AZ

İndi Türk Birliyini qurmaq vaxtıdır...

Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, BRICS Türkiyəyə “tərəfdaş ölkə” statusu təklif edib. Bəs, hazırda NATO üzvü olan və eyni zamanda Qərblə Qlobal Cənub (Çin, Rusiya və Hindistanın hegemonluq etdiyi ölkələr bloku) arasında manevr edən, əlaqələri tarazlaşdırmağa çalışan Türkiyəyə BRICS ölkələr qrupu tərəfindən təklif edilən tərəfdaş ölkə statusu nə dərəcədə məqbul və əlverişlidir?

Axı Türkiyənin BRICS-dən istədiyi bu deyildi. Türkiyə bu ittifaqın tamhüquqlu üzvü olmağı nəzərdə tuturdu. Üzv statusunun əvəzinə tərəfdaş ölkə statusunun təklif edilməsi BRICS tərəfindən (daha doğrusu, BRİCS-in hegemon ölkələri tərəfindən) Türkiyəyə qarşı aşağılayıcı davranışdır.

BRICS-in oktyabr ayında Kazanda keçirilən sammitində Çin, Rusiya, Hindistan və İranın Türkiyənin bu təşkilata üzvlüyünü əngəlləməsindən sonra Türkiyə rəhbərliyi ümumiyyətlə BRICS söhbətini birdəfəlik qapatmalıdır. Çünki bu ölkələrin heç biri Azərbaycan və Mərkəzi Asiya (Türküstan) ölkələri ilə birlikdə Turan birliyini yaratmağı hədəfləyən Türkiyəni öz yanlarında – BRICS birliyinin sıralarında görmək istəmirlər. Çünki Turan birliyi adları çəkilən bu dörd ölkənin rəhbərlərinin ciddi narahatlığına səbəb olur. Onlar Turan birliyini BRICS-ə potensial rəqib gözündə görürlər.

Türkiyə rəhbərliyi də sözügedən ölkələrin Türkiyəyə və Turan birliyinə qarşı bu cür məkrli münasibətini adekvat qiymətləndirməli və BRICS-in “elçi daşı”nda oturub gözləmək sevdasından əl çəkməlidir. Avropa Birliyinin (AB) qapısında uzun illər gözlədilən Türkiyə, BRICS-dən də özünə qarşı eyni münasibətin sərgilənməsinə əsla yol verməməlidir. Çünki Türkiyə qapıda gözlədiləcək ölkə deyil.

Düzdür, Türkiyənin ticarət naziri Ömər Bolat, nədənsə, özü-özünü inandırıb ki, BRICS-ə girmek dünyanın bütün önəmli platformlarıyla iş birliği qurmaq açısından Türkiyəyə kifayət qədər qazanc getirəcək. Ancaq bu yanlış yanaşmadır. Bir təşkilat sənin üzvlük müraciətini geri çevirib, bunun əvəzində sənə sadəcə “tərəfdaş ölkə” statusu ölkə təklif edirsə, burada hansı qazancdan söhbət gedə bilər ki?

P.S.

Türkiyə AB-nin və BRICS-in qapısında oturub gözləməkdənsə, üzünü Türk dünyasına çevirməlidir. İndi Türk Birliyini (Turan birliyini) qurmaq vaxtıdır. Bu iş artıq hava-su kimi zərurətə çevrilir. Türkiyə tarixin ona verdiyi fürsəti düzgün dəyərləndirməlidir. Yeni dünya düzəninin formalaşdığı bu kritik mərhələdə Türkiyə dayaq nöqtəsini və yüksək inkişaf perspektivini nə Şərqdə, nə də Qərbdə yox, məhz Türk dünyasında axtarmalıdır.

Bəybala Mirzəyev

visiontv.az



Seçilən
13
visiontv.az

1Mənbələr