AZ

Serik Bekmaqanbetov: Xəzərin Aralın taleyini təkrarlamaması üçün səylərimizi birləşdirməliyik

Aralı Xilasetmə Beynəlxalq Fondu dayazlaşma ilə mübarizə təcrübəsinin ötürülməsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

Bunu “Report”a eksklüziv açıqlamasında fond sədrinin müavini Serik Bekmaqanbetov bildirib.

Onun sözlərinə görə, təşkilatın öyrənəcəyi, uğurla tətbiq edəcəyi texnologiya və metodlardan Xəzər hövzəsi ölkələri, o cümlədən Azərbaycan da istifadə edə biləcək.

"Məqsədimiz su hövzələrini qorumaqdır və buna görə mən Aralı Xilasetmə Beynəlxalq Fondunun əməkdaşı olaraq Azərbaycanla əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsində maraqlıyam", - S.Bekmaqanbetov qeyd edib.

O, həmçinin COP29 iqlim konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.

COP29 çərçivəsində layihə və təşəbbüslərin həyata keçirilməsindən danışan sədr müavini qeyd edib ki, fond Beynəlxalq Su Ehtiyatlarının İdarə edilməsi İnstitutu (IWMI) ilə Anlaşma Memorandumu imzalayaraq beynəlxalq səviyyədə əməkdaşlıq üçün daha çox imkanlar açıb.

"Bizim daimi tərəfdaşlarımız var, lakin əlaqələrimizi genişləndirmək istərdik", - S.Bekmaqanbetov qeyd edib.

Onun sözlərinə görə, təşkilatın Türkmənistan və Qazaxıstanla maraqlarının kəsişdiyi bir çox məsələlər var və bu, Xəzərin dayazlaşması məsələlərində əməkdaşlığı gücləndirir.

"Xəzərin Aral dənizinin taleyini təkrarlamaması üçün əlimizdən gələni etməliyik", - sədr müavini vurğulayıb.

Seçilən
10
report.az

1Mənbələr