AZ

Rauf Əliyev: “Santuş çox şey deyir, amma düzgün yolda deyilik” – MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyevin İdman.biz saytına müsahibəsi

- Yığmamız Millətlər Liqası çərçivəsində Estoniyaya qolsuz heç-heçə etdi. Sizcə, qələbə üçün nə çatmadı?

- İlk oyundakı kimi qol epizodlarımız oldu. Fikrimcə, komandada son nöqtəni qoyan çatmırdı. Daha da çox cərimə meydançasına daxil olsaydıq, fərqlənmək şansımız artardı.

- Matçda Mahir Emreli cəza səbəbindən oynamırdı. İsveçlə qarşılaşmada onun dönüşü nə dərəcədə faydalı ola bilər?

- Mahir meydana çıxacağı halda belə İsveçə qarşı şanslar azdır. Amma onunla yanaşı, Renat Dadaşov da estonlara qarşı mübarizə aparsaydı, millimiz daha üstün olardı. İsveç isə yığmada kiminsə nəsə edəcəyinə inanmıram.

- İsveçin artıq B liqasına vəsiqəni təmin etməsi matçın taleyinə necə təsir edəcək?

- Onların oyuna rahat çıxacağına inanmıram. Fikrimcə, İsveç matça ciddi yanaşacaq. Yığmamız üçün çox çətin olacaq.

- D liqasına yuvarlanacağımız istisna edilmir. Hazırkı durumu necə dəyərləndirərdiz?

- Aşağı liqaya düşəcəyiksə, bu, fiaskodur. Millimiz bu qrupda xallar qazana bilərdi. D liqasına enəcəyiksə, deməli, orda olan rəqiblərdən seçilmirik. Biz də zəifik. Yaxşı olsaydıq, belə hala düşməzdik.

- Millinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş düzgün yolda olduğumuzu deyir. Bu fikirlə nə dərəcədə razısız?

- O çox şey deyir, amma düzgün yolda deyilik. Belə olmasaydı, D liqasına düşməzdik, xallar qazanardıq. Estonlara qarşı hər 2 oyunda qalib gəlmək şansızım var idi, bunu bacarardıq, digər rəqiblərdən də xal almaq mümkün idi. Fikrimcə, hazırkı düzgün yol deyil.

- Bəs düzgün yol hansıdır? Bunun üçün yığmaya Santuşu gətirməyə ehtiyac var idi?

- Nəticələrə baxıb, demirəm. Bundan əvvəl də bildirmişəm ki, bizə müasir, gənc və daha çox yerli məşqçi lazımdır.

- Onda günah məşqçi seçimindədir?

- Əlbəttə, futbolçularda da günah var. Uğursuzluğun səbəblərindən ilki onların istəksizliyidir. Milli komandada can qoymalısan. 2-3 futbolçunun istəyi yığma üçün bəs etmir. Düşərgədə olan 22-24 oyunçunun hər biri belə olmalıdır. Amma bizim matçlarda bunu o qədər də görmək mümkün deyil. Problem birinci futbolçulardan, sonra isə məşqçidən qaynaqlanır.

Emin Ağa
İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr