AZ

Mourinyo son 10 ildəki ən yaxşı startını reallaşdırsa da...

''Fənərbaxça'' Joze Mourinyonun başçılığı altında superliqada mövsümün ilk 11 oyunundan 8 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətlə ayrılaraq 26 xal toplayıb. Bu, ünlü portuqaliyalının məşqçi karyerasında son 10 ildəki ən uğurlu başlanğıcdı!

Mourinyo çempionatda bundan daha uğurlu startı sonuncu dəfə 2014/15-də ''Çelsi''nin başında reallaşdırıb. O vaxt London nəhəngi 11 tura 29 xal toplamış və sonda da premyer-liqanın çempionu olmuşdu. Ondan sonra 61 yaşlı mütəxəssis işlədiyi klubların heç birində bu cür göstəriciyə nail olmayıb.

Çempionluqdan sonrakı mövsüm Mourinyo ''Çelsi'' ilə ilk 11 oyuna yalnız 11 xal toplamış və mövsümün ortasında qovularaq böyük fiasko yaşamışdı. ''Mançester Yunayted'' bu məşqçi ilə 2016/17-də ilk 11 tura 18, 2017/18-də 23 xal toplamışdı. 2020/21-də artıq ''Tottenhem'' onun dönəmində ilk 11 oyunda aktivinə 24 xal yazmışdı. Son 3 mövsümdə isə Mourinyo bilindiyi kimi ''Roma''nı çalışdırmışdı. İlk 11 turlar üçün ''canavarlar'' 2021/22-də 18, 2022/23-də 22, 2023/24-də yalnız 17 xal toplamağa müvəffəq olmuşdular.

Maraqlıdı ki, buna baxmayaraq Mourinyo hələ də Okan Burukdan geridədi. Çünki ''Qalatasaray'' Buruk ilə 11 oyundan 10 qələbə, 1 heç-heçə ilə ayrılaraq 31 xal toplayıb və hazırda ''Fənərbaxça''dan 5 xal öndədi.

ƏLİ

Seçilən
24
football-plus.az

1Mənbələr