AZ

Metyu Brayza: COP29 kənd təsərrüfatında yeni davamlı texnologiyaların inkişafı üçün platforma olacaq

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) “yaşıl zona”sına səfəri çərçivəsində şoranlaşmış torpaqların bərpa edilməsi və aqrar sektorda innovativ texnologiyalar təqdim edən "AZCHEMCO" şirkətinin pavilyonunda çıxış edib.

"Report" xəbər verir ki, çıxışı zamanı Metyu Brayza təkcə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində deyil, həm də qlobal miqyasda qabaqcıl aqrar texnologiyaların istifadəsinin vacibliyinə xüsusi diqqət çəkib. Belə ki, hazırda kənd təsərrüfatı qlobal iqlim dəyişikliyinin səbəblərinin 8 %-ni təşkil edir və bu sahədə siyasətin düzgün aparılmaması su qıtlığına və torpaqların deqradasiyasına səbəb olur.

"Azərbaycan Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişafına, qlobal ekoloji və iqlim təşəbbüslərinə sadiqliyi ilə bağlı dəqiq kurs müəyyən edərək, həm dövlət, həm də özəl sektorun göstərilən istiqamətlərdə inkişafı üçün bütün imkanları yaradıb. COP29 konfransının iqlim dəyişikliyi ilə mübarizədə dünya lideri kimi Azərbaycana verdiyi bugünkü nəhəng imkanlar dövlətin qlobal miqyaslı problemlərin həllində düzgün inkişaf kursunu tam əks etdirir.

"AZCHEMCO" dünyada yeraltı damcı suvarma sistemlərindən istifadə edərək yüksək dəqiqliklə tətbiq edilə bilən maye gübrələr istehsal edən 15 şirkətdən biridir ki, bu da su və gübrə istehlakını əhəmiyyətli dərəcədə azaldır və buxarlanmanın qarşısını alır. Şirkətin məhsulu - "Drip Drop 369" şoran torpağa daxil olarkən yeraltı damcı suvarma sistemlərindən suyu birbaşa kənd təsərrüfatı bitkilərinin köklərinə çatdıran kanallar yaradır ki, bu da məhsuldarlığı artırır. Nəhayət, bu məhsullar torpağın son onilliklərdə gübrə və suyun həddindən artıq istifadəsi səbəbindən yararsız hala düşməsinə səbəb olan duzları neytrallaşdıran kimyəvi reaksiyalar yaradır, bununla da torpağı yenidən məhsuldar kənd təsərrüfatı sahəsinə çevirir. "AZCHEMCO"nun texnologiyaları şirkətin maye gübrələri ilə birlikdə Xəzər regionunda su çatışmazlığı fonunda kənd təsərrüfatının inkişafının yeni tendensiyalarına uyğundur. Öz növbəsində, şirkətin maye azotlu gübrələri istixana effekti yaradan və qlobal istiləşməyə təsir göstərən azot oksidinin atmosferə buxarlanmasının miqdarını azaltmağa imkan verir," - Brayza çıxışında bildirib.

Panel müzakirələrinin sonunda "AZCHEMCO" şirkətinin nümayəndələri Metyu Brayza və gələn qonaqlara "Azelab" və "Intertek" şirkətləri tərəfindən aparılan laboratoriya tədqiqatları əsasında torpağın şoranlığının 3,6-dan 0,3-ə, elektrik keçiriciliyinin isə 9140-dan 291-ə qədər azalması ilə müşahidə olunan irəliləyişləri təqdim ediblər. Bu, öz növbəsində, şoran torpağın kənd təsərrüfatında istifadə oluna biləcəyini təsdiqləyir.

Seçilən
88
5
report.az

8Mənbələr