AZ

Gülməli olmayan səfər…

Yazının başlığı kimdə, “məgər digər səfərlər gülməli olurdu ki?” fikrini oyatmadısa, bizlərdəndir və mətnin məğzini tam anlayacaq. Getdik…

Qəbələdə Estoniya ilə 0:0 oynayıb, ertəsi gün günorta ordan Stokholma uçmağa hazırlaşan milli komanda ilə eyni təyarədə biz də – idman mediasından bir neçə nəfər vardı. Yeni AFFA rəhbərliyi dönəmində “FutbolPress” olaraq ilk səfərimiz idi və dəvətə, diqqətə görə bəri başdan təşəkkür edirik. Hərçənd, bunadək də dəvət edilmişdik, lakin obyektiv səbəblərdən bir neçə idman KİV-nin məhz indi millini yaxından müşahidə etməyə imkanı oldu.

İlk növbətə diqqət çəkən, qeydədəyər nüans AFFA rəhbərliyindən yalnız icraçı vitse-prezident və baş katib vəzifələrini daşıyan Sərxan Hacıyevin səfər heyətində olması idi. Dəha dəqiq ifadə edilsə, assosiasiya rəhbərliyindən ən yüksək ranqlı şəxs Sərxan bəy idi.

Köhnə rəhbərlikdən “miras” qalan vitse-prezident Elşad Nəsirov gözə dəymədi. Milli Komandalar departamenti onun kurasiyasında olsa da, adamı millinin oyunlarında görmək müşküldür və bu, ona şamil olunacaq çoxsaylı neqativ məqamlardan biridir.

Bəs digər vitse-prezident Balakişi Qasımov niyə yox idi? Səhv etmirəmsə, bundan əvvəlki səfər oyunlarında da olmayıb. Subyektiv fikrimə görə, bu məsələ zərurətdən deyil, hansısa obyektiv/subyektiv səbəblərdən belə alınıb… Bu qənaətdə yanıla da bilərəm, lakin düşünmürəm ki, Balakişi bəyin “İctimai” TV-dəki və digər işlərinin çoxluğu ona milli ilə ezamiyyədə iştirak etməyə mane olsun. Şəxsən, mənimçün daha maraqlı onun səfər(lər)də iştirak etməsi olardı. Zamanla daha dəqiq bilinər….

AFFA-nın prezidenti Rövşən Nəcəf də iştirak etmədi. Oyun günü gələ bilərmi – bilmirəm, amma bildiyimə görə, indiyədək heç bir səfər matçında iştirak etməyib. Niyə?!

***

İsveçdəki matç onlar üçün əhəmiyyətli olmayacaq, çünki qrup liderliyini təmin ediblər və əsas heyətin bəzi oyunçuları iştirak etməyəcək. Bu amildən yararlanıb milli üçün stimul mühiti formalaşdırmaq olar. Lakin əhəmiyyətli rəhbər şəxslərin əksəri millinin yanında deyil. Bunlar futbolda vacib amillərdir…

Ən çox da bu binəva, milyonluq baş məşqçisi olub, Millətlər Liqasının “zirzəmisinə” – D Liqasına yuvarlanmaq təhlükəsində qıvrılan milliyə anlatmaq, başa salmaq lazımdır ki, Estoniya ilə doğma meydanda heç-heçə etmək gülməli deyil. Ümumiyyətlə, gülmək qadağan deyil, ancaq lakkırtı ilə gülən bəzi oyunçular heç vaxt anlamayacaqlar ki, milli komanda nə deməkdir, peşəkar futbolçu necə olmalıdır və s.

Belə şeylər lideri olmayan, tutarlı idarə olunmayan komandalarda olur.

Qəbələ hava limanında məsuliyyət hissindən uzaq bəzi oyunçuların… Nəysə; təkrar edirəm, gülmək qadağan deyil, ancaq abır da yaxşı şeydir.

***

Bunların əvəzinə orda olan AFFA rəhbərliyi və media qayğılı halıyla İsveç səfərində nəyin necə olacağını düşünür, ümumiyyətlə futbolumuzun zavallı gələcəyini dərd edirdi…

***

Stokholmun yaxınlığındakı Solna qəsəbəsində məskunlaşmışıq. Oteldə şam yeməyindən sonra ətrafla tanışlıq üçün həmkarım İlkin Fikrətoğluyla gəzintiyə çıxdıq. Sanki apokalipsis…

30-40 dəqiqə gəzib dolaşdıq, sükunət içində; nəinki adamlar, avtomobilə belə nadir rast gəldik.

Skandinaviya minimalizmin vətənidir, amma daha belə də yox.

***

Sabah oyuna çıxacaqlar da, görək gülməli nə var…

Qismət olsa, oyundan sonra daha geniş təəssüratla və detallı məqamlarla; görüşərik..

Elçin Cəlilov / Stokholm

Seçilən
17
futbolpress.az

1Mənbələr