AZ

Səməd Seyidov: COP-a qatılmayan Ermənistan gözəl bir şansı itirdi - MÜSAHİBƏ

Bakıvaxtı.az-ın müsahibi, ictimai-siyasi xadim, deputat Səməd Seyidovdur.

Onunla söhbəti təqdim edirik.

- Prezident İlham Əliyev COP29-dakı çıxışı zamanı sözügedən konfransa qarşı boykot çağırışı edən dairə, mərkəz və ölkələrə aydın, eləcə də sərt mesajlar verdi. Bu çıxışdan sonra fransalı nümayəndə tədbiri tərk etdi. COP29-Birləşmiş Millətlər Təşkilatının (BMT) konfransıdır axı. Niyə COP28-də boykot çağırışları yox idi, amma elə ki, Azərbaycanın adı çəkilir, dərhal boykota çağırışlar və qərəzli bəyanatlar səsləndirilir?

- Fransanın naziri konfransdan imtina etdi. O, cənab prezidentin çıxışını bəhanə kimi gətirdi. Əslində isə Fransa BMT-nin Azərbaycanda keçirilən yüksək səviyyəli konfransının ən aktiv iştirakçısı olmalı idi. Heç kim yaddan çıxarmayıb ki, 2015-ci ildə “Paris deklarasiyası” qəbul olunanda rəsmi Paris bunu dünyanın ən vacib sənədi kimi təqdim edərək, çanfəşanlıq göstərirdi. Onu dünyaya sanki özünün diplomatik nailiyyəti kimi təqdim edirdi.

- Bəs indi nə oldu?

- Məsələ ondan ibarətdir ki, başqa ölkələrdən fərqli olaraq, bu gün Azərbaycan bəzi ölkələrin iç siyasətini açıb, dünyaya təqdim edir.

- Məsələn nələri?

- O məsələləri sadalamazdan əvvəl qeyd edim ki, bəzi ölkələrin iç üzünü açmaq üçün bir neçə amil lazımdır.

Birincisi, sən gərək müstəqil olasan.

İkicisi, sən gərək öz milli maraqlarını dünyanın maraqlarına elə uyğunlaşdırasan ki, dünyanın maraqları sənin milli maraqlarınla ziddiyyət təşkil etməsin. Azərbaycan bunu bacarıb. Faktiki olaraq, Qərblə elə bir əlaqələr yaradıb ki... Qərb Azərbaycanla əlaqələrdə maraqlıdır. Şübhəsiz ki, Azərbaycan öz milli maraqlarını qoruyaraq, böyük dövlətlərin maraqlarına müvafiq münasibətlər qura bilib.

Üçüncüsü, diqqəti bura cəlb edərək, maraqların vəhdətini təşkil edərək, Azərbaycan dünyanı narahat edən məsələləri açıq şəkildə, heç nədən çəkinmədən, qorxmadan bəyan etdi.

- Bunu hansı məsələlər zəruri edirdi?

- Azərbaycan tək özü bu siyasətin nəticəsi əsasında dünyanın həll edə bilmədiyi məsələləri həll edib. Azərbaycan regionda elə bir reallıq yaradıb ki, bu reallıq bu gün Qərbin cavab verə bilmədiyi və cavab vermək istəmədiyi suallara cavab verir. Azərbaycan birbaşa beynəlxalq əlaqələr sistemində indiyəqədər, XXI əsrdə müstəmləkə siyasətinin mövcudluğunu açıq şəkildə bəyan edib. Böyük dövlətlərin separatizmə böyük dəstək verdiyini açıq şəkildə dünyanın diqqətinə çatdırıb.

Bu gün Azərbaycan böyük dövlətlərin başqa dövlətlərin içərisinə dəyərlərdən, COP-lardan, ağrılı problemlərdən istifadə edərək müdaxilə etmək mexanizmini açıb, dünyaya təqdim etdi. Azərbaycan cürətli, cəsarətli addımlar atıb. Ancaq bu, sıravi cəsarət deyil. Bu, ağıllı cəsarətdir. Buna 30 il hazırlıq gedən cəsarətdir, bu, Azərbaycan əsgərinin qanı, canı hesabına ərsəyə gəlmiş cəsarətdir, bu, torpaqlarımızı işğaldan azad edəndən sonra formalaşmış ağıllı cəsarətdir. Heç böyük ölkələr belə cəsarət göstərə bilmirlər. Kim Fransanı XXI əsrdə müstəmləkə siyasətində ittiham edib? Heç kim. Bəlkə Avropa Şurası edib? Yox, Bəlkə Avropa Parlamenti edib? Yox. Bəlkə başqa dövlətlər edib? Yox.

- Fransa ilə bağlı maraqlı bir tvit paylaşmşdınız...

- Bəli, baxın, Parisdə İsrail komandası ilə futbol yarışı olub, orada ciddi çaxnaşmalar baş verib, onlar yəhudiləri döymək və öldürmək istəyiblər. Bu yaxınlarda Hollandiyada da analoloji hal baş vermişdi. Fransadakı olaylarla bağlı ciddi kadrlar var, gözümüzün qabağında jurnalisti döyürlər. Döyülən adam qışqıra-qışqıra “Mən jurnalistəm” deyir, bunu dəfələrlə təkrarlayır, buna rəğmən onu döyürlər. Mən də haqlı olaraq, o kadrları yayıb, yazmışam ki, bu, Azərbaycanda baş versə idi, 1 saatın içərisində Avropa Şurası, Avropa Parlamenti və başqa təşkilatlar bəyanat yaymağa başlayacaqdılar ki, Azərbaycanda polis jurnalisti döydü. Fransadakı hadisələrlə bağlı kadrlardan aydın görünür ki, Fransa polisi jurnalisti döyür, amma bir beynəlxaıq təşkilat reaksiya vermir.

- Niyə o təşkilatlar “ağızlarına su alıb otururlar”?

- Azərbaycan bu siyasətin iç üzünü açıb, dünyaya göstərdi. Bundan sonra onlar Azərbaycana qarşı siyasət aparmağa başladılar. Makron rejimi korrupsiyada batıb. Müstəmləkə siyasətini davam etdirmək istəyən, rahat yerdə oturub, böyük pullar qazanan, erməni lobbisi tərəfindən problemsiz vəsaitlər əldə edən, Avropanın gözəl şəhərlərində yaşayan, özlərinə gözəl bir bağ yaradan, bizi isə barbar elan edənlər, əlbəttə, bizə qarşı fəaliyyət göstərəcəklər.

- Azərbaycana qarşı siyasətlərində köhnə üsullardan istfadə edirlər...

- Doğrudur, yalan yazmaqla, böhtan atmaqla, “Azərbaycan demokratik deyil” deməklə, nəhayət özlərinin təklif etdiyi, özlərinin mübarizə apardığı problemlərdən qaçmaqla bunu edirlər. Baxın, COP29 Azərbaycanın deyil, BMT-nin məsələsidir. Bunun adı da, mahiyyəti də, onun içərisində aparılan işlər də BMT-nin İqlim Dəyişikliyi ilə bağlı Tərəflərin Konvensiyanı icra etməsi ilə bağlı iclasdır. Sadəcə məkan Azərbaycandır. Onlar Azərbaycanı bəhanə edib, COP-dan yayınırlar. Axı maliyə xərcləməlidirlər. İnkişaf etməkdə olan balaca dövlətlərə maliyyə verməlidirlər. Bəs bu maliyyəni verməkdən necə boyun qaçırsınlar? Nəyi bəhanə gətirsinlər? Bunlar hamısı dünyanın ciddi böhran altında qalmasına dəlalət edir. Dünya təhlükəsizlik sisteminin paramparça olunmasına birbaşa işarədir.

- Azərbaycan cəmiyyətində, siyasi cameə və mediada belə proqnozlar yer alır ki, COP29-dan sonra Azərbaycanla Ermənistan arasında yekun sülh imzalanacaq, Zəngəzur dəhlizi açılacaq. Sizcə, proqnozlar özünü doğrulda bilərmi?

- Hər hansı bir müqavilənin bağlanılması üçün iki tərəfin də xoş niyyəti zəruridir. Azərbaycanın xoş niyyəti ortadadır. Bütün narahatedici məsələlər ətrafında müzakirələrə hazırıq. Bütün ciddi məsələlərlə bağlı delimitasiya və demarkasiya komissiyasının işini təqdirəlayiq hesab edirəm. Bir tərəfin iradəsi, xoş niyyəti və sülhün davamlı olmasına dair əlindən gələni etməsi göz qabağındadır. Qarşı tərəf də bu siyasəti aparmalıdır.

- Niyə aparmır?

- COP29-da iştirak onlar üçüb gözəl bir fürsət idi. Dəvətnaməni də göndərmişik. Bu günə qədər iştirak etməyiblər. Onlar gözəl bir şansı itirdilər. Təəssüflər olsun ki, Ermənistan müstəqil dövlət deyil. Öz müstəqil siyasətini formalaşdıra bilmir. Formalaşdırırsa belə, düzgün formalaşdırmır. Onu xarici təsirlər altında formalaşdırır. Bu da ermənilərin milli maraqlarına ziddir. Ona görə ki, regionda qonşuların mövqeyini nəzərə almırsansa, gedib, təhlükəsizlik sistemini kənarda axtarırsansa, sən heç zaman təhlüksəzlik içərisində yaşaya bilməyəcəksən. Bu mənada təəssüflər olsun ki, Ermənistan COP29-da iştirak etməməklə özü-özünə problem yaratdı.

Bununla yanaşı, dünya ictimaiyyətinə də bir mesaj göndərdi ki, bu da Azərbaycanın xeyrindədir. Onlar səlində sübut etdilər ki, sülhü istəməyən Azərbaycan yox, Ermənistandır. Bundan sonra nə qədər danışsalar da, mənasızdır. Ermənistan tərəfi COP29-dan istifadə edib, gəlməli idi və oturub bəzi məsələlərlə bağlı fikir mübadiləsi apara bilərdi. Belə olardısa, dünya da, beynəlxalq təşkilatlar da düşünərdi ki, deyəsən, rəsmi İrəvan doğrudan da sülh istəyir. Nə oldu, niyə gəlmədilər? Noldu, Paşinyan, niyə gəlmədin? Bu gün dünyada Ermənistan kimi ölkələrdən məharətlə istifadə edib, xaos və çaşqınlıq yaratmaq, xalqları bir-birinə vurmaq siyasəti aparanlar var. Biz bunu görürük. Fransanın regiona müdaxilə cəhdləri, Hindistanın Ermənistana silahlar göndərməsi, Hollandiyanın bəyanatlar verməsi Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmamağın təcəllasıdır.

- Ermənistanı sülhə gətirməyin yolu nədən, hansı prosesdən keçir?

- Azərbaycanla bağlı münasibətlər normal şəkildə cərəyan etməsə, ölkəmiz üçün hansısa problemlər olmayacaq. Təbii, biz istəyirik ki, sülh olsun. Ancaq biz öz işimizi görmüşük, bundan sonra da siyasətimizi davam etdirəcəyik. Bu gün dünya Bakıdadır, Azərbaycanla bir yerdədir. Ermənistan isə özünü sual işarəsi altına qoydu.

- Ermənistan sülhə gəlməsə, hərb yoluna əl atıla bilərmi?

- Ümumiyyətlə, indiki məqamda hərb yolundan danışmaq düzgün deyil. Ona görə ki, biz öz gücümüzü artıq göstərmişik. Hamı gözəl bilir ki, Ermənistana nə qədər silah verilsə də, onun əhali, hərbi və iqtisadi potensialı Azərbaycanla müqayisə oluna bilməz. Belə olan halda onlar gözəl başa düşürlər ki, provokasiyadan başqa nə isə etmək iqtidarında deyillər. Avropa Birliyi də sərhəddə provokasiya ilə məşğul olur. Azərbaycanın gücünə hamı bələddir. Avropada da gözəl bilirlər ki, heç kim müharibə başlamaq fikrində deyil. Biz də müharibə fikrində deyilik. Sadəcə, təxribatlara həmişə cavab verməyə hazırıq. Ordumuz güclüdür, xalqımız mərddir, siyasətimiz iradəli və möhkəmdir.

Sülh prosesində əsas məsələ Ermənistanın alət kimi istifadə edilib, edilməməsidir. Alət kimi istifadə olunma Ermənistanın özünü içəridən dağıdır. Ötən həftə Paşinyan bildirdi ki, ermənilər 600 il başqa dövlətlərin içərisində yaşayıb və bu dövlətləri öz dövləti kimi qəbul etməyiblər. Ölzəri etiraf edirlər ki, onlarda dövlətçilik ənənəsi yoxdur. Dövlətçilik ənənəsini yaratmaq üçün bir amil lazımdır: müstəqil siyasət. Müstəqil siyasət aparmaq üçün Azərbaycanla bir araya gəlib, masa arxasında məsələləri həll etməlisən. Bunu bacarmırsansa, taleyin ciddi sual altına düşür.

Aydın Baxış

Seçilən
23
bakivaxti.az

1Mənbələr