AZ

Bakı Təşəbbüsünə dair yüksək səviyyəli iclas keçirildi - FOTOLAR

Noyabrın 18-də COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, COP29 Sədrliyi, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, UNICEF, Asiya İnkişaf Bankı və Yaşıl İqlim Fondunun dəstəyi ilə iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsünə dair yüksəksəviyyəli iclas keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, birgə iclasın əsas məqsədi insan inkişafına investisiya qoyulmasının iqlim dayanıqlılığının təmin edilməsində mühüm əhəmiyyətini vurğulamaq olub.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, ilk dəfə olaraq COP Sədrliyi çərçivəsində ev sahibi ölkənin təşəbbüsü ilə İnsan İnkişafı Günü müəyyən edilib.

Tədbirin açılışında çıxış edən COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçı Rəfiyev bildirib ki, qlobal iqlim probleminin ən kritik və bir-biri ilə əlaqəli olan aspektlərindən sayılan insan inkişafı təhsil, səhiyyə, sosial müdafiə, bacarıqlar və məşğulluq kimi sahələri əhatə edir. Yalçın Rəfiyev iqlim dəyişikliyinin həyatımızın hər tərəfinə – sağlamlığa, təhsilə, əmək bazarına və ən əsası gələcək nəsillər üçün mövcud olan imkanlara təsir göstərdiyini qeyd edib. Onun sözlərinə görə, qlobal istiləşmə ilə bağlı çağırışlara cavab vermək üçün insan inkişafına sərmayə qoyulmalıdır və bu investisiya həyatın ən erkən mərhələlərində başlamalıdır ki, uşaqların və gənclərin təhsil, səhiyyə və bacarıqların inkişafı yolu ilə güclənməsi təmin edilsin. Bu investisiya təkcə dayanıqlılığa aid deyil, həm də iqlim dəyişikliyinin təsirlərinin azaldılması səylərini əhatə etməlidir.

Yalçın Rəfiyev iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsündən danışaraq bildirib ki, bu təşəbbüs insana yönümlü iqlim fəaliyyətinə sadiqliyimizin təbii davamıdır: “Təşəbbüs sektorlar üzrə qlobal əməkdaşlığı gücləndirəcək, investisiyaları səfərbər edəcək və insan inkişafının iqlim strategiyamızın əsas sütunu olmasını təmin edəcək çoxşaxəli və vahid yanaşma tələb edir. Bakı Təşəbbüsünün mərkəzində insan inkişafı və iqlim fəaliyyətinin ayrı-ayrı məqsədlər deyil, bir-birini gücləndirən məqsədlər olduğuna inam dayanır. Təşəbbüsün digər məqamı isə ekoloji savadlılığın təhsilin əsas məqsədinə çevrilməsini təmin etmək üçün qlobal əməkdaşlığı inkişaf etdirməkdir”.

Yalçın Rəfiyev iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Rəhbər Prinsiplərini elan edib. O bildirib ki, bu prinsiplər iqlim strategiyalarında insan inkişafı üzrə fəaliyyətin istiqamətləndirilməsi üçün əsas rol oynayacaq, iqlimlə bağlı fəaliyyətin əsas hərəkətvericiləri kimi bu sahələrdə inteqrasiya olunmuş yanaşmanı təşviq edəcək.

Birgə iclasın əsas mövzularından biri olan iqlim dayanıqlılığının təmin edilməsində təhsilin rolu çərçivəsində aparılan müzakirələrdə gələcək nəsillərin iqlim problemləri ilə mübarizə üçün zəruri bilik və bacarıqlarla təmin edilməsi məqsədilə “İqlim dostu” tədris proqramlarının hazırlanmasının vacibliyi qeyd edilib.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, dayanıqlı cəmiyyət fərdlərin ətraf mühit çağırışları qarşısında uyğunlaşması üçün lazımi bilik, bacarıq və dəstək sistemləri ilə təmin edilməsidir. Nazir qeyd edib ki, Bakı Təşəbbüsü gəncləri iqlim dəyişiklikləri ilə mübarizədə davamlı tədbirlərin fəal iştirakçıları kimi gücləndirməyi hədəfləyir.

Emin Əmrullayev tədbir çərçivəsində Azərbaycan Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə ətraf mühit savadlılığı ilə bağlı biliklərin ölçülməsini təklif edib. Bu təşəbbüs Azərbaycanın qlobal iqlim təhsili standartlarına dəstəyinin göstəricisi kimi qiymətləndirilib.

Birgə iclasda, həmçinin məktəblərdə iqlim şüurunun artırılması, müəllimlərin bu sahədə hazırlanması, iqlim dayanıqlı təhsil sistemlərinin qurulması kimi məsələlər müzakirə edilib. Bununla yanaşı, tələbələrin yaşıl iqtisadiyyat üçün zəruri bacarıqlara yiyələnməsi məqsədilə strateji yanaşmalar təqdim olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında bildirib ki, nazirliyin əsas prioritetlərindən biri işçi qüvvəsinin bacarıqlarının əmək bazarının dəyişən tələblərinə uyğun davamlı inkişafına nail olmaqdır. Nazir moderatorun – “LinkedIn”in davamlılıq və işçi qüvvəsi siyasətinin rəhbəri Efrem Bayserin işçi qüvvəsinin əmək bazarının ehtiyaclarına uyğun bacarıqlara yiyələnməsi, habelə yaşıl bacarıqların inkişaf etdirilməsi sahəsində görülən işlərə dair suallarını cavablandırıb.

Sahil Babayev qeyd edib ki, 2021-2024-cü illər ərzində nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə ümumilikdə 1600 peşə təlimi kursu təşkil edilib. Nazir növbəti illərdə bu sahədə peşə təhsili mərkəzləri, dövlət və özəl tədris müəssisələri ilə əməkdaşlıq şəbəkəsinin daha da genişləndiriləcəyini diqqətə çatdırıb.

Panel müzakirələrində həmçinin İtaliya, Niderland, Böyük Britaniya, Braziliya və digər ölkələrdən qurum rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri fikirlərini ifadə ediblər.

Seçilən
34
1
operativmm.az

3Mənbələr