AZ

COP29 ilə əlaqədar avarçəkmə yürüşü təşkil EDİLDİ

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı bulvarında aksiya keçirib.

"Unikal" xəbər verir ki, “Təmiz suda avar çək!” devizi altında təşkil olunan yürüşə Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP-29 üçün Azərbaycana gəlmiş 50-dən çox fəxri qonaq qatılıb.

Bu tədbirin COP29 çərçivəsində keçirilməsindən danışan gənclər və idman naziri Fərid Qayıbov təbiətin və təmiz suyun insanlar üçün faydalı olduğunu söyləyib: “Bu yürüşdə iştirak edən və iqlim dəyişikliyi ilə mübarizədə öz töhfəsini verməyə çalışan hər kəsə təşəkkür edirəm. İnanıram ki, burada iştirak hər birimiz üçün böyük təcrübə olacaq”.

Jan Kristof Roland COP29-un dünyanın ən böyük və önəmli tədbiri olduğunu bildirib: “Bildiyimiz kimi, idmanın bir çox növləri iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyət daşımalıdır. Bakı kimi gözəl şəhərdə olmaqdan çox məmnunam. Ümid edirəm ki, bu şəhər növbəti illərdə də belə vacib tədbirlərə ev sahibliyi edəcək”.

Daha sonra AKAF-la Çinin 13 şəhərində 22 su idmanı mərkəzini idarə edən və Çində ən böyük su idmanı xidmətləri təminatçısı olan “Deep Dive” (Dip Dayv) təşkilatı arasında memorandum imzalanıb. Bu memorandum çərçivəsində tərəflər Azərbaycanda və Çində avarçəkmənin inkişafına, sağlam həyat tərzinin təşviqinə, gənclərə dəstək göstərilməsinə və təmiz təbii mühitin qorunmasına yönəlmiş birgə fəaliyyət göstərəcəklər.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, “Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlər dünyanın 100-dən çox şəhərini əhatə edir.

Seçilən
73
50
unikal.az

10Mənbələr