AZ

İranda bank kreditlərinin 70 faizi üç vilayətə yönəldilir

Təbriz Ticarət Palatasının müavini bank kreditlərinin bölgələr arasında qeyri-bərabər bölüşdürülməsindən narazılıq bildirib.

Fars xəbər agentliyinin yaydığı məlumata əsasən, Təbriz Ticarət Palatasının müavini Şərqi Azərbaycan vilayətinin hökuməti ilə özəl sektoru arasında keçirilən görüşdə İran Mərkəzi Bankının son hesabatına istinad edərək bildirib ki, ölkədə verilən bank kreditlərinin 70 faizi üç vilayətə - Tehran, Xorasan və İsfahana yönəldilir.

Məsud Binabian İran Mərkəzi Bankının hesabatına əsaslanaraq, İranın İqtisadiyyat və Maliyyə Naziri Əbdülnasir Himmətinin iştirak etdiyi iclasda bu vəziyyəti ciddi ədalətsizlik kimi qiymətləndirib.

Bundan əvvəl də Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jaele, Şərqi Azərbaycan vilayətinin ölkədə bank kreditlərindən kifayət qədər yararlana bilmədiyini vurğulamışdı. O, ötən il hökumət və vilayətin özəl sektoru arasında keçirilən görüşdə bölgəyə ayrılan bank kreditlərinin kifayət qədər olmadığını tənqid etmiş və qeyd etmişdi ki, il ərzində mövcud məbləğin 10 dəfə artırılması təmin olunmalı idi.

Palata rəhbəri əlavə etmişdi ki, vilayətin göstəricilərinin digər bölgələrlə müqayisəsi ciddi fərqlərin mövcud olduğunu açıq şəkildə ortaya qoyur. Beləliklə, bölgənin bank kreditlərindən yetərincə faydalana bilməməsi aydın olur. 

Eyni zamanda, yerli səlahiyyətlilər və millət vəkilləri də hökumətin bu bölgəyə sərmayə qoymaması ilə bağlı narazılıqlarını ifadə ediblər.

Belə görünür ki, hökumətin sərmayə siyasətindəki çatışmazlıqlar və özəl sektorun bank kreditlərinə çıxış imkanlarının məhdud olması İran Azərbaycanının Təbriz şəhəri mərkəzli bu vilayətini ciddi iqtisadi problemlərlə üz-üzə qoyub.

visiontv.az



Seçilən
16
visiontv.az

1Mənbələr