AZ

11 ölkə İkiillik Şəffaflıq Hesabatlarını təqdim edib

11 ölkə İkiillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim edib.

Olaylar xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Nura Xamlaci "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.

"Bu il Paris Sazişi çərçivəsində Təkmilləşdirilmiş Şəffaflıq Sisteminin tam tətbiqi qeyd olunur. İlk İkiillik Şəffaflıq Hesabatları təqdim edilib. Mən bu hesabatları təqdim etməkdə lider olan ölkələri qeyd etmək istəyirəm: Andorra, Qayana, Panama, Yaponiya, İspaniya, Türkiyə, Qazaxıstan, Almaniya, Maldiv adaları, Niderland və Sinqapur. Bu ölkələr, həqiqətən də, digərləri üçün güclü nümunə göstərir. İkiillik Şəffaflıq Hesabatları hökumətlərin iqlim siyasətini dəqiqləşdirməyə və gücləndirməyə imkan verən etibarlı sübut bazası yaradır.

Bu hesabatlar nailiyyətləri qeydə alır, boşluqları müəyyən edir və əlavə səylər və resursların harada tələb olunduğunu göstərir. Hesabatlar birgə tərəqqimiz haqqında ətraflı mənzərə yaradır və hansı sahələrdə əlavə tədbirlər və dəstək göstərilməli olduğunu ortaya qoyur. Biz qəbul edirik ki, bu hesabatların hazırlanması və təqdim edilməsi prosesi, xüsusən də inkişaf etməkdə olan ölkələr üçün çətin ola bilər", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr