, deyilən, qabardılan problemlər davam etməkdədir. Şəraitsizlik, bölgələrin diqqətdən kənarda qalması və s. Liqalar üzrə bölgə komandalarının sayı artmasına baxmayaraq, artıq ikinci mövsümdə klublarda maliyyə problemləri, oyunçu çatışmazlığı problemləri üzə çıxır. Eyni zamanda stadionların saylarının azlığı, süni örtüklü meydançalarda məşq edən uşaqların erkən yaşda xroniki zədə almaları mənfi amillərdəndir.

AFFA inkişaf strategiyasının hazırlanması üçün Belçika şirkətləri ilə müqavilə imzalayıb. Lakin artıq üç aya yaxın vaxt keçməsinə baxmayaraq, nə inkişaf planı var, nə görülən işlər haqda dolğun məlumatlar. Geriləmə davam edir, illər keçir, İslandiya, İrlandiya, Moldova kimi komandalar yüksəlməyə davam edir, milli komandalarımıza asanlıqla qalib gəlir. Gedişat yaxşı görünmür, strategiyanın tez hazırlanması və işlərin bir neçə qoldan sürətlə başlaması və davam etdirilməsi mühümdür.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Seçilən
33
futbolpress.az

1Mənbələr