AZ

"Müharibə ABŞ-ın Rusiyaya təklif etdiyi şərtlər çərçivəsində dayandırıla bilər" - Politoloq

"Tramp seçki kampaniyasının gedişində Ukrayna-Rusiya müharibəsini dayandıracağı və münaqişənin doğurduğu səbəblərin həlli istiqamətində tərəflərlə danışıqlar aparacağını bəyan etmişdi". 

Bunu Milli.Az-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, ABŞ-da yeni hökumətin tərkibi ilə bağlı təyinatlar Trampın bu bəlli problemi məhz danışıqlar yolu ilə həll etmək qərarından xəbər verir. 

"Onun müdafiə, mərkəzi kəşfiyyat, dövlət katibi, həmçinin prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifələrinə təyin etdiyi şəxslər "müharibə partiyasının" tərəfdarları deyillər. Bundan əvvəl tutduqları vəzifələrdə demokratların Ukrayna siyasətini tənqid etmiş, Ukraynaya hərbi və maliyyə yardımlarının həcminin azaldılmasına çağırış etmişdilər. Həmçinin, ABŞ tərəfindən maliyyənin kəsiləcəyi təqdirdə müharibə rejiminin davam etdirmək üçün resursları qısa zamanda tükənəcək. Bu mənada Trampın Zelenskiyə təsir imkanları da kifayət qədər böyükdür. Əlbəttə, müharibənin dayandırılması ABŞ-ın Rusiyaya təklif etdiyi şərtlər çərçivəsində baş tuta bilər və bu zaman Rusiyanın şərtlərinin nəzərə alınması zərurəti yaranacaq. Bu isə referendum yolu ilə Rusiyanın tərkibinə daxil olmuş ərazilərin Rusiyaya məxsusluğunun Kiyev və kollektiv Qərb tərəfindən tanınması, həmçinin hazırda hərbi əməliyyatların getdiyi Şərqi Ukrayna torpaqlarının sonrakı mükəddəratı ilə bağlı məsələlər, nəhayət, Ukraynanın öz bitərəfliyini elan etməsi ola bilər".

Politoloq qeyd edib ki, Tramp iqtidarı dövründə müharibələrə yol verməyəcəyini bildirsə də, onun İsrailə hərbi və maliyyə dəstəyinin artırılması ilə bağlı mövqeyi Yaxın Şərqdə böhranın səngiməsinə deyil, əksinə, daha da dərinləşməsinə səbəb ola bilər.

"Trampın siyasətçidən daha çox biznesmen düşüncə tərzi isə onun xarici siyasəti barədə birmənalı proqnozlar verməyi çətinləşdirir. Hər halda nəzərə almaq lazımdır ki, Rusiyanın baş diplomatı Sergey Lavrov Trampın iqtidarı dövründə ABŞ-ın Ukrayna böhranına münasibətində ciddi dəyişikliklərin olmayacağını bildirib".

Aysel Əkbər
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
7
milli.az

1Mənbələr