Bütün dünyanın diqqəti Azərbaycana, paytaxt Bakıya yönəlib. Azərbaycan COP29-a ev sahibliyi edir. 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Coğrafi əhatəsi və iştirakçıların sayı baxımından ən böyük beynəlxalq toplantıdır. Belə mötəbər tədbir üçün məkan olaraq məhz Bakının seçilməsi onu göstərir ki, Azərbaycan milli səviyyədə ekoloji-iqlim problemlərinə ciddi yanaşmaqla yanaşı, həm də iqlim gündəyindəki fikir ayrılıqlarının beynəlxalq səviyyədə effektiv həlli üçün platforma ola biləcək bir ölkə kimi yüksək beynəlxalq nüfuza sahibdir. Bu sammit dünya liderlərini bir araya gətirərək, planetin gələcəyinə dair kritik qərarların müzakirə edildiyi bir məkandır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu platformada iştirakı və çıxışı, ölkənin iqlim dəyişikliyi ilə mübarizədə artan rolunun bariz nümunəsidir. İqlim dəyişikliyi ilə mübarizənin yalnız bir neçə ölkənin deyil, bütün dünyanın birgə səyləri ilə həll edilə biləcəyini xüsusilə qeyd edən dövlət başçısının çıxışı Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi önəmi və ölkənin enerji siyasətindəki yaşıl texnologiyalara yönəlmiş strategiyalarını əhatə edir. Ölkənin COP29-a ev sahibliyi etməsi, Azərbaycanın qlobal ekoloji problemlərin müzakirəsi və həllində oynadığı fəal rolu göstərir. Cənab İlham Əliyev, COP29 Liderlər Sammitində Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə təşəbbüslərini və yaşıl enerji sahəsində atılan konkret addımları təqdim edib. Bu, ölkənin enerji balansını tənzimləmək və ekoloji tarazlığa nail olmaq üçün atılan strateji addımlarının bir hissəsidir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın "Yaşıl Enerji Zonası" təşəbbüsünü xüsusi vurğuladı. Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən bu layihələr Azərbaycanın iqlim hədəflərinə çatmasında mühüm rol oynayır. Bu ərazilərdə bərpa olunan enerji mənbələrindən (külək və günəş enerjisi) geniş istifadə nəzərdə tutulur. Azərbaycan külək və günəş enerjisi kimi bərpa olunan enerji sahələrinə böyük sərmayələr yatırır. Bu, ölkənin karbon emissiyalarını azaltmaqla yanaşı, enerji ixracında dayanıqlı mənbələrdən istifadə etməsini təmin edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını məqsəd kimi qarşıya qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
2020-ci ilin payızında Azərbaycan müqəddəs savaşla öz ərazi bütövlüyünü bərpa edəndə və 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyimiz lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində suverenliyimizi təmin edəndə Qərb dünyası ölkəmizə qarşı ən müxtəlif üsullarla təhdid siyasətini var gücü iə işə salmış, bizi qınaq obyektinə çevirərək qarayaxma kampaniyasına start vermişdi. Bütün bunların fonunda bu gün 200 ölkənin yekdil qərarı ilə COP29-un Bakıda keçirilməsi göstərir ki, onların tutduqları yol qərəzə və ikili standartlara söykənir. COP29-a sədrliyi dövründə Azərbaycana qarşı aparılan “qara piar” kampaniyasından danışan cənab İlham Əliyev qeyd edib ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var. Bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”. Prezident İlham Əliyevin bu bəyanatı beynəlxalq iqlim tədbirlərinin siyasi tərəflərinə işıq salır və Azərbaycanın həmin sahədə üzləşdiyi maneələrə qarşı mövqeyini göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, bəzi Qərb ölkələrindəki siyasətçilər, dövlətin nəzarətində olan QHT-lər və yalan xəbərlər yayan media orqanları, ikili standartlardan istifadə edərək, müxtəlif ölkələrə qarşı təzyiq göstərməyi və nüfuzunu aşağı salmağı özlərinin fəaliyyət üsulu kimi mənimsəyiblər. Bu mövqe, Azərbaycanın qlobal ekoloji təşəbbüslərinə qarşı yönəlmiş əsassız təzyiqlərin və boykot təşviqlərinin tənqidinə əsaslanır.
Digər bir amil isə dünyanı təhdid edən ən müxtəlif problemlərin müzakirə meydanı kimi həmişə bütün tərəflər üçün faydalı və dəyərli təşəbbüslərlə çıxış edən Azərbaycanın nüfuzlu beynəlxalq platformaların səmərəli fəaliyyətinə münasib şərait yaratmaq imkanları ilə bağlıdır. İstənilən tədbirin məhsuldar nəticələri bütün nöqteyi-nəzərləri dinləməyə, onlardan ortaq məxrəc çıxarmağa və bu əsasda tərəflərə uyğun həll təklif etməyə qadir olan vasitəçi kimi ona ev sahibliyi edən ölkənin imicindən çox asılıdır. Bu baxımdan Bakının çoxlarına nümunə ola biləcək böyük səriştəsi və təcrübəsi vardır. Azərbaycan, beynəlxalq iqlim razılaşmalarına sadiq qalaraq, Avropa və Asiya ölkələri ilə enerji sahəsində strateji tərəfdaşlıqlar qurur. Bu, regionda dayanıqlı enerji təchizatının təmin olunmasına və iqlim dəyişikliyi ilə mübarizədə kollektiv səylərin güclənməsinə şərait yaradır. Bu cür layihələr Azərbaycanın qlobal səhnədə dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə üzrə lider rolunu gücləndirir. Azərbaycanın gələcək hədəfləri iqlim dəyişikliklərinin təsirlərini minimuma endirmək və dünyada yaşıl enerjinin inkişafına liderlik etməkdir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri