AZ

“Titanik”dəkiləri xilas edən gəmi kapitanın saatı 2 milyon dollara satıldı


“Titanik”in 700-dən çox sərnişinini xilas edən “Karpatiya” gəmisinin kapitanı Artur Henri Rostronun qızıl cib saatı 2 milyon dollara (1,6 milyon funt-sterlinqə) satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC telekanalı “Henry Aldridge and Son” hərrac evinə istinadla məlumat yayıb.
Məlumata görə, 18 karatlıq qızıldan hazırlanmış “Tiffany” saatı Rostrona 1912-ci ildə xilas etdiyi “Titanik”in sağ qalan sərnişinləri tərəfindən hədiyyə edilib. Söhbət gəmi qəzası nəticəsində dünyasını dəyişən iş adamları Con Ceykob Astor, Con Teyer və Corc Uaydenerin dul arvadlarından gedir.
Saatın üzərində “Kapitan Rostrona ürəkdən təşəkkür və minnətdarlıq hissi ilə hədiyyə olundu” yazısı həkk olunub. Saat Rostrona Astorların Nyu-Yorkdakı malikanəsində təqdim edilib.
Saat ABŞ-dən şəxsi bir kolleksiyaçı tərəfindən alınıb. BBC-nin məlumatına görə, bu, “Titanik”lə əlaqəli bir əşya üçün indiyə qədər ödənilmiş ən yüksək qiymətdir. Əvvəlki rekord aprel ayında “Henry Aldridge and Son” hərrac evində Astorun qızıl cib saatı 1,2 milyon funta satıldığı zaman qeydə alınıb.
“Titanik” ilk və son səyahətinə 10 aprel 1912-ci ildə İngiltərənin Sauthempton şəhərindən yola düşüb. Aprelin 14-dən 15-nə keçən gecə Şimali Atlantika akvatoriyasının sularında aysberqlə toqquşub və 2 saat 40 dəqiqədən sonra batıb. Qəza nəticəsində 1,5 minə yaxın insan həlak olub, 712 sərnişin və ekipaj üzvü xilas olub. Gəminin qalıqları yalnız 1985-ci ildə Nyufaundlend sahillərindən təxminən dörd kilometr dərinlikdə aşkar edilib.
“Titanik”dən ilk qəza siqnalı alan “Karpatiya” gəmisi olub. Faciə yerinə ilk gedən gəmi fəlakətdən sağ çıxanların hamısını göyərtəsinə götürüb. Gəminin özü 1918-ci il iyulun 17-də Birinci Dünya Müharibəsi zamanı İrlandiya sahillərində alman sualtı gəmisi U-56 tərəfindən atılan üç torpedanın vurulması nəticəsində batıb.


Seçilən
16
1
yeniavaz.com

2Mənbələr