AZ

Ermənistandakı kadr islahatlarının arxasında nə dayanır?

Dünəndən etibarən Ermənistan hökumətində baş verən istefalar İrəvanda geniş əks-səda yaradıb.   “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyantsın sözlərinə görə , Nikol Paşinyan parlament seçkiləri üçün kampaniyaya hazırlaşır:

“Nikol Paşinyan özünə güvənən lider təəssüratı yaratmaq istəyir, çünki o, bir anda bir neçə güc və hüquq-mühafizə strukturunun rəhbərini dəyişməklə seçki qabağı ab-havanı dəyişməyə çalşır. Seçkilərin növbədənkənar və ya adi seçki olacağı  önəmli deyil. Paşinyan hakimiyyət piramidasını seçkiqabağı rejimə uyğunlaşdırmağa çalışır”.

Politoloqun fikrincə, bütün bunları parlamentdə baş verən qalmaqallı insidentlə əlaqələndirmək düzgün deyil:

“Bir daha deyirəm, bütün bunlar daha çox seçkiqabağı təşviqat üçün hesablanıb. Onun bu gün işdən çıxardığı adamların hamısı Paşinyanın əmrlərinə qeyd-şərtsiz tabe olan insanlar idi. Düzünü desəm, onların arasında hər hansı məsələdə Paşinyana  müqavimət göstərməyə  cəhd edəcək birini tanımıram”, – deyə Suren Surenyants yekunlaşdırıb.

Xatırladaq ki, hökumətin iclasında Nikol Paşinyan hüquq-mühafizə sisteminin rəhbərlərinə müraciət edərək səbr kasasının dolduğunu bildirib:

“Hörmətli hüquq-mühafizə orqanlarının əməkdaşları, məhkəmə sisteminin nümayəndələri, mənim səbr kasam artıq doludur. Sanki mən radiostansiyayam. Bütün tədbirlərinizə gəlirəm, çıxış edirəm, danışıram, alqışlayırsınız, gedirəm, sonra gələn il yenə gəlirəm, eyni nitqi deyirəm, daha yüksək səslə alqışlayırsınız. İndi kimin kimi tutduğunu anlamaq istəyirəm. Artıq bunun sonu gəlib. Mənim verəcək heç nəyim yoxdur. Mən heç kimin işinə qarışmamışam. Bu o demək deyil ki, Ermənistanda hökumət zəifdir. Yox, zəif olan polisdir. Heç kimin mənə zəif deməsinə icazə vermərəm, – deyə Nikol Paşinyan hökumətin iclasında bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
22
konkret.az

1Mənbələr