2026-2028-ci illərdə neft və əmtəəlik qaz hasilatı (2027-ci il istisna olmaqla) üzrə azalmanın davam etməsi neft-qaz sektorunun azalmasına səbəb olacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
“Ölkə iqtisadiyyatının artım dinamikasına neft-qaz sektorunda hasilatın həcmi əhəmiyyətli dərəcədə təsir edir. Qeyd edək ki, neft-qaz hasilatı proqnozları aidiyyatlı təşkilatların məlumatları əsasında hazırlanıb”, - qanun layihəsində qeyd olunur.
Sənədə əsasən, 2024-cü ildə Azərbaycanda neft hasilatının azalacağına baxmayaraq qaz hasilatında əsas xüsusi çəkiyə malik “Şahdəniz” və “Abşeron” qaz-kondensat yataqlarında hasilatın artması sektorun inkişafına artırıcı təsir edəcək.
Proqnozlara əsasən, 2025-ci ildə Azərbaycanda neftin hasili 28,7 mln. ton, əmtəəlik qaz hasilatı isə 38,4 mlrd. kubmetr olacaq, 2028-ci ildə isə qeyd olunan göstəricilər müvafiq olaraq 26,7 mln. tona və 36,6 mlrd. kubmetrədək enəcək.
Qeyd olunur ki, 2024-cü ildə Azərbaycanda neft hasilatı 29,2 mln. ton, əmtəəlik qaz istehsalı isə 37,8 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.
Azərbaycanda neft və əmtəəlik qaz hasilatı dinamikası üzrə cədvəl:
Hasilat (illər üzrə) | 2022 | 2023 | 2024 | 2025 | 2026 | 2027 | 2028 |
Neft (mln. ton) | 32,6 | 30,1 | 29,2 | 28,7 | 27,8 | 27,4 | 26,7 |
Əmtəəlik qaz (mlrd. kubmetr) | 35 | 36,4 | 37,8 | 38,4 | 37 | 37,3 | 36,6 |