AZ

Şimali Koreya Rusiyaya 100 min hərbçi göndərə bilər - “Bloomberg”

Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün ümumilikdə 100 minə qədər hərbi qulluqçu göndərə bilər. “Bloomberg” yazır ki, bu qiymətləndirmə G20 ölkələrindəki bəzi mənbələr tərəfindən verilib.

Agentliyin adının çəkilməsini istəməyən həmsöhbətləri vurğulayıblar ki, bunlar ilkin hesablamalardır və təsdiqlənsə belə, yüz min kontingent eyni vaxtda yerləşdirilməyəcək. Söhbət rotasiya nəzərə alınmaqla Rusiyaya hərbi dəstəyə cəlb oluna bilən Şimali Koreya hərbçilərinin ümumi sayından gedir.

“Bloomberg”in qeyd etdiyi kimi, oxşar qiymətləndirməni Ukraynanın Cənubi Koreyadakı səfiri Dmitri Ponomarenko daha əvvəl “Amerikanın Səsi”nə müsahibəsində vermişdi. Daha sonra diplomat bildirib ki, Ukrayna Kursk bölgəsinə göndərilən 15 min Şimali Koreya əsgərinin bir neçə aydan bir dəyişəcəyini gözləyir. Səfirin sözlərinə görə, KXDR-dən hərbi personalın Rusiya qoşunları tərəfindən işğal olunmuş Ukrayna ərazisinə yerləşdirilməsi də mümkündür.

Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün göndərilməsi 2024-cü il noyabrın 18-19-da Braziliyada keçiriləcək G20 sammitində müzakirə olunacaq mövzulardan biridir.

Ukrayna, Cənubi Koreya və ABŞ oktyabrın sonundan Şimali Koreya qoşunlarının Kursk bölgəsində olduğunu bildirir. Hər üç ölkənin nümayəndələrinin sözlərinə görə, ümumilikdə KXDR müharibədə iştirak etmək üçün Rusiyaya 12 minə yaxın hərbi qulluqçu göndərib. Nə KXDR, nə də Rusiya Federasiyası Şimali Koreya hərbçilərinin Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak edəcəyi barədə məlumatı birbaşa təsdiqləməyib. Eyni zamanda, Putin qeyd edib ki, Moskva KXDR rəhbərliyinin Rusiya ilə razılaşmalara “ciddi yanaşdığına” “heç vaxt şübhə etmir”. Noyabrın əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski KXDR ordusunun Kursk vilayətində ilk itkilərini verdiyini bildirib.

Seçilən
54
2
buta.media

10Mənbələr