AZ

Körpələr evi-uşaq bağçasının keçmiş müdiri bəraət istəyir

Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının keçmiş müdiri, 1969-cu il təvəllüdlü Elmira Səfərovanın barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.


O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.


İttihama görə, Elmira Səfərova Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 iyun 2016-cı tarixli 27 nömrəli əmri ilə həmin tarixdən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilib. Ounun həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.


İstintaq orqanı tərəfindən Elmira Səfərovanın barəsində Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə və ya israf etmə - təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.


O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.


Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Elmira Səfərova 4300 manat cərimə olunub. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin edilməyib, Şirvan Şəhər Məhkəməsinin 06 mart 2024-cü il tarixli hökmü Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə münasibətdə dəyişdirilib. Elmira Səfərovaya Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmayıb. Şirvan Şəhər Məhkəməsinin çıxardığı hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

 

Kamal Məmmədov 

Tarix: 18 Noyabr 2024, 09:20   
Seçilən
18
pravda.az

1Mənbələr