AZ

Bakıətrafı ərazilərdə həyət evi tikmək ÇƏTİNLƏŞİR: “Qiymətlər də kəskin bahalaşıb”

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti sektoru əvvəlki illə müqayisədə azalma tendensiyası nümayiş etdirib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövrdə ümumi sahəsi 1 milyon 349 min 574.8 kvadrat metr olan 10.282 yaşayış evi tikilib istifadəyə verilib. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 1.664 ədəd azdır.

Ötən il isə bu rəqəmlər daha yüksək idi: ümumi sahəsi 1 milyon 397 min 930 kvadrat metr olan 11.946 yaşayış evi tikilib və istifadəyə verilmişdi.
Hesabat dövründə istifadəyə verilmiş tikililər arasında 4.633 bina və 7.313 fərdi yaşayış evi yer alıb. Bu rəqəmlər isə sektorun inkişafı ilə bağlı müzakirələrə səbəb olur. Azalmanın səbəbləri arasında iqtisadi şərtlər, tikinti materiallarının bahalaşması və digər amillər mütəxəssislər tərəfindən şərt kimi göstərilir.

Yenicag.az-ın suallarını cavablayan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də təsdiqləyib ki, əvvəlki illərdə fərdi yaşayış evləri daha çox tikilirdi:

“Yəni il ərzində on minlərlə ev tikilirdi, lakin 2023-cü ilin oktyabr ayında qəbul olunan yeni qərara əsasən, artıq çıxarışı olmayan və çıxarışı varsa da, təyinatı yaşayış məntəqəsi olmayan torpaqlar üzərində tikilmiş evlərə qaz, su, işıq və digər kommunikasiya xətlərinin çəkilməsi qadağan olundu. Sırf sözügedən qadağalara görə də vətəndaşlar artıq bu tip sərəncam və digər sənədlərlə torpaq almırlar. Çünki onun həm tikintisi çox çətinləşib, icazə verilmir, başqa bir tərəfdən isə hər hansı bir formada tiksələr də, artıq kommunikasiyaya aid olan qurumlar – “Azərsu”, “Azərişıq”, “Azəriqaz” və digərləri həmin evlərə rabitə və digər kommunikasiya xətlərini çəkmirlər. Bu baxımdan da tələbat azalıb”.

Mütəxəssis onu da diqqətə çatdırıb ki, Bakı və Abşeron ərazisində fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri çox azalıb və məhdudlaşıb:

“Artıq yetəri qədər torpaqların sayı az olduğu üçün qiymətlər də kəskin bahalaşıb. Lakin biz çoxmənzilli binalara baxsaq, onlar da artıq əvvəlki illərdəki qədər tikilmir, yəni az sayda tikilir. Çünki onlar üçün yararlı torpaq sahələri yoxdur, yaxud onlar keçmişdə hər hansısa köhnə, istismar müddətini bitirmiş qəzalı binaların yerinə tikilirdisə, orada sakinlərdən olan bir çox münaqişələr, problemlər, icazələrin alınmasındakı çətinliklər və s. artıq həmin çoxmənzilli binaların inşasına süni maneçilik yaradırdı. Ona görə də çoxmənzilli binaların tikintisində də durğunluq mövcuddur”.

“Bu gün, bir tərəfdən, sıxlığın qarşısı alınsa da, başqa bir tərəfdən Azərbaycandakı tikinti sahəsi ölkə iqtisadiyyatının ən aparıcı sahələrindən biridir. Tikinti işləri nə qədər çox gedərsə, o qədər də həmin tikinti materiallarını istehsal edən zavod və fabriklərin işləri sürətlə davam edər və tikinti materialları satan dükanlarda onların ticari dövriyyəsi daha böyük olar. Çünki pandemiya dövründə tikintilər dayandığına görə ən çox zərər çəkən sahə tikinti sahəsi ilə bağlı olan müxtəlif dükan və iaşə obyektləri oldu”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
14
yenicag.az

1Mənbələr