AZ

Moskva hərəkata ciddi nəzarət edirdi - Ənvər Əliyev

Yazını böyüt
Yazını kiçilt

36 il öncə - Meydan Hərəkatının başlanğıcını qoyduğu və sonradan Milli Dirçəliş Günü kimi qeyd etməyə başladığımız 17 Noyabr 1988-ci il tarixində indiki Azadlıq meydanında  yüz minlərlə insanın iştirakıyla keçirilmiş ilk mitinqin əsas təşkilatçısı hazırda AMEA-nın Coğrafiya İnstitutu Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru  kimi çalışan Ənvər Əliyevlə hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycanın müstəqillik qazanmasında önəmli rol oynamış o tarixi hərəkatın müxtəlif aspektlərindən bəhs etdi, bu günün prizmasından baxanda qəlbində yaranan təəssüratlarından danışdı...

-Ənvər bəy, hər dəfə 17 Noyabr – Milli Dirçəliş Günü, yəni Meydan Hərəkatının başlandığı günün ildönümü yaxınlaşdıqca həmin hərəkatın ilk günlərinin əsas təşkilatçısı kimi sizdə Meydan instinktləri oyanmır ki? Yenidən xalq kütlələrini harayasa toplamaq, onların qarşısında çıxış etmək istəmirsiz ki?

-Bəli, Meydan hərəkatı günləri mənim üçün çox müqəddəsdir. O günlər arxamca gələn yüz minlərlə soydaşımızın, o günlər qaldırılan məsələlərə həddindən artıq səmimi, təmənnasız və qərəzsiz yanaşan, təmiz niyyətlə, yalnız bu ölkənin imperiyadan azadlığı, ərazi bütövlüyü naminə hərəkata qoşulan adamları gözəl xatırlayıram... Mitinq üçün o vaxt “Lenin meydanı” adlanan Azadlıq meydanına doğru gedən kişilərə “Bir az yavaş gedin! Biz də uşaqları bağçaya qoyub gəlirik!” deyə səslənən o cəsarətli qadınlarımızın, analarımızın səsləri hələ də qulağımdadır. Axşamdan indiki Şərifzadə 33  ünvanında yerləşən və o vaxt özümün də yaşadığım aspirantların yataqxanasından çıxıb, Dövlət Universitetinin, “Politexnik” , İnşaat institutlarının və s. yataqxanalarına gedib hamını sabahkı mitinqə çağırırdım. Gecə saat 1-dək plan cızırdıq, bayraqları hazırlayırdıq...

Səhər tezdən yataqxanalardan çıxıb “Elmlər Akademiyası” metro stansiyasına yaxınlaşanadək minlərlə olan insan kütləsi parlamentin yanında artıq on minləri toplamışdı... O günlər bambaşqa, təsəvvürolunmaz hisslərlə yaşayırdı insanlar... Biz gələcək müstəqilliyimizi tamam başqa cür təsəvvür edirdik... Çünki bütün millətlərin taleyində müstəqillik ən böyük, ən önəmli, ən müqəddəs, ən ecazkar bir nemətdir. O qədər  meydanlarda gecə-gündüz əziyyət çəkən, təkadamlıq kameralarda, psixiatriya xəstəxanalarında həm mənəvi-ruhi, həm də fiziki işgəncələrə məruz qalan biri olaraq mən bütün bu fəaliyyətimə görə peşman deyiləm.  Və inanıram ki, gec-tez bu xalqın nümayəndələri o vaxtın arxivlərini arayıb-axtarıb lazımi sənədləri tapacaq və müstəqilliyimizin, milli azadlığımızın yolunda gerçəkdən kimlərin əziyyət çəkdiyini üzə çıxaracaq. Biləcəklər ki, kimlər Meydan Hərəkatına xəyanət edib, kimlər o Meydanı alverxanaya döndərib. Bütün hallarda biz, ümumilikdə xalqımız o hərəkata müqəddəs amallarla başlamışdı. Ona görə də o günlər daim qəlbimizin ən  isti guşəsində qalacaq. Və ən vacibi odur ki, o gün də, bu gün də mənim ardımda olmuş adamlar, eləcə də xalqın böyük əksəriyyəti o günlər bizlərə xəyanət edən, bu gün isə bizlərə böhtanlar atan məxluqları yaxşı tanıyır və onları lənətləyir... Yenə də bütün əziyyətimizə, bizlərə atılan şər-böhtana rəğmən hesab edirəm ki, Azərbaycanın müstəqillik əldə etməsi, bizlərin, bütövlükdə xalqımızın böyük hünəridir. İkinci böyük hünərimiz də torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasıdır. Bunları etməsəydik, Azərbaycan ərazisində dövlətlər qurmuş, Demokratik Xalq Cümhuriyyəti yaratmış babalarımızın goru çatlayardı... Mən həmişə dostlarıma da deyirəm ki, biz qalibik, biz babalarımızın təməlini qoyduğu müstəqil dövlətçiliyimizi bərpa elədik, torpaqlarımızı işğaldan azad edib müstəqilliyimizi bərpa elədik...

-İlk gündən sizə dəstək olmuş təşkilatçılardan əsas kimlərin adını sadalaya bilərsiz? Onların hamısı həyatdadırmı, görüşürsünüzmü?

-Mən həmin hərəkatda əvvəldən-axıra yanımızda olmuş, xalqın yanında olmuş kifayət qədər oğullarımızın adını çəkə bilərəm. Onların çoxu, şükür Allaha, həyatdadır, hərdən görüşürük. “Meydan sirləri” kitabında da onların adları çəkilir, bəzilərinin fotoları verilir.  Və çox olduqlarından bir-bir adlarını çəkmək mümkün deyil. Düşünürəm ki, kiminsə adı çəkilməsə, onu incidərik... 10 min səhifəlik istintaq materialları əsasında hazırladığım o kitabın hər cümləsi, hər sözü, hər vergülü, hər nöqtəsi üzərində düşünmüşəm ki, sabah kimsə məni hansısa haqsızlıqda ittiham edə bilməsin...

-Sizə elə gəlmir ki, mitinqlərin ilk günü milisin bəzi yerlərdə (“Moskva” mehmanxanası, Sabir bağı və s.) yüngül müdaxiləsinə rəğmən digər günlərdə hakimiyyət hərəkatın qarşısını ciddi şəkildə almağa çalışmırdı. Sanki həm Moskvadakı, həm də respublikadakı bəzi qüvvələrə belə bir hərəkatın başlanması sərf edirdi. Mən özüm də o vaxt indiki Slavyan Universitetinin tələbəsi kimi şahidi oldum ki, noyabrın 18-də biz institutun yüzlərlə tələbəsi ilə birlikdə meydana qədər bir neçə kilometrlik məsafəni heç bir müqavimətə rast gəlmədən, əksinə, o vaxtkı milislərin, o cümlədən yol milisinin müşayiəti ilə çox rahatlıqla gəldik...

-Doğrudan da ilk gündə hərəkatın başlanmasına xeyli müqavimət oldu. Həmin gün, yəni 1988-ci il noyabrın 17-də Azadlıq meydanına gedincə milislər 6 yerdə bizim qarşımızı kəsdilər. Bir neçə dəfə mənə də zərbə vurdular, huşumu itirdim. Səhər saat 8-dən Sabir bağında yerdə oturduq. Sonra, nəhayət,  Meydana girə bildik. O vaxt yalnız Bakıya Azərbaycan milisi nəzarət etmirdi, Rusiyadan, Omsk şəhərindən daxili qoşunlar da gətirilmişdi. Yəni Moskvada da əvvəlcədən bilirdilər ki, biz mitinq edəcəyik və xüsusi xidmət orqanları da, milis də bizə, hərəkata ciddi nəzarət edirdi, daim bizi izləyirdilər. Biz həmişə gizli toplansaq da, aramıza agentlər salırdılar. Və bəzi məsələlərdən xəbər tutanda iş yerlərində bizlərə təzyiqlər edilirdi. Bəli, yalnız biz alimlərin, Universitetin tələbələri deyil, digər universitetlərin də tələbələri hərəkata qoşulduqdan sonra hökumət də, milis də başa düşdü ki, artıq minlərdən yox, yüz minlərdən söhbət gedir və bu axının qarşısını almaq mümkün deyil. Ona görə də hərəkata müqavimət göstərməkdən çəkindilər... 

-İlk günlər sizin  və digər alim və tələbələrin təşkilatçılığı Bəxtiyar Vahabzadə, Ziya Bünyadov kimi ziyalıların çıxışlarıyla başlanan mitinqlərin sonrakı günlər zavod fəhləsi Nemət Pənahlı və tərəfdarlarını təzyiqi ilə onların idarəçiliyinə keçməsi də şübhəli deyildi?

-Nemət Pənahlı özü istintaqda etiraf elədi ki, mən Meydan hərəkatından qabaq belə instruktaj ediblər, mən söz vermişdim. Hamısı istintaq sənədlərində yazılıb. Nemətin tərəfdarları Meydana nəzarətə ələ keçirdikdən sonra orada insanlardan millyonlarla rubl məbləğində pul toplandı. Onlara inanan xanımlarımız nişan üzüklərini, boyunbağılarını verdilər... Həmin Nemət pulları, qızılları götürüb əvvəlcə Naxçıvana qaçdı. Bu barədə Fərəc Quliyevin “Missiya” adlı kitabında da yazılıb. Naxçıvanda Nemət qızılları bir zərgərə satıb, sonra pulun azlığı-çoxluğu üstündə aralarında dava düşüb. Mən “Meydan sirləri” kitabını çapa hazırlayanda, hüquq-mühafizə orqanlarının arxivlərində axtarış aparanda  Nemət Pənahlının özünün vəkili Ramiz Zeynalov mənim  məmurlarla, hakimilərlə bir az çəkinə-çəkinə danışdığımı görüb deyirdi ki, meydanda hər şeyi sən başlatmısan, hər işi sən görmüsən – nədən utanırsan...

Bəli, o günlərdə aydın oldu ki, hökumət hər şeyə nəzarət edir, iki gündən sonra Nemət Pənahlı tribunaya çıxanda artıq məni heç meydana da buraxmadılar...

-“Meydan sirləri” kitabında hələ 1988-ci ilin mayında Estoniya Xalq Cəbhəsinin proqramının kopiyalanması əsasında hazırlanmış Azərbaycan Xalq Cəbhəsinin proqramını rəhmətlik akademik Ziya Bünyadova təqdim edəndə onun bir neçə gündən sonra həmin sənədi sizə qaytararaq “Yaxşı şeydir, ancaq bizə aid deyildir” söylədiyini yazırsız. Bu günlərin prizmasından yanaşdıqda görkəmli ziyalımızın niyə elə deməsini necə izah edə bilərsiniz?

-Bəli, illər sonra mən rəhmətlik Ziya Bünyadovun nə demək istədiyini anladım... Bilirsiz, artıq bunu gizlətmək mümkün deyil. Estoniya xalqı ilə o vaxtkı Azərbaycan xalqını bir tərəziyə qoymaq mümkün deyildi axı... Hamımız gedirdik, gəlirdik, oradakı real vəziyyəti görürdük...  Və müstəqilliklərini əldə etdikdən sonra Estoniya məmurları sübut etdilər ki, onlar doğrudan da müstəqilliyiə layiqdirlər. Kəhrəbadan başqa heç bir dəyərli təbii sərvəti olmayan bu ölkə iqtisadiyyatda “Estoniya möcüzəsi” yarada bildi. Amma biz....

Maraqlıdır ki, məni dindirən müttəhimlərdən biri Estoniyadan idi. Mən ona deyirdim ki, biz də Rusiya imperiyasının müstəmləkəsiyik, siz də - bəs bir-birimizi  nə vaxt başa düşəcəyik... Amma ədalət naminə deyək ki, o, istintaqı mümkün qədər obyektiv aparmağa çalışırdı və buna görə də Moskva onu töhmətləndirirdi. Həmin eston müstəntiq istintaq zamanı evimdə də axtarış aparmışdı. Və həmişə mənə deyirdi ki, sən belə bir şəraitdə yaşaya-yaşaya xalqın üçün nələr edirsən...

-Necə hesab edirsiz, Meydan Hərəkatından keçən son 36 il müddətində o zaman üçün ən azı səkkizdə birinin toplandığı Azərbaycan xalqı  ürəyindən keçənlərin hamısına nail oldumu? Başqa sözlə biz milli baxımdan tam dirçələ bildikmi?

-Əlbəttə, biz hələlik sərhədlərimizi sovet Azərbaycanı çərçivəsində bərpa etdik. Amma inanırıq ki, gec-tez o taylı-bu taylı Bütöv Azərbaycanın da bərpasının zamanı gələcək. O günlərin də cəsur, fədakar oğul-qızları meydanlara çıxacaq... Bir də biz istəyərdik ki, Milli Dirçəliş Gününü, Meydan hərəkatının ildönümlərini təntənə ilə, geniş zallarda meydanlarda qeyd edək...

Və bütün problemlərə baxmayaraq bizlər, Azərbaycan xalqı yenə naümid deyil. Biz gələcəyə yenə də böyük ümidlərlə baxırıq...

Seçilən
11
hafta.az

1Mənbələr