AZ

Azərbaycan millisinin sabiq məşqçisi: “Estoniya ilə oyunda Emreli ilə Dadaşovun olmaması sözünü dedi”

Estoniya ilə oyunda hücumda problemlər var idi. Mahir Emreli ilə Renat Dadaşovun olmaması sözünü dedi.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov Millətlər Liqasının V turunda yığmanın Estoniya ilə baş tutan matçı haqqında fikirlərini bildirərkən deyib.

Mütəxəssis komandanın qol imkanlarına rəğmən, rəqib qapısına yol tapa bilmədiyini vurğulayıb:

“Oyunun mahiyyətini hamımız bilirdik. C Liqasında yerimizi möhkəmlətmək üçün ən azı iki top fərqi ilə qalib gəlmək lazım idi. Təəssüf ki, qələbə qazana bilmədik. Oyun heç də bizim üçün yaxşı başlamadı. Lakin 30-cu dəqiqədən sonra komanda üstünlüyü ələ aldı. Üstünlük bizim tərəfimizdə idi, qol imkanlarımız da oldu. Rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkirdik. Hücumda problemlər var idi. Mahir Emreli ilə Renat Dadaşovun olmaması öz sözünü dedi. Rəqib də ən azı 1 xal üçün gəlmişdi. Kompakt oynamağa çalışacaqları gözlənilən idi. Biz oturuşmuş müdafiəyə qarşı çətinlik çəkirik. Rəqib bunu bildiyi üçün meydanı bizə vermişdi”.

Qeyd edək ki, Qəbələdə keçirilən Azərbaycan - Estoniya görüşü qolsuz bərabərliklə yekunlaşıb. Fernandu Santuşun baş məşqçisi olduğu yığma Millətlər Liqasının VI turunda sabah səfərdə İsveçlə üz-üzə gələcək.

Seçilən
10
42
report.az

10Mənbələr