AZ

Məqsəd beynəlxalq həmrəyliyi gücləndirməkdir

Bütün dünyanın diqqəti COP29-a ev sahibliyi edən Azərbaycana yönəlib. 80 dövlət başçısının, eləcə də hökumət rəhbərlərinin və vitse-prezidentlərin iştirak etdikləri Sammitin məqsədi dünya birliyini planetimizin gələcəyi üçün təhlükə olan ekosistemin qorunması naminə birləşdirmək, beynəlxalq həmrəyliyi gücləndirməkdir.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycanın COP29-a ev sahibliyinin dəstəklənməsini ölkəmizə hörmətin, beynəlxalq arenada möhkəmlənən mövqeyinin, siyasi müstəvidə artan rolunun ifadəsi kimi dəyərləndirdi. Avrasiyanın enerji və daşımalar yollarını dəyişən, çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarı kimi tanınan, BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq torpaqlarını 44 gündə Ermənistanın işğalından azad edən suveren Azərbaycanın uğurlarından bəhs edən cənab İlham Əliyev vurğuladı ki, 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edən , 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü, Cənubi Qafqazın lider ölkəsi adını bölgədə yaratdığı reallıqlarla doğruldan Azərbaycan COP29-un sədri kimi inkişaf etmiş və inkişaf edən, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün siyasi, iqtisadi, humanitar platformalarda əlindən gələni edəcək.
O da qeyd edildi ki, Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. Azərbaycanın Yaşıl gündəliyi haqqında da tədbir iştirakçılarına ətraflı məlumat verildi. Bildirildi ki, bərpaolunan enerji ilə bağlı görülən işlər davam etdirilir. Ötən il BƏƏ-nin Masdar şirkətinin ölkəmizdə inşa etdiyi 230 meqavatlıq Günəş enerji stansiyasının istifadəyə verilməsi, Səudiyyə Ərəbistanının «Acwa Power» şirkətinin inşasını davam etdirdiyi 240 meqavatlıq külək enerjisi stansiyası ekoloji tərazlığın qorunmasına ən layiqli töhfədir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı imzalanacaq saziş nəticəsində dünyanın ən iri neft və qaz terminallarından olan Səngəçalda dekarbonlaşma təmin ediləcəkdir.
2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılıb. “Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb» söyləyən cənab İlham Əliyev ölkəmizin enerji ixracatçısı kimi öhdəliyinə əməl etdiyini də diqqətə çatdırdı. Xəzər dənizindən Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi ilə bağlı layihə də enerji təhlükəsizliyinin təminatına xeyli səmərə verəcək.
Hər dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsi ölkəmizə davamlı uğurlar qazandırır ki, onların xronologiyasına diqqət yetirmək kifayətdir. Hazırkı dövrün çağırışı isə bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə böyük potensiala malik olması imzalanan sənədlərdə özünün aydın ifadəsini tapır. Bərpaolunan enerji potensialı zəngin olan ölkəmizdə 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücünün artırılması sayəsində alternativ enerjinin payının 30 faizə çatdırılması başlıca hədəfdir. Statistik göstəricilərə görə, görə respublikamızda bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Alternativ enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Cənab İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində qeyd etdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.
COP29 qlobal problemlərin həllində əsas faktor olan beynəlxalq həmrəyliyin gücləndirilməsinə, yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Seçilən
16
sesqazeti.az

1Mənbələr