AZ

Yalçın Rəfiyev: Ayrı-ayrı ölkələrin iqlim şəffaflığı üzrə hesabatlarının hazırlanmasına texniki dəstək göstəriləcək

"Bakı Platforması vasitəsilə ayrı-ayrı ölkələrin iqlim şəffaflığı üzrə hesabatlarının hazırlanmasına texniki dəstək göstəriləcək".

APA xəbər verir ki, bunu jurnalistlərə COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycan özünün hesabatını ilk dəfə bu il təqdim edəcək:

"İqlim fəaliyyəti sahəsində şəffaflıq ən vacib elementlərdən biridir. Bu elementin ən önəmli tərəfi ondan ibarətdir ki, dövlətlər hər 5 ildən bir öz öhdəlikləri ilə bağlı bəyanat verirlər. Bu bəyanatla həmin dövlətlərin növbəti 5 il ərzindəki ambisiyalarının həddi, onların həyata keçirilməsi üçün planlar müəyyənləşdirilir. Şəffaflıq hesabatları isə həmin planların nə dərəcədə effektiv yerinə yetirilməsini göstərir. Azərbaycan bu hesabatı ilk dəfə bu il təqdim edəcək. Bu məsələ ilin əvvəlindən ölkəmizdə prioritet olaraq elan edilib. Hazırda bir çox dövlətlər öz hesabatlarını təqdim edib, digərləri də ilin sonunadək təqdim edəcək. Ölkələr Azərbaycanın bu məsələdəki böyük töhfəsini qiymətləndirir. Qəbul olunan bəyannamənin əsas mahiyyəti Bakı Platforması vasitəsilə növbəti illərdə ayrı-ayrı dövlətlərdə hesabatların hazırlanması sahəsində olan texniki boşluqların aradan qaldırılmasından, eləcə də onların ehtiyacı olduğu texniki dəstəyin göstərilməsindən ibarətdir".

Seçilən
20
apa.az

1Mənbələr