AZ

Fernandu Santuş millimizi hara aparır? Andorra ilə oyunlara doğru

2024/25 UEFA Millətlər Liqası C liqasında Azərbaycan millisinin sonuncu tur ərəfəsində qrupunda axırıncı yerdən qurtulmayacağı dəqiqləşib.

İdman.biz xəbər verir ki, son oyunların nəticələrindən asılı olaraq, komandamız ya birbaşa D liqasına düşəcək, ya da C-də qalmaq üçün aşağı liqada qrup ikincisi olanlardan biri ilə pley-offda mübarizə aparacaq.

Azərbaycan millisi D liqasına düşsə - bunun reallaşmaq ehtimalı daha yüksəkdir – o zaman rəqiblərindən biri Andorra ola bilər. Hələ ki, yalnız adıçəkilən komandanın növbəti Millətlər Liqasında aşağı liqada oynayacağı dəqiqləşib.

C liqasında qrup sonuncusu olanlardan ən yaxşı göstəriciyə malik ikisi isə burada qalmaq şansını saxlayacaq. Pley-offa getmək üçün sabah Azərbaycan millisi qalib gəlməli, həmçinin digər qrupdakı 2 xallı Lüksemburq isə evdə Şimali İrlandiya ilə oyunda qələbə qazanmamalıdır. Rəqibimiz İsveçin artıq B liqasına vəsiqəni təmin etməsinin baş məşqçi Fernandu Santuşda bir qədər ümid yaratması mümkündür.

Komandamızı son oyunda heç-heçə də qane edə bilər. Amma bunun üçün Lüksemburqun da öz meydanında 4-5 top fərqi ilə məğlub olması vacibdir.

Bu halda, Azərbaycan pley-offda Malta və ya öz qruplarında kimin neçənci yeri tutacağını son tura saxlamış Cəbəllütariq, San Marino və Lixtenşteyn yığmalarından biri ilə qarşılaşacaq. Keçid yarışının püşkatması elə bu həftə - noyabrın 22-də, oyunları isə 2026-cı ilin martında olacaq.

Bu gün və sabah keçiriləcək son oyunlarla 2024/25 UEFA Millətlər Liqasında qrup mərhələsi başa çatacaq və liqalarında qalacaq, liqalarını dəyişəcək, həmçinin pley-offlarda oynayacaq bütün komandalar müəyyənləşəcək. Hazırda bəzi komandaların növbəti liqaları bəlli olsa da, bəziləri iki liqa arasında, Albaniya, Çexiya, Gürcüstan, İslandiya, Uels və Ukrayna isə hətta üç liqa arasında qalıb.

2026/27 UEFA Millətlər Liqasında kim harada çıxış edəcək?

A liqası: Almaniya, Fransa, İngiltərə, İspaniya, İtaliya, Niderland, Norveç, Portuqaliya.
A və ya B liqası: Avstriya, Belçika, Danimarka, Xorvatiya, Macarıstan, Polşa, Serbiya, Şotlandiya, Türkiyə, Yunanıstan.
A, B və ya C liqası: Albaniya, Çexiya, Gürcüstan, İslandiya, Uels, Ukrayna.
B liqası: Bosniya və Herseqovina, İsrail, İsveç, İsveçrə, Şimali Makedoniya.
B və ya C liqası: Belarus, Bolqarıstan, Ermənistan, İrlandiya, Kosovo, Rumıniya, Slovakiya, Sloveniya, Şimali İrlandiya.
C liqası: Kipr, Estoniya, Farer adaları, Finlandiya, Qazaxıstan, Moldova, Monteneqro.
C və ya D liqası: AZƏRBAYCAN, Cəbəllütariq, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, San Marino.
D liqası: Andorra.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr