AZ

Cari ilin ötən dövründə müsbət iqtisadi dinamika müşahidə olunub - Taleh Kazımov

Cari ilin ötən dövründə müsbət iqtisadi dinamika müşahidə olunub. Belə ki, 2024-cü ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul real olaraq 4,7 faiz artıb. O cümlədən qeyri-neft sektoru üzrə 7,1 faiz artıb. Bu, Mərkəzi Bank tərəfindən real sektor üzrə həyata keçirən monitorinqlərdə iqtisadi aktivliyin müsbət zonada olduğunu göstərir. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 18-də keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O, həmçinin deyib: “İqtisadi artımın perspektivləri ilə bağlı gözləntilərimiz ümumilikdə nikbindir. Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozuna əsasən, iqtisadi artımın 2024-cü ildə 3,9 faiz olacağı gözlənilir. O cümlədən qeyri-nefti qaz sektoru üzrə artımın bu il 6,5 faiz olacağı proqnozlaşdırılır. Cari ilin oktyabrında 12 aylıq inflyasiya 3,4 faiz səviyyəsində olmaqla hədəf daxilində qalıb. Bu dövrdə 12 aylıq inflyasiya ərzaq məhsulları üzrə 2,6, qeyri-ərzaq məhsulları 2,1, xidmət üzrə 5,8 faiz təşkil edib. Apardığımız təhlillər göstərir ki, 12 aylıq inflyasiya xarici təklif amilləri ilə yanaşı, həyata keçirilən antiinflyasiya siyasətindən də təsirlənir. Təhlillərə görə, 2024-cü ilin 9 ayında ticarət tərəfdaşlarında inflyasiya, ölkədə inflyasiya səviyyəsinə 6,2 faiz bəndi artıcı, nominal effektiv məzənnənin möhkəmələnməsi isə 4 faiz bəndi azaldıcı təsir edib. Göründüyü kimi, birbaşa xarici amillərin təsiri xalis 2,2 faiz bəndi artıcı olub. Bu dövrdə daxili amil olan kənd təsərrüfatı məsullarının istehsalçı qiymətlərinin artımı inflyasiyaya 1,3 faiz bəndi artıcı təsir göstərib. Mərkəzi Bankın oktyabr proqnozlarına görə 2024-cü ilin sonuna inflyasiyanın 5,1 faiz olacağı gözlənilir”.

Seçilən
22
50
sia.az

10Mənbələr